Vətən
Ən gözəl pərvazım - başının üstdə,
Ən gözəl ölümüm - dizində, Vətən!
Özün sınağa çək məni bu sözdə,
Hökm də sənindir, izn də, Vətən!
Zəhərə dönübdü bu hava, bu su,
Bitib-tükənməyən ağrın, acın var.
Olsun, haqqı-sayın haramım olsun -
Neçə ki, qisasa ehtiyacın var.
İgid oğulların demə ələnmiş,
Hazıram uğrunda yüz dəfə ölüm.
Yaran bitişincə, qana bələnmiş
Lalə bitirəcək çəmənim, çölüm.
Məni əsgərlərin sırasına yaz,
Olum öz yurdumun səngər şairi.
Bircə misrası da xalqı yarıtmaz
Qeyrət tərpətməsə əgər şairi.
Göz dağı olmasam, gözümdən olum,
Üzünə yad kimi baxana, Vətən!
Sınsın dar ağacı olmayan qolum,
Səni yandırana, yaxana, Vətən!
Bələdçi gözündə gör, heç olmasa,
Yaxşı tanıyıram o dağı, düzü.
Mənə bir qumbara ver, heç olmasa,
Bir düşmən postunu dağıdım özüm.
...Ən gözəl pərvazım - başının üstdə,
Ən gözəl ölümüm - dizində, Vətən!
Özün sınağa çək məni bu sözdə,
Hökm də sənindir, izn də, Vətən!
Lövhə
Uzun əllərini uzatdı yağış,
Yerə bulud-bulud su atdı yağış,
Günəşin telini islatdı yağış,
Şəfəqlər asıldı göyqurşağından.
Talaya, cığıra səpildi bütün,
Çalaya-çuxura təpildi bütün,
Üzümüz-gözümüz öpüldü bütün,
Şəfəqlər asıldı göyqurşağından.
Dilim buludları çaşdı, qınadı,
Dedim kəpənəyin yaşdı qanadı.
Yeddirəng qaysağı qopdu, qanadı...
Şəfəqlər asıldı göyqurşağından.
Vəfasız bir qızın suçuna yağdı,
Çiyninə, başına, saçına yağdı,
Tutaş kirpiyinin ucuna axdı...
Şəfəqlər asıldı göyqurşağından.
Bir məktub yazmışdım, pozuldu xəttim,
Elə əvvəlindən uğuru bəddim.
Ulu Yaradana dualar etdim,
Şəfəqlər asıldı göyqurşağından.
Əlvan duyğuları günəşə sərdim,
Sonra misra-misra bu şeiri dərdim.
Əlacım olsaydı, tutub öpərdim -
Şəfəqlər asıldı göyqurşağından.
Ay qərib
Dostum Səməd Hüseynoğluna
Qulağında kaman səsi, ney səsi
Qərib-qərib nə gəzirsən, ay qərib?
Zəqqutunmuş yad bağların meyvəsi,
Dərib-dərib nə gəzirsən, ay qərib?
Yamanlama düşərgəni, binəni,
İstəməzlər dönəlgəsi dönəni.
Möhnətlərə, zillətlərə sinəni
Gərib-gərib nə gəzirsən, ay qərib?
Fələk səni əzəl başdan qarğıyıb,
Geri gedən yollarını bağlayıb.
Kor bəxtini gecə-gündüz ağ yuyub,
Qara sərib nə gəzirsən, ay qərib?
Dünya ki var, haçalara bölünüb,
Paralara, qıçalara bölünüb.
Yurdun-yuvan hecalara bölünüb,
Hərif-hərif nə gəzirsən, ay qərib?
Həsrət sənə "Yetim Segah" oxudar,
İtib gedib qalanların çoxu da.
Gözlərindən qaçaq düşüb yuxu da,
Müxtəsəri, nə gəzirsən, ay qərib?
Düşəndə
Mən bəxtimin ərköyünü deyiləm,
Alışqanam döyəclənəm, döyüləm.
Öz-özümə nə eybi var, deyirəm,
Xoşbəxtliyi xəyal eylə... düşəndə.
Babalarım Qurbanalı, Nəcəfxan,
El-obaya mərd qul olub, nəcib xan.
Mən özüm də əcəb xanam, əcəb xan-
Öcəşirəm xanla, bəylə... düşəndə.
Can atıram qanad açıb uçmağa,
Uçub, gedib uzaqları qucmağa.
Vay o gündən yer tapmayam qaçmağa
Bir araya neçə səylə düşəndə.
Ürəyimi elə üzür qayğılar,
Gözlərimdən qaçaq düşür uyğular,
Şeirimə alabəzək duyğular
Bir alaçiy ibarəylə düşəndə.
Dost dediyim car çəksə də sirrimi,
Heç yarımçıq saxlamıram virdimi.
Hicqırıram bulaqlarla dərdimi,
Hönkürürəm şəlaləylə... düşəndə.
İstəklərim isinməsə istimə,
Yana-yana kor oluram tüstümə.
Sanıram ki, toxundular şəstimə
Sözüm yerə yalan "hə"ylə düşəndə.
Əli, axtar, tap insanın xasını,
Xaslar silər qəmli qəlbin pasını.
Qızırqanma matəmini, yasını -
Düşmənə də halal eylə... düşəndə.
Qız göyə dartınır
Mələklər nə şirin dilə tutubdu, -
Kələklə bu qızı göyə çəkirlər.
Yerli olduğunu lap unudubdu,
Küləklər bu qızı göyə çəkirlər.
Səmənisayağı birdən boy atıb,
Get-gedə uzanan boyunan gedir.
Torpaqdan baş alıb, yerdən boy atıb
Qız göyə dartınır, göyünən gedir.
Yüz nazı, qəmzəsi, min ədası var,
Bu sayaq gedirsə, bir xətası var.
Göz dəyər, göydəcə vurula bilər,
Qanadı-inadı qırıla bilər.
Anası nə ürək eyləyib, Allah,
Çölə qoyarlarmı heç beləsini?
Yellənib hayınan, küyünən gedir,
Belə qoyarlarmı heç beləsini?
Quşlar qanadına alıb aparır,
Buludlar yanına salıb aparır,
Elə yuxarıdan gedir ki, vallah,
Göydə yaxalayar eşq beləsini.
Dönüb ucalara ucalan şara,
Küləknən oynayır zalımın qızı.
Eşqi topuğuna vurub aşkara,
Fələknən oynayır zalımın qızı.
Amandı, özünə qaytarın onu,
Özünə, sözünə qaytarın onu.
Bir az nəfəs dərsin, səngisin bir az,
Dünya dağılmaz ki... ləngisin bir az.
Qəribçilikdi
Sayəndə ölümü almışam satın,
Sayəndə ürəyim çilik-çilikdi.
Mənim həyatımla sənin həyatın
Qovuşa bilməyib, qəribçilikdi.
Gözümə baxmısan gözündə şimşək,
Qıvrılıb qalmışam qırılan simtək.
Sənə bənd olalı bir arzu-istək
Üzümə gülməyib, qəribçilikdi.
Sevda get-gəlində mən də varmışam,
Umuda yol ölçüb dərdə varmışam.
Ömrümə ikinci ad axtarmışam,
Ağlıma gəlməyib - qəribçilikdi...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!