Vurğunam, aşiqəm...
Vurğunam, aşiqəm, gəncəm, cavanam,
Qəlbimdə həm arzu, həm hicran, həm qəm.
Bir yaşıl, sehirli ağcaqayınam,
Elə sənə sarı əyiləcəyəm.
Külək yarpaqların keçər üstündən,
Titrər yalvarışdan ağacın kökü.
Sənin ulduzlara baxan gözündən,
Ətirli göz yaşı axar zər kimi.
Tez-tez göy çadıra durub gələrsən,
Yuxulu günlərdə, solğun günlərdə.
Baxaram mehriban libasına mən,
Susaram heyrətli düşüncələrdə.
Sən mənə vurğunsan, mən sənə vurğun,
Sehirli gününəm, sirli ayınam.
Səninlə bilmirəm nə qəm, nə qorxu,
Səninlə bir yaşıl ağcaqayınam.
(Tərcümə: Cabir Novruz)
Bağışla
Hamıdan gözəl idin,
Hamıdan etibarlı,
Daha dil tökmə mənə
Daha yalvarma mənə.
Qaraçı nəğməsitək
Uçur ömür qatarı
Sovuşan günlərimtək
Çətin geriyə dönə.
Keçdi, getdi, ötüşdü,
Nə ki, qəlbə əzizdi.
İrəlidə naməlum yollar
Durar, bağışla.
Xeyir-dua verirəm,
Unudulmaz əzizim
Cavanlıq nə hay verər,
Nə qayıdar, bağışla.
(tərcümə: Eyvaz Borçalı)
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!