Sənə demək istədiyim sözləri tapa bilmirəm - Çingiz Əlioğlunun şeirləri...

 

Mən içən şərabın adı ayrılıq,

Çəkdiyim siqaret həsrət adlanır.

İçmədim bayıldım, içdim ayıldım,

Sənsizlik sürgündür... hicrət adlanır.

 

Necə də tünd imiş hicran qəhvəsi,

Sinəmə çəkdiyim tüstü qaradır.

Ağzımdan burulub çıxan nəfəsim

Havada miraj bir obraz yaradır. -

 

Sənin xəyalındır ani, apaydın...

Daha yuxuda da məndən qaçırsan.

İşıqlı günümü özün qapadıb,

Zülmət gecələrə qapı açırsan.

 

Özümdən sürgünəm... deyir hal qanan,

Səbr elə əlacın səbrdir elə.

Daha hardan bilsin, halıma yanan,

Səbir də mənimçün Sibirdir elə...                                                     

***

Mən hardan biləydim, sən bir qaydasız

Döyüş ustasısan... fəndinə keçdim.

Bu giley-güzar da daha faydasız,

Sənə minnətdaram hər zərbən üçün.

 

Heyim də qalmadı hayıf almağa,

Sağalan deyildir bu qanad, bu qol.

Sevgi savaşında məğlub olmağı

Sən mənə öyrətdin, neynək, çox sağ ol.

 

Bu ağrı, bu acı çətin kirisin...

Bu rüzgar bir gün də əsməli idi.

Axır ki, bu dərsi verən birisi

Tapılıb, əhdimi kəsməli idi...

 

...Sandım qızılgüldür bihuş olaram

Ətrinə bələnib gülzar içində.

Bilməzdim ömürlük naxoş olaram

Tikana bələnib azar içində...

Saqi, süz badəni, doldur ləbələb,

Bir azca şəkər qat, bir az da qəhər.

Azacıq zəhər də qatsan pis olmaz,

Başımı bu təhər qatım bu səhər...

 

Payıma heç zaman şirin düşməyib,

Soğantək gözümü yaşardıb həyat. -

Mən qazan asmışam, aşım bişməyib,

Ocaqdan teştimi aşırdıb heyhat.

 

Bu dünya pələngin, qurdun, şirindi,

Daha abır getdi, ismət qalmadı.

Sevdiyim tək qızın adı Şirindi,

O da taleyimə qismət olmadı.

 

Bəs bu can, de hardan tapdı şəkəri?!

Mən elə sanırdım şəkərim çatmır...

O qədər dadmışam acı bibəri,

Şirindil olmağa şakərim çatmır.

 

Qismət zəy qatıbdır süzdüyü bala,

Acılı, şirinli badə içmişəm.

Başımı tovlayıb veribdi yola,

Mən ömür yolumu belə keçmişəm.

 

Hər əldə bir badə, kəndirbaz kimi

Uçurum qaşında gərdiş etmişəm.

Bəlkə mən yeganə bir insanam ki,

Zəhərlə şəkəri qardaş etmişəm.

***

Ya Rəbb, mənə bir sevgi ver,

Qasırğa çuğlasın məni.

Düşmən baxıb şadlıq etsin,

Doğmalar ağlasın məni.

 

Tanrım, mənə bir sevgi ver,

Qoyma məzə, çərəz olsun.

Alsın günahkar canımı,

Sağalmayan mərəz olsun.

 

Yuxum qaçsın gecələri

Sübhə kimi yatammayım.

Eybi yox, cavabsız olsun,

Murazıma çatammayım.

 

Razıyam hər dərd-bəlaya,

Son sevdayla sına məni.

Uf desəm, cınqırım çıxsa,

Rişxənd ilə qına məni.

 

Sən buna lap dəlilik de,

Nə istəsən qoy adını.

Təki son kəs bir də duyum,

O zəhərin bal dadını...

Mən özümçün də bir məchulam, sirrəm,

Bu tən tünlüyündə həlli namümkün.

Canıma cəbr edən misal, tənliyəm,

Cavab caynağında əsir-yesirəm.

 

Fəzanın paralel xətləri, budur,

Cismimdə çox rahat gəlib kəsişir.

Məndə düz bucaqlar alınmır, nəsə,

İti bucaq bıçaq qanda gəzişir.

 

Mən hamar aradım hətta bu çağda,

Dedim ki, yuvarlaq, tumarlıq olsun.

Demədim bəxt rəqib dırmaşsın taxta,

Talehlə oyunu qumarlıq olsun.

 

Özünə vurulmuş vahidlər nə çox...

Hərləyir onları sıfır təkəri.

Mötərizə içrə zahidlər nə çox,

Açmağa bəşərin çatmır təpəri.

 

Bax, hər kəs özünü salır bir kökə...

Mən də kök altından bir gün çıxaram.

Əlvida söyləyib sırtdakı yükə,

Dumduru gözlərlə sizə baxaram.

***

Sənə deməyə

                        söz tapmayanda

Ürəyimdə alman

                        dilində danışıram.

Amma mən

                        alman dilini bilmirəm

ona görə də      dediklərimi

                        özüm də anlamıram.

Sənə deməyə

                        söz tapmayanda

əllərim məndən asılı olmayan

hansısa jestlər edir.

Amma mən

                        lal dilini də bilmirəm

                        ona görə də

                        özüm də başa düşmürəm

                        demək istədiklərimi.

Sənə deməyə

                   söz tapmayanda ayaqlarım

                        bir yerdə qərar tutmur.

Ancaq mən özüm də

                        ayırd edə bilmirəm

Onların hara

                        getmək istədiklərini.

Ona görə də

kirimiş durub onların ardınca gedirəm.

Di gəl, ayaqlarımın

məni apardığı yerdə də

Sənə demək istədiyim

sözləri tapa bilmirəm...

***

Hərdən beş-daş oynayır,

Hərdən yüz-yüz vururam.

Beş-daşı çaş-baş oynayır,

Tez uduzub dururam.

 

Daha məni cəlb etmir

İşvə-nazlı cananlar.

Canana can verməyə

Cılız canda canmı var?!

 

Bərk tutdu bəxt əmudu,

Sırtım sınıq qamışdır.

Diş tutmur daş armudu,

Qalan lalıxlamışdır.

 

Dadmasaydım sütülü

Bəyəm rahat yatardım?!

Mən ovumun cütünü

Bir atəşlə atardım.

 

Çaxmır o çaxmaq, tətik,

Susur alov püskürən.

Yol yoxuş, nəfəs təntik,

Kimdir o hey öskürən?!

Darısqal bir qəm,

Dar-düdük kədər...

İçim doludur

Xirtdəyə qədər.

 

Qəm yemə dedin,

Qəm mənim aşım.

Bircə o qalıb

Özümdən daşım.

 

Elə ki, daşdım,

Daşa düşürəm.

Daş olduğumu

Başa düşürəm.

 

Məni belə, qəm

Daştək bişirib.

Adımı dilə -

Dişə düşürüb.

 

Ətimi yeyən,

Ağzını cırram -

Çınqılam, daşam

Dişini qırram...

***

Cəzb edir, çərtir

Gözü giləsi -

Zər, tül bükülü

Qoşa gilası.

 

Ya, gilənardı

Bal, şəkər altda?!

Gülöyşə nardı

Tacı zərbafta!

 

Yaxada ipək

Duman sürünür.

Sinədə ürək

Titrək döyünür!

 

Ay yaşıl budaq

Gülü həmərsin!

Səndən vaz keçən

Ölsün gəbərsin...                                  

***

Bir dam altda qalan olsaq,

Sənə sipər, qalan olsam,

Qalamlıq qam-qalaq olsam,

Ocağında yandırarsan?!

 

Bir tənlikdə sən çıxılan,

Mənsə yerdə qalıq olsam,

Səbr ilə bu cəbri mənə

Axır bir gün qandırarsan?!

 

Sən qisməti yazan qələm,

Mənsə hazır varaq olsam,

Sən yazını pozub mənə

Mənliyimi dandırarsan?!

 

Sən balıqçı, mənsə tora

Düşən xallı balıq olsam,

Sən lütfünlə o rəhm edən

Tək xalıqı andırarsan...

Bir söz

Bircə sözlə hər şeyi

Korlaya da bilərsən,

Yanan ocaq gözünü

Qorlaya da bilərsən.

 

Hər nə etdin, düz elə,

Düzü tapşır düz ələ.

Bircə sözlə baxarsan

Əyri iş də düzələr.

 

Vermə boşuna vədi,

Söz var, başın daşıdır.

Söz də var ki, heç vədə

Deyilməsə yaxşıdır.

 

Bir söz insan şəkili,

Portret cizgisidir.

İnsan sözlə çəkilir,

Çəkisi güzgüsüdür.

 

Bir söz yüzdən əfzəldir,

Az var çoxdan gözəldir.

Kim ki, sözü üzatsa

Qəzəlləmə, qəzəldir...

***

Bir atəşin kül izinə

Gül düz... güllə gilizinə.

Qoy gün düşsün gül üzünə,

Bu bir tale gərdişidir.

 

Bağışlamaq... bağ xışlamaq

Bağa baxan nər işidi.

Böyütdüyü hər gül, ağac

Arğacıdı, ərişidi.

 

Sən yaxşıyla yarış, gülüm,

Bacar, becər barış gülü.

Qoy desinlər bu da onun

Yaşam tərzi, vərdişidi.

***

Dərd çəkmirəm

Dərd özü

                        məni çəkir.

Çəkdiyi

                        dağların yerinə

Çimdik-çimdik

                        duz əkir.

Çəkili adamam

                        yüküm duz yükü,

Yatmadığım

                        uzun gecələr

Gözümdən yuxu yerinə

                        qupquru duz tökülür.                                  

 

Dözmədim ki, mən zildən

Bağırdım: - Bu zibili

Tapılacaq kürüyən

Bu xaraba mənzildən?!

 

Kiri, dedilər, kiri,

Açma paxırı - kiri!

Yəqin bir əncam çəkər

Diribaş şəhər meri.

 

Sən dur ağzına

Yeri get su al.

Qıfılda qalsın

Yüz cəfəng sual.

 

Zibil ki, var, öz

Zibilimizdir.

Vətən kommunal

Mənzilimizdir...

 

Tünlük

Nədir bu düstur,

Bu çətin tənlik?! -

Tənimdə tünlük

Düz altı tənlik.

 

Bir tünük təndə

Tüstüdə, tində

Tünlük tingliyi

Bitib hər tində.

 

Tənim ki, tinglik,

Ələm - qələmə,

Hələm bu tünlük

Gəlmir qələmə.

 

Tündməcaz tünlük

Lap başdan aşdı,

Çimdik tüstüdən

Cığara eşdim. -

 

Tülkü yuvası

Tüstü xoşlamaz.

Başqa cür yolla

Yaxa boşlamaz.

 

Bir büküm tütün

Eynimi açdı.

Tülüngü tünlük

İçimdən qaçdı!

Bıçağı az itilə

yaxşısı budur

götür köynəyimi ütülə

görsən getmək istəmirəm

dur qapını aç

məni eşiyə itələ

ağlamağa macal

tapacaqsan hələ...  

***

And içdiklərin

ilk növbədə

dediklərinə özünü

inandırmaq üçündür

and içə-içə

gərçəkliklə yalanın

sınırını nə zaman

keçdiyini unutmusan

indi xoşbəxtsən

uydurma xatirələrlə

yaşayırsan...

***

Sən bərkdən danışanda

eşidilmirsən

susmağın daha

anlaşımlıdır

odur ki, sənin

sükütunda özünəqəsd var

bunu özün də bilirsən

gizli sirlərinin

açılmasından qorxursan

buna görə də

tələsik hündürdən

danışmağa başlayırsan

ancaq di gəl

bu səfər yenə də

eşidilmirsən...

Kətilin üstünə

çıxmazdan öncə

saatını çıxarıb

masanın üstünə qoydu

sakitcə üst-başını sahmanladı

sonra da

başını qovzayıb

            tavana baxdı

lampanın işığı düşdü

gözü qamaşdı

əbədiyyətlə arasında

bir qulac kəndirlik

məsafə qalmışdı...

***

Qayğılar bir ovuc düyü-çətənə,

Düşüb düyün-düyün bu tünük tənə.

Ha çözmək istədim düşdüm çətinə,

Diriltdi, dəbərtdi bu yazlar məni.

 

Bir xəfif titrəyiş, bir titrək hənir,

Anında tərpənir tənimdə sinir.

Ruhumda buz sınır, irmaqlar dinir,

Səsləyir, oyadır avazlar məni.

 

Dedim ta müdrikəm, ahılam daha,

Təpilim bir küncə, qaxılım daha.

Demə ki, dəliyəm, cahiləm daha,

Dərbədər eylədi bu qızlar məni...

Xalça

Ağbirçək nənələr,

Türfə-tubu gözəllər

Gələcəyə ünvanlayıb

Bu sirli məktubu

Şifrələnmiş naxışlar

İlk baxışdan

Aydın oxunur.

Hər ilmə altında amma

Min bir gizli məna,

Neçə möcüzə toxunur.

Ərişi-ağacı naqilləridir,

Yun-ipək tellərdə - qızıl simlərdə

Dastanlar daşınır.

Çiçisi çiçək açır,

Mədhiyyə söyləyir Zilisi zildə.

Hər xalı bir əfsanə,

Nağıl danışır.

Xalçalar-xalılar

Ecazkar xalqın

Kainat haqqında düşüncəsidir.

Gün düşən qəlblərin işıqlı səması,

Nur pəncərəsidir.

Soy-kökün şəcərə

Cüngləri orda,

Ordadır bu xalqın gündəliyi də.

Keçmişə verdiyi töhfələr,

Gələcək önündə öhdəliyi də.

O "Şəddə", "Çələbi", "Qasımuşağı"

"Malbəyli", "Pirəbədil",

"Quba sumağı"... hər biri

Yaddaş kitabının

Silinməz varaqlarıdır.

Vərnilər, fərməşlər

Bu elin dünəndən xəbər-müjdəsi,

Bu gündən, sabahdan soraqlarıdır.

Fikir ver, heç də

Nahaqdan başlamır

Eyni bir kökdən

Xalça, xalq sözü.

Xalça da deyirik,

Gəbə, kilim də,

Xalçadan bəhs edən

Neçə deyim var,

Kəlmə, kəlam var

            Doğma dilimdə

Çeşnişi çeşmədir,

Qaynayıb-daşar.

Xovlunun, xovsuzun

Xonça, gülündən

Min səda ucalar,

Qitələr aşar...

Gələcəyə məktubdur dedik,

Xalça bu xalqın şifrəli naməsidir.

Əslində xalça

Yenilməz xalqın

Silinməz tarix salnaməsidir.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!