Mən öldüm bu payızda,Yağışlarda yaşadım... - Faiq HÜSEYNBƏYLİ - şeirlər

Yüyənə sığmayır dəli at kimi,

Ruha bax, dərənin-düzün yorğunu.

Min ildi Günəşdən nur içir əllər,

Min ildi ayaqlar izin yorğunu.

 

Həyat bir oyundu, yarışdan keçər,

Sevgidən, sevdadan, barışdan keçər.

Alın yazıları qırışdan keçər,

Alın yazıları... üzün yorğunu.

 

Tanrı, gəl sahib çıx bu ruha, cana,

Bir addım yaxın ol qulun insana.

Gündüzlər atadır, gecələr ana,

Oğulun yorğunu, qızın yorğunu.

 

Şimşəklər oynaşır qayada, dağda,

Rənglər yoxa çıxır qarada, ağda...

Qopmasın kökündən bircə budaq da,

Sən özün hifz elə, özün, yorğunu.

 

Ulayır səbrimi kəsən küləklər,

Torpaqdan, dənizdən küsən küləklər.

Bu yağan yağışlar, əsən küləklər,

Yar gələn yollarda tozun yorğunu.

 

Tanrı, sirlərini açan bəndəyəm,

Mən haçan Tanrıyam, haçan bəndəyəm?

Sözlə qanadlanıb uçan bəndəyəm,

Sözün yorğunuyam, sözün yorğunu.

Ey rəhim, ey rəhman, mərhəmət eylə,

Sən özün hifz elə, sən bu Faiqi.

Bu can səndən mənə əmanət idi,

Qoruya bilmədim mən bu Faiqi.

 

Bu iman, bu inam, bu haqq, bu irfan,

Təzada bürünür günbəgün, an-an...

Alıb ağuşuna qasırğa, tufan,

Alıb öz qoynuna çən bu Faiqi.

 

Kimdi o yaşayan səadət ilə,

Kimdi, kim, çəkdiyi əziyyət, çilə?

Ya məğlub ol daha, mərhəmət dilə,

Ya da qələbə çal, yen bu Faiqi.

 

Məni öz sözümlə çəkirsən dara,

Sən ey bir üzü ağ, bir üzü qara.

Niyyəti haradı, mənzili hara,

Haraya aparır yön bu Faiqi?

***

Birimin üstünə gəlir,

Gəlir beşimin ağrısı.

Min illərdi əldən qalıb,

Əlli işimin ağrısı.

 

Görən neçə yaşım qalıb? -

Bir az da keçmişim qalıb.

Ruhum uçub, nəşim qalıb,

Qalıb nəşimin ağrısı.

 

Niyyət hara, mənzil hara?

Gəlirəm yol yora-yora.

O divara, bu divara

Vurur başımın ağrısı.

 

Məni söz-söz kül elədi,

İşləri müşkül elədi.

Günlərimi il elədi,

Bu yaddaşımın ağrısı.

 

Çəkir candan rişə, çəkir

bir ömrü… həmişə çəkir.

Dumanımı ərşə çəkir,

Sözdü dişimin ağrısı.

Bu boyda, bu biçimdə -

Donda mənə gəlirsən.

Onda ki, mən ölürəm,

Onda mənə gəlirsən.

 

Yaşayırıq bu səddə -

Sən şəhərdə, mən kənddə.

Sanki sümükdə-ətdə,

Qanda mənə gəlirsən.

 

Mənə qənim deyilsən

sən... vətənim deyilsən.

Handa mənim deyilsən,

Handa mənə gəlirsən.

 

Ömür keçdi bu bəmdə,

"Harda?", "necə?", "nədən"də...

Bu ruhda, bu bədəndə,

Canda mənə gəlirsən.

 

Yağış yağa, gün düşə,

Gün düşə bu görüşə.

Sən beləsən həmişə,

Sonda mənə gəlirsən.

***

Mən öldüm bu payızda,

Yağışlarda yaşadım.

İlmə-ilmə söküldüm,

Naxışlarda yaşadım.

 

Mən olmaya çox oldum?

Öz köksümə ox oldum.

Enişlərdə yox oldum,

Yoxuşlarda yaşadım.

 

Dünya özü bir qəlib,

Biri gedib, min gəlib...

Dualarda dirçəlib,

Qarğışlarda yaşadım.

 

Eşq su idi bir udum,

İçdim, sönmədi odum.

Hardasa unuduldum...

Baxışlarda yaşadım.

***

Nola, soldurmaya nə tufan, nə qar,

Çiçək baxışları, gül baxışları.

Gör necə qurudub həsrət, intizar,

Bu odsuz, ocaqsız kül baxışları.

Hayana üz tutum, hayana, ağam?

Çətin bəxt yuxudan oyana, ağam.

Bağışla bu ruha, bu cana, ağam,

Məzlum baxışları, qul baxışları.

 

Necə kəşf elədin, necə adamı? -

Gündüzlər Tanrını, gecə adamı.

Saldı öz qınına neçə adamı,

Bu el qınaqları, el baxışları.

 

Kimdi ki, baş qoşan qəmə, gileyə,

Sağına-soluna baş əyə-əyə?..

Arxanca boylanır, uzaqsan deyə,

Çəkir uzaqlara yol baxışları.

 

Ümidlə qarşıla sabahı... eşq var,

Şairin müqəddəs günahı - Eşq... var.

Mənim üz tutduğum ilahi eşq var,

Eşqim dilləndirir lal baxışları.

***

Sevilməkdi-sevməkdi,

Əsası buymuş demək.

Yaşamağın yolu da,

Qısası, buymuş demək.

 

Od şeytanmış... və hərdən,

Yanır bu ruh, bu bədən.

Allahın da bəndədən

Qisası buymuş demək.

 

Daha yoxdur həvəsi,

Çalınıb öz havası -

Sözün də Mustafası,

Musası buymuş demək.

 

Cini ata mindirən,

Göydən mələk endirən,

Çarmıxı dilləndirən,

İsası buymuş demək.

 

Bu gülün, bu tikanın,

Ey candan can tikənin.

İki sevda çəkənin,

Cəzası buymuş demək.

***

Sözə sığmır, səsə gəlmir,

Sehrdi, sirdi şəklin.

Öpüm, qoyum gözlərimə,

Ocaqdı, pirdi şəklin.

 

Özünü tanı önündə,

Dayanan hanı önündə?

Bir ruhun, canın önündə,

Necə əsirdi şəklin...

 

Gəlmişəm çiçək ətrinə,

Nə edim səndən ötrü, nə?..

Hərdən dəyirdim xətrinə,

Hərdən küsürdü şəklin.

 

Dedi Tanrı kəlamını,

Heyrətdə qoydu hamını...

Hərdən quru salamını

Məndən kəsirdi şəklin.

 

Ağ işıq var qarasında,

Gözəlliyin sırasında...

Yalanla haqq arasında

Vələmyesirdi şəklin.

İcazə ver, gözəl gözlüm,

Saçında əlim oynasın.

Oda düşsün Kərəm canım,

Közündə külüm oynasın.

 

Gəlmişəm... bəli, eşq ilə,

Belə gülməli eşq ilə.

Bu şair dəli eşq ilə

Qoy zülüm-zülüm oynasın.

 

Saçım qurban dən-dən sənə,

Səni görən gündən, sənə.

Qanad açsın məndən sənə,

Oynasın, yolum oynasın.

 

Odun yandırsın-yandırsın,

Buzun dondursun-dondursun.

Sağım sındırsın-sındırsın,

Havana solum oynasın.

 

Hicrana, qəmə asiyəm,

Bir ömürlük susasıyam.

Mən sözümün ağasıyam,

Vəsfinə qulum oynasın.

 

Bu yerlər qaçsın göylərə,

Sirrini açsın göylərə.

Xəyalım uçsun göylərə,

Söz "ölüm-ölüm" oynasın.

***

Sənə bir xoş söz göndərsəm,

Sevərsənmi, sevməzsənmi?

Qəlbimi köz-köz göndərsəm,

Sevərsənmi, sevməzsənmi?

 

Surətindir dörd bir yanda,

Nişanən var hər insanda.

Məni bu ruhda, bu canda,

Sevərsənmi, sevməzsənmi?

 

Göz də sənin, üz də sənin,

Gecə də, gündüz də sənin.

Səs da sənin, Söz də sənin,

Sevərsənmi, sevməzsənmi?

 

Hər kəlmə Allah söyləsəm,

Yalanlara yox söyləsəm,

Dönüb-durub haqq söyləsəm,

Sevərsənmi, sevməzsənmi?

 

Adın sığmır könüllərə,

Vəsfin kök salıb dillərə.

Bir cavab ver bu əllərə,

Sevərsənmi, sevməzsənmi?

***

Göndər imamını, peyğəmbərini,

Nizamın düzəlsin, zülüm qalmasın.

Ya da yandır məni cəhənnəmində,

Ya da yandır məni, külüm qalmasın.

 

Məndən üz döndərsən, yenə gələrdim,

Sən deyən qibləyə, yönə gələrdim.

Hayana üz tutsam sənə gələrdim,

Bağla bənd-bərəni, yolum qalmasın.

 

Kim neylər qisməti haqdan yarsıza,

Söyüd ağacı tək ixtiyarsıza?

Daha ümid vermə bu qərarsıza,

Daha ətəyimdə əlim qalmasın.

 

Apar gecələri, gündüzü apar,

Sevgini, sevdanı, xoş sözü apar.

Ya mənə bəxş elə, ya özün apar,

Ortada ayrılıq, ölüm qalmasın.

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!