Qızılgül üstündə qar danəm...Birdənəm... - KƏRAMƏT - şeirlər

Qanad gətirməkdən

qorxan adamam

Onda kəndimizdə kəndimiz vardı

Duzumuz duz idi, qəndimiz vardı

Sözün and çağıydı - andımız vardı

Qanad gətirməkdən qorxan adamam.

 

Evlərin hər yeri çöllük-çəmənlik

Dünya nə mənlikdi, nə də ki, sənlik

Bu günə qalasan səni, bu günlük

Qanad gətirməkdən qorxan adamam.

 

Yaz idi, ya da ki...yazağzı idi

Dizəcən çəmənlik, çiçək azıydı

Ətirdən bihuşdum

Yamyaşıl dənizdə üzür, üzürdüm

Qanad gətirməkdən qorxan adamam.

 

Mən sənə nə deyim, ay yeni dünya

Ye də bu bazarı, doy, yeni dünya

Sonra da arxamca söy, yeni dünya

Qanad gətirməkdən qorxan adamam.

 

Yenə də, yenə də həmən uşağam

Bu bic doğulandan min mil uzağam

Həmişə, hər yerdə uduzacağam

Qanad gətirməkdən qorxan adamam.

 

Üzürdüm çəməndə, qaçır, qaçırdım

Adam olmağımın səddin keçirdim

Qanad gətirmişdim, uçur, uçurdum

o vaxtdan, o vaxtdan, o vaxtdan bəri

Qanad gətirməkdən qorxan adamam.

***

Salam, günəş

qapısına kilid vurulan

son dustaqxana,

son məhkum, əleyküm-salam.

Ziyarətinə gəlmişəm, tənha dağdağan,

Üzü, sözügülər şairlərə salam olsun

son dilənçilər, son yalançılar, talançılar

üstündə çiçək bitən səngər,

son əsgər, salam!..

***

Əziz dostlar

Biləsiz ki

mən sizinlə güldüm, getdim

elə sanmayın getmişəm,

mən sizinlə qaldım, getdim.

 

Rejissor da, rol ayrıdı

mənə ayrı rol ayrıldı

imtina etdim, ayrıldım

gülənlərə gülüb getdim.

Həyat özü zarafatdı,

kim nədisə, ona satdı

hamının başını qatdı

gedib-gəldim, gəlib-getdim.

Gecələr günəş doğur, xəbəriniz varmı heç

İçmək, yaddaşını

səkkiz yazan ayaqların

arasında itirmək

oxuduğun mahnı zümzümədən

mızıltıya dönüncə.

gündüzlər sönüncə

gecələr gündüzə dönüncə.

Kor barmaqların işıq dirəyində

düyməni basıb

göydə Günəşi, Ayı yanaşı yandırınca.

Allergiya verir adamlar, allergiya

gecəm gündüzə döndü

sübhəcən gəzirəm indi

kimsə yox... küçə itləridi

gecə quşları - fahişələr

polislər bir də

bir də mən -

gecəsi gündüzə dönən.

***

Əli göyə açılı

Dili dualım mənim

Halalım mənim

məni bu bataqlıqdan

dualar qurtara bilməz.

 

Sən oruclu, namazlı qadınsan

amma, Allah yox ki, Allah haqqı

əli mənə uzansın.

 

Sən öz inamınla

Yaşa imanınla

Aldanmaq, aldanmaq

"Səadət" deyilən budur, deyəsən

Dili dualım mənim

Halalım mənim.

***

Əlbəttə, gələcəksən

Əlbəttə, güləcəksən

Əlbəttə... (dilim gəlmir deməyə).

 

Günlərin bir günü

eskalatorda üzümə baxacaqsan

- Bu adam odur, - deyib

Növbəti dayanacaqda unudacaqsan.

 

Qalacaqsan, əlbəttə

Güləcəksən, əlbəttə

solacaqsan, əlbəttə.

 

Sənə gələnlər gələcək

Səndə gülənlər güləcək

Səndə solanlar solacaq

Sən...hardasa qalacaqsan, əlbəttə.

 

Ölkəm

Bir ovuc torpağam, bir qom günəşəm

Gəlsənə, qızınsana, yolçu,

yolun dolanbac,

səbircə uzun

qəbircə uzaq.

mənim ölkəmdə hər şey pulsuzdu

"utopik" - deyə bilərsən

öyə, söyə bilərsən

az adam yaşayır mənim ölkəmdə -

hamısı da mağaradan,

            qəbilədən qovulmuş, kafir

hamısı da mühacir

Öz-özünü qovanlar.

avtobusum, qatarım pulsuz -

Lüksemburq kimi.

toxum götürür ancaq

Nuhun gəmisi

Mənim ölkəmdə

millətçi, dinçi yox

Sənçi, mənçi yox

İnsançı var, İnsan var

Ölkəmin vətəndaşları

Torpaq, Günəş adamları.

***

Acı olur xəzəllərin tüstüsü

Şəkilləri xəzəllərə qatmışam

hava bumbuz

soyuq ocaq çatmışam

imisti evləri də xatirələr soyudar

budaqlara yaşıl yarpaq

(hamının gedəni gəldi)

bizlərin də gedənləri qayıdar

yaman olur

duman olur

xəzəllərin tüstüsü

acı olur, göz yaşardır

göz çıxardır xəzəllərin tüstüsü

əl dondurur, saç yoldurur

xatirənin istisi

ocaq sönüb, külə dönüb

..........................

yarpaq-yarpaq tökülür

gözlərinin yaşı da

burum-burum tüstülənir

ocaq başında

o şəkil - xəzəl adam.

Eşq qoxuyur

Nə geyinib süslənmisən

Əynin-başın eşq qoxuyur.

Sevincdən, ya dərddən ağla

Gözün yaşı eşq qoxuyur.

 

Pisliklər gəlməz eyninə

Nə geysən gəlməz əyninə

Girməzsən yerin qoynuna

yolun daşı eşq qoxuyur.

 

Baxışınla bir tor toxu

qoy heç yozulmasın yuxum

qalıb azı, gedib çoxu

Ahıl yaşı eşq qoxuyur.

 

Canım

İndi saat 2:30

Gedib gəzəkmi, canım?

Elə-belə yaşayaqmı

Birtəhər öləkmi, canım?

 

Oksfordda Melisam var

Meracım, çox-çox canım var

elə bilmə bir Sənim var

Məni böləkmi, canım?

 

Saat dedim, saat yox ki

Həyat dedim, həyat yox ki

Tazə yox ki, boyat yox ki

Gedək, gələkmi, canım?

 

Saçın

Bir üzün Ağ dənizdi, bir üzün Qara dəniz

Üzundə üzər saçın

içində sevda havası

üzündə süzər saçın.

 

Nə haldayam, nə halda

Yol yoldadı, mən yolda

Bakıda, İstanbulda

Əlimdə azar saçın.

Yenə də qan eylə, gül

dodaq dustağıdı dil

telini yan eyləgil

üzünü cızar saçın.

 

Yaşa, ölüm, yaşa

Sən çaqqal kimisən, həmişə çoxsan

mən də tək-tənhayam, sırf sevda kimi.

həmişə məğlubsan bu çoxluğunla

həmişə qalibsən səltənətinlə.

 

Sən kim olursan ol, bir zad deyilsən

bir ocaq isidən bir od deyilsən

şəkil misallısan, həyat deyilsən

oyna, gülüm, oyna.

 

Gəldi-gedərisən, heç bilmədin ki

fanisən, faniyə heç gülmədin ki

sən heç doğulmadın, heç ölmədin ki

yaşa, ölüm, ölüm, yaşa.

 

Adam belə-belə

çıxıb gedir də

Hamı ondan gedər, O da hamıdan

divarlardan şəklimiz

gedər başdaşına qonar

Sonra orda da solar

qəbrimiz qazılar qəbirlər üstdə

necə ki sevgimiz sevgidən doğulmuşdu

ürpənmə...həyat belə şey

özünü aldadıb yaşa

Özünü aldadan yaşındı hələ

öldürsən, üzünə güləcəm

birinci dəfə deyil ki, güldürürsən

birinci, sonuncu deyil ki

Sən məni öldürürsən.

***

Üzündə yozulmaz təbəssüm

göz yaşı donmuşdu

...bir də gördüyü yuxu

yarı-yarımçıq.

***

Səadət fəslidi payız

Pəncəmdə balıqlar üzür

saralmış adamlar tökülür budaqlarımdan

mətbəx gülür, amma

bir qadın şərqi oxuya-oxuya

...çay dəmləyirsə

gecəni nota düzüb

yatağında buludların üstündə

sevda havasına süzüb, özün bilirsən.

 

Əllərin əlimdə damcılayırdı

Qızılgül üstündə qar danəm

Birdənəm.

Əllərin donan sərçə qanadı

əllərin əlimdə buz bağlayırdı

əllərin əlimdə qan ağlayırdı

ömürlük həbs olunmuşdu

əllərimə əllərin.

 

Nə yaxşı əridi əllərin

mənim əllərim də azad oldular -

həbsxana gözətçiləri də həbsdədi axı

 

Əlimdə əridi

əllərim ağladı - damcıladı

əllərin ayaq gətirdi, qaçdı

yoruldu ağlamaqdan

Əllərim də kiridi.

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!