Söz ver ki, gələcəksən, amma gəlmə... - Rəsul Yunanın şeirləri Ümid Nəccarinin tərcüməsində

 

Yaxşı bir şeydir ümid,

cibindəki son qəpik kimi,

son bilet kimi,

sonuncu güllə...

sonuncu gəmi kimi.

Sonuncu qəpik qoymaz ki, sınsın qürurun,

izin verməz ümidsiz qayıdasan

            avtovağzaldan sonuncu biletin.

Sonuncu güllə qoymaz əsir düşsün əsgər.

Ümidli olan kəs

yoxsul deyil,

həmişə nə isə bir şeyi var.

Sonuncu gəmidən deməyi unutdum.

Sonuncu gəmi əgər gəlməsə də

qoymaz səfər və dənizin adı

                                   yaddaşından çıxa...

***

Sevirəm sonsuz caddələri,

geniş bağları sevirəm,

çağlayan çayları...

Bütün o filmləri sevirəm,

məhbuslar zindandan

                      qaçmağa nail olan filmləri...

Azadlığın qayğısındayam

Günəşi içməyin marağında.

Torpaq öpməyin,

məndə bir məhkum var əbədi məhbus,

qocalmış, əzgin...

Əlində bir lupa

qaçış üçün planı təkrarlayır...

***

Minanın üstünə basmışam ayağımı,

qımıldasam ölərəm.

Durduğum yerdə qalmalıyam

dünyanın sonunadək...

Müharibədə olan əsgərin

                        durumundayam dümdüz,

sənin yanında olarkən

gözəlliyinin yanında...

Hündürdən gülmürəm daha,

hündürdən danışmıram.

Daha dinləmirəm

küləyin səsini,

dənizi

quşu...

Asta gəlirəm... yavaş gedirəm,

yaşayıram səssiz-səmirsiz,

sən məndə yuxuya getmisən.

***

Söz ver ki, gələcəksən,

amma gəlmə...

Hər şey pozular gəlsən...

Daha zövqlə izləyə bilmərəm

dənizi... yolu...

Mən öyrənmişəm bu intizara,

Limanda, dayanacaqda addımlamağa...

Əgər gəlsən,

daha kimin yolunu gözləyim ki mən?

***

Kimsəyə borcum yox...

Barmaqlıqların arxasından keçən

bu Aydan başqa ki,

burdan keçməyə bilərdi.

...və başqa bir yerdə,

məsələn, bir xəyala aparan

                                    dənizin ortasında

milyonçu bir tacirin

            pəncərəsi şüşəsinə yapışa bilərdi.

Kimsəyə borcum yox...

Bu Aydan başqa ki,

səni xatırladır mənə.

Sən olmasaydın,

sən olmasaydın yoxuydu eşq,

eləcə də yaşamağa təmənna.

Sən olmasaydın

palçıqdan bir külqabıydı yer üzü,

hövsələsizlikləri söndürməyə bir yer.

Sən olmasaydın,

işsiz qalardım,

səni sevməkdən başqa

bir peşəm yoxdu bu dünyada.

***

Dəhşətli yağış yağır,

günəşli bir günortada.

Heç bir hadisə baş tutmayıb

yalnız sən getmisən...

amma mən and içə bilərəm ki, bu yağış

adi bir yağış deyil.

Böyük ehtimalla uzaqlarda

bir dənizi güdaza veriblər.

***

Qapını döyməz ölüm,

açarla açar qapını.

Qapını döysə ölüm,

ta o ölüm, ölüm deyil ki...

Bəlkə, vergi məmurudur,

ya poçt məmuru, ya da qonaq...

Siması dumanlıdır

və boğazında...

öskürür ölülər.

***

Adamlar keçir

Adamlar gözlerindən keçirlər

və hər birisinin kölgəsi

                       qəlbimin dərinliyinə düşür.

Heç ola bilərmi ki,

bu adamlardan biri sən olmayasan?

Bəlkə də, tanımıram elə səni,

yoxsa bu parlayan gözlərin bəziləri

Ola bilsin sənin gözlərindir...

***

Günlər dolub boşalır

çay fincanları kimi

günortalar kafelərdə,

amma nəsə dəyişmir...

Məsələn, bu ki,

sən masanın o tayında oturmuş olasan...

Hərdən, fincan yerə düşür

bizi xəyaldan oyadır...

***

Qaranlıq otaqda

siqaretimi yandırarkən

kibritin alovuna baxıram

və bu şeir yaranır zehnimdə.

Qaranlığa od vurmaq olmaz,

qaranlığı yandırmaq gərək.

Bu şəhərin üstünə yağan yağış

bir gecə İstanbula da yağacaq,

eləcə də, Londona,

Bakıya...

Hər harda olsan bir gecə

birinci görüşün xatirəsinə

sənin də ürəyin qırılacaq,

elə mənim ürəyim kimi.

O yağışın altında ki,

xatirə buludundan yağır...

***

Telefon zəng edəndə,

yəni unudulmamısan

nömrəni səhv yığsalar belə...

Əziz dostum,

bu dünyada elə insanlar var ki,

nömrələri belə səhv yığılmır...

***

Suvaq divara

adını közlə yazdım.

Sonralar

bir gəmi çəkdim,

balıqlarını yaratdım,

amma gəmi səni götürüb apardı,

tüpürdüm mavilərin üstünə...

Dənizləri sildim,

pozdum hər şeyi...

***

Kaş xatirələrdən ayrılmağa imkan olardı...

O zaman

daha səni heç şey incidə bilməzdi.

Məsələn, Ay

onu sənə xatırlatmazdı.

Qızılgül bir eşq hədiyyəsi deyil,

sahil də addımlayası yer deyil

Ağlamağa da yox...

Kaş xatirələrdən ayrılmağa imkan olardı.

***

Bilirdim ki,

daha ora geri qayıtmayacam.

Sonuncu şəkildə də gülümsədim,

düzəngahı bulağa tapşırdım,

dənizi buludlara

və onu Ayın əlinə.

Həm də tut ağacına tapşırdım

gözəl və şirin qalsın deyə.

Sonra

götürüb röyalarımı gəldim,

eləcə də kiçik Tülkümü

həmin bu Tülkü ki,

quyruğu şeirimdən çöldə qalıb.

***

Ta qarğanı

qartala bənzədə bilmirəm,

heyvanı əfsanəvi bir çırağa.

Çamadanını bağlamısan

və şairlik daha mənim işim deyil.

Arxanca

köhnə bir bina misalı yıxılıram içimə,

pozuram küçənin gözəlliyini...

***

Bir taksi istəyirəm

müsafir daşımağa,

bir taksi istəyirəm

bir müsafirlə yaxından danışmağa,

bir taksi istəyirəm...

Qoy düzünü deyim:

səni axtarıram

o müsafirlərin arasında...

Tərcümə etdi: Ümid Nəccari

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!