Mən sizi sevirdim... - Aleksandr PUŞKİN - şeirlər

 

PƏNCƏRƏ

Bu yaxın vaxtlarda, yaxın zamanda

Tənha, kimsəsiz Ay boş axındaca

Dumanlı bir yolla yuvarlananda,

Gördüm pəncərənin qırağındaca

Fikirli-fikirli oturub bir qız.

Ürəyi köksündən uçur az qala,

Çırpınır aramsız, baxır aramsız

Təpələr yanında qaralan yola.

 

“Burdayam!” – Kim isə pıçıldadı tez,

Titrək, həyəcənlı əllərlə bu an

Açdı qorxa-qorxa pəncərəni qız.

Ay da qaranlığa girdi astadan.

“Bəxtəvər! – Söylədim qəmli-qəmli mən, -

Xoşbəxtlik gözləyir səni min cürə.

Hansı bir gecədə, nə zaman, görən,

Mənimçün açılar belə pəncərə?”

ETİRAF

Mən sizi sevirəm – çəkdiyim əzab,

Etsə də əlimi ətəkdən qısa,

Abrı itirdikcə cinlənsəm də lap,

Mən yenə düşmüşəm ayağınıza!

Bu hal yaraşmır da heç bu yaşıma,

Gərək ağıl qona indi başıma!

Eşq imiş könlümün hər dərdi-səri,

Aşkarca görünür əlamətləri:

Sizsiz darıxıram – tutur əsnəmə,

Sizinlə olanda – batıram qəmə.

Könlümdən keçsə də - olmur taqətim,

Deyəm ki, sizsiniz eşqim, möhnətim!

Hərdən qulaq asıb, fikir verəndə

Bir zərif xışıltı, bir yüngül qədəm

Qonaq otağında nəfəs dərəndə

Ağlımı başımdan qoparır o dəm.

Üzümə gülsəniz – gülər ürəyim,

Rəddiniz dərdimi çəkər tarıma;

O incə, o solğum əllər, mələyim,

Əvəzdir bir günlük əzablarıma.

Əyib başınızı ədəbli, səssiz

Qasnaq arxasında əyləşəndə siz,

Kənarda dayanıb, çəkib içimi

Baxmaqdan doymuram mən uşaq kimi!...

Hərdən də yağışlı, çiskinli gündə

Siz başmaq seyrinə çıxanda düzə,

Söz salıb qəlbimi deşən düyündən

Qısqanc kədərimi açımmı sizə?

Deyimmi o tənha göz yaşınızdan,

Ya da o küncdəki yoldaşınızdan...

Sizdən eşq ummağa haqsızam, nə qəm,

Bəlkə də, bu qədər günaha görə

Sizin sevginizə layiq deyiləm!

Barı, bircə dəfə yalandan baxın,

Qaldırın könlümü eşqin dağına!

Məni aldatmağa nə varmış axı!...

Özüm də razıyam aldanmağıma!

 

Mən sizi sevirdim: bəlkə, məhəbbət

Tamam sönməmişdi könlümdə hələ,

Qoy eşqim verməsin sizə əziyyət,

Kədərli olmayın bircə an belə,

Ümidsiz sevirdim sizi sakitcə,

Didirdi ruhumu qısqanclıq, təlaş.

Mən sizi sevirdim səmimi, incə,

Beləcə sevəydi başqası da kaş.

 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!