Həvvanın günahı çiyinlərində... - Bela KEBURİA - şeirlər

Bela Keburiya müasir gürcü poeziyasında seçilib sevilən şairələrdəndir. O ədəbiyyata səksəninci illərdə gəlib. 9 kitab və yüzdən çox ədəbi məqalə müəllifi, bir çox ədəbi mükafat laureatıdır. Şeirləri dünyanın müxtəlif dillərinə, o cümlədən ingilis, fransız, alman, rus, ukrayna dillərinə tərcümə edilib. Bela xanımın əsərləri azərbaycan oxucusuna ilk dəfə təqdim olunur.

Kvazimodo

Nə böyük məhəbbətə qadirsənmiş,

(Mən də korun-korun yanan odam).

Əlində titrəyən əllərimdi,

Ey topal, donqabel Kvazimodo.

 

Noterdam zənginin səsi gəlir,

Sən də eşidirsən? Çalan odu.

Nə böyük məhəbbətə qadirsənmiş,

Ey gözəl, eybəcər Kvazimodo.

 

Ağ günüm qaralır, qaraldırlar,

Amma sönən deyil mənim odum,

Dünyada eybəcər gözəllərə

Gəl sevmək öyrət sən, Kvazimodo!

Həvvanın portreti

Onun qəlbindədi eyni zamanda

Atacağı daşla ən nadir dürrü.

Özünü Tanrının qulu bilsə də,

Hərdən bir şamını nəfsi söndürür.

 

Qadın da səhv edir, yanılır, Allah,

Payına sevinc də, kədər də düşür.

O öz fikirindən gizlənsin deyə

Hərdən bir oynayır, hərdən döyüşür.

 

Gah alma aldadır, gah buğda onu,

Nəfsinə qoşulub gedir dərinə.

Hərdən qızıl gülə çevrilir yalan,

Sərilir qadının çiyinlərinə...

 

Xəcalət tikanı batır qəlbinə...

Yol daşlı-kəsəkli, yol çala-çuxur...

Qadının qəlbundə Tanrı yaşayır,

Təəssüf, şeytan da orda vurnuxur.

 

Bilmir necə etsin, necə davransın,

Necə, necə boğsun hissi dərində...

...Bir qız tutub gedir ömür yolunu

Həvvanın günahı çiyinlərində...

 

Meh

Adama xoş gəlir axşamın mehi,

Xəfəli yerlərdə, isti günlərdə

Sərinlik gətirir,

Amma həmin meh

Əsib son yarpağı qoparır hərdən.

 

Dərdi almır vecinə

Möcüzələr axtarma

Gerçəkliyin içində.

Zaman biçir məkanı,

Məkan zaman biçimdə.

 

Vaxt-zamanın tezi nə,

Məqamı nə, geci nə...

Buluda bax, rəqs edir,

Dərdi almır vecinə...

 

Zaman əydi qəddini,

Şərti də o kəsəcək.

Ruh elə bil nəfəsdi,

Yel olub da əsəcək...

 

Vaxt-zamanın tezi nə,

Məqamı nə, geci nə...

Ruh da bulud kimidi,

Dərdi almır vecinə...

 

Tələsirsən, ey zaman,

Ey hər şeyin ağası,

Sən məni də qul edib

Yıxasısan, yıxası,

Axırıma axırda

Çıxasısan, çıxası...

 

Vaxt-zamanın tezi nə,

Məqamı nə, geci nə...

Vaxt da bulud kimidi,

Dərdi almır vecinə...

 

Ruhum

Bilmirəm, ruhumu nəyə bənzədim,

Ruhum qanad açıb

Uçmaq istəyir.

Üstünə gözyaşı yağan sərhədin

İçində cığırlar açmaq istəyir.

 

Görəsən, bahara çoxmu qalıbdır,

Qış yaman uzandı, bezdirdi bizi.

Burda çiçək vardı,

Yel aparıbdı,

Dünən açan gülün qalmayıb izi...

 

Sehrli baca

Gözləmədən qanadlarım açılsa,

Mənlik deyil, Allahımın işidir.

Qanadlarım xatırlayır göyləri,

Onları bu xatirələr isidir.

 

Qaçmaq olmur şimşəklərin oxundan,

Girsən belə mələklərin donuna.

Mən yaralı qanadlarla uçmuşam

Bu dünyanın əzəlindən sonuna.

 

Sarı simi qopdu mənim qəlbimin,

Onun səsi qanım kimi laxdadı,

Ruhum çıxıb daha fani dünyadan,

O dünyanın bacasını axtarır...

Gürcü dilindən tərcümə etdi: İmir Məmmədli

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!