Varmı
Bütün ölümlər vaxtsızdır,
Ölümün xoş vaxtı varmı?
Hər könülü oxşamağa,
Dünyanın boş vaxtı varmı?
İnsan mələkmi, bəşərmi?
Bir dənlə nurdan düşərmi?
Hər daş atan bəxtəvərmi?
Heç ömrün daş vaxtı varmı?
Bu ömür kimə yarıyıb?
Bədəndə ruhu qarıyıb,
Deyirlər, bəxti quruyub,
Bu bəxtin yaş vaxtı varmı?
Könlümcə qurmadım ömrü,
Mənzilə vurmadım ömrü,
Gəlincə Allahın əmri
Əcəlin çaş vaxtı varmı?
Bu dünya
Bir ucu gözümdür, bir ucu qəlbim,
Görümdən duyuma yoldur bu dünya.
Mən də bu yolları yurd bilib gəldim,
Bircə addımımla doldu bu dünya.
Gücünü göstərib özünü öydü,
Cığal uşaq kimi qəlbimə dəydi,
Boynumdan asılıb qəddimi əydi,
Sandım ki, bir sınıq qoldur bu dünya.
Qoymadı könlümcə qurum ömrümü,
Yaşaya-yaşaya yorum ömrümü,
Bu nakam ömrümü, yarım ömrümü,
Sığallayıb girov aldı bu dünya.
Qıcadı nəfsini ömrə dişbədiş,
Dərdi yetişməmiş, yedi bişməmiş,
Söz-sözə gəlməmiş, məqam düşməmiş,
Pöhrə ümidləri yoldu bu dünya.
Giley Müzəffərin qəbahətidir,
Sevgi qəlbimizin bəsirətidir,
Kainat Tanrının öz surətidir,
Müdrik çöhrəsində xaldır bu dünya.
Çəkir məni
Bir vaxt xəyalımı göylər çəkirdi,
İndi var gücüylə yer çəkir məni.
Doğuş da, həyat da, ölüm də sirdir,
Aşikar görünən sirr çəkir məni.
Dünya düşüncəmə, duyğuma sindi,
Çəkdim qayğıları könlüm isindi,
Bir zaman təklikdən qorxardım, indi
Cəmlərdən qaçıram, bir çəkir məni.
Yaşamaq eşqi də düşüb həvəsdən,
Nicat gözləyirəm bir son nəfəsdən,
Bir gün çıxacaqdır ruhum qəfəsdən,
Həyat zindanından hürr çəkir məni.
Bu dünya zülmətmiş, boğulur gözüm,
Bəsirət gözüdür xilaskar, çözüm,
Səbrim bələdçimdir, bir az da dözüm,
Əbədi, müqəddəs nur çəkir məni.
Köçkün
Gözünə görünməz itirdikləri,
Çəkər gecə-gündüz quru yurd onu.
Gəzər düşüncəli, qovar kədəri,
Pərişan üzünün açılmaz donu.
Gözləri yol çəkər, ürəyi nisgil,
Axıdar içinə dərdi-sərini.
Dayanar hamıdan kənarda, "küskün",
Tapammaz "qürbətdə" işin çəmini.
Məzəmmətli sanar, qınaqlı sanar,
Üzünə dikilən baxışları o.
Bircə sərt kəlmədən ürəyi sınar,
Boğar içindəki "yağışları" o.
Duyulmaz səsində giley, şikayət,
Yersiz danışmağı günah, ar bilər.
Didərgin salsa da onu xəyanət,
Yenə öz bəxtini günahkar bilər.
Gündə neçə kərə, neçə inamla
Səfər boğçasını yır-yığış eylər.
Çıxar həsbi-hala bəxtlə, zamanla,
Baisə - düşmənə hey qarğış eylər.
Ümidlə gözləyər hər gələn günü,
Qulağı şad xəbər sorağındadır.
Dinləyər diqqətlə hər sözü-ünü,
Yurda yeni səfər sorağındadır.
Götürməz
Öz yükünü özün daşı,
Bu dünya şələ götürməz.
Gözlərindən axan yaşı
Bir kimsə ələ götürməz.
Gözün tox, qəlbin dolusa,
Bəndəsən, Allah qulusan.
Getdiyin haqqın yolusa,
Əyri əmələ götürməz.
Sevgi ələm yanğısıdır,
Vüsalsız qəm yanğısıdır,
Bu od Kərəm yanğısıdır,
Bu dərdi lələ götürməz.
Həyatın hər cür üzü var,
Eniş-yoxuşu, düzü var,
Qəlbində ki, qəm izi var,
Ürəyin çilə götürməz,
Ömür yollarda əsirdir,
Hər yolun məramı sirdir,
Sonsuzluğun yolu birdir,
Hər yol əcələ götürməz.
Göz yaşı qardaşlığı
Qoxladım dənizi
Mavi bir çiçək kimi,
Oxşadım dalğaları
Bəyaz kəpənək kimi.
Bu mehrdən,
Bu nəvazişdən
Coşdu dəniz,
Daşdı dəniz.
Çoxdan qayğı gözləyən,
Şıltaq uşaq kimi,
Ərköyünləşdi dəniz.
Çıxa bilmədim,
Bu gözəlin
sehrindən,
Kövrəldi qəlbim
Dənizin bu mehrindən,
Dupduru göz yaşlarım
Bu qədər suyun içində
Tapdı dənizin
Göz yaşlarını,
Qarışdı dənizin
Mavi sularına,
İki damcı göz yaşlarıyla
Bu nəhəng dənizin
Göz yaşı qardaşı olduq...
İnsanlar bir-biriylə
qan qardaşı olduqları kimi...
Könlümə
Eşqlə dolu baxışları
Şəhla-şəhla düz könlümə.
Hər kəlməni bir mey kimi
Məlahətlə süz könlümə.
Həsrət verər ömrü bada,
Su çiləmə yanar oda,
Sevgin dərya, könlüm ada,
Qəvvas kimi üz könlümə.
Ümidlərim səndə qalıb,
Sevgin ilə içim dolub,
Ürəyindən yollar salıb,
Hər qoyduğun iz könlümə.
Anamsız
Dünya işığına həsrətdi anam,
Dünyanın işığı söndü anamsız.
Nə qədər sağ idi qoymadı sınam,
Qəddim də, qəlbim də sındı anamsız.
Həm sevincim idi, həm qəmim idi,
Könlümə yeganə həmdəmim idi.
Mənim kəhkəşanım, aləmim idi,
Gen dünya zindana döndü anamsız.
Ümid qaynağımdı, mehribanımdı,
Sevgisi, qayğısı can dərmanımdı,
Dərdimi açdığım tək ünvanımdı,
Yanar ürəyim də dondu anamsız.
Darıxa-darıxa ağlayır içim,
Bu qərib dünyadan hayana köçüm,
Azmışam, tənhayam necə yol seçim,
Yollarım dumandır, çəndir anamsız.
Bu ölüm həyatı gözümdən saldı,
Analı dünyamı əlimdən aldı,
Burda yaşamağa səbəbmi qaldı,
Göylər də başıma endi anamsız.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!