"Hələ uzaqları gəmi aparır..." - Esmira Məhiqızının şeirləri

***

nənəmin barmaqları piano dilləriydi...

gecələr o barmaqları çalardım.

uşaqlığımın prelüdünü bəstələyərdim

nənəmin barmaqlarında.

nənəm nə bilirdi ki, prelüd nədi...

nağıl vaxtı başımı dizinə qoyardım,

o da nağıl deyə-deyə,

saçlarıma sığal çəkərdi,

çiyinlərimi ovuşdurardı,

əllərimi tumarlayardı...

mən də nənəmin əllərindən tutardım,

barmaqlarının quluncunu qırardım,

biləklərinin sümüyünü sındırardım.

cürbəcür səslər tökülərdi

nənəmin barmaqlarından, əllərindən...

və... ən gözəl prelüdünü dinləyərdim uşaqlığımın,

uşaqlığımın musiqisiydi nənəm...

nənəmin əyri-üyrü qocalmış barmaqları.

musiqi deyəndə…

mən ən çox nənəmin barmaqlarının

musiqisini sevərdim.

sonra Şopeni də sevdim,

prelüdlərini də.

amma nənəmin barmaqlarını tapmadım

Şopeni çalmağa.

***

rəhmətlik Şahin neçə dəfə soruşmuşdu:

- fotoaparatın içindən quş nə vaxt çıxacaq?

Mirzə dayı da gülmüşdü:

- çıxanda görəssən...

o günü eşitdim ki,

şəkilçəkən Mirzə dayı da ölüb.

və içimdəki quşlar uçub getdilər...

getdilər dönmədilər.

mən də elə bilirdim ki,

Mirzə dayının fotoaparatı quş yuvasıdı -

görmədiyimiz quşların.

biri deyirdi, simurqdu,

biri deyirdi, qu quşudu...

Fəzi də lağlağı edirdi ki,

yüz faiz dəvəquşudu.

amma mən dəqiq bilirdim ki,

aparatın içində sərçə var.

sonra aydın oldu ki, aydınlıq olmayacaq...

və yenə də...

hər dəfə şəkil çəkdirəndə

Mirzə dayı obyektivi göstərib deyirdi:

- bura diqqətlə baxın, indi quş çıxacaq.

biz ha baxsaq da, ordan heç vaxt quş çıxmadı.

- əcaba, deyirəm, bəlkə şeir çıxırmış.

***

ortadan bir qış çıxar...

deyər, mən də varam.

onda anlayarsan -

neçə bahar əskiksən,

neçə günəş yoxsan,

neçə xoşbəxtlik azsan

və neçə şeir çatışmırsan.

***

məni burda, burda, burda...

bir qadın ağlayıb keçər.

-nənəmsənmi, qadın ?

məni heylə, heylə, heylə

nənəm ağlaya bilərdi.

saçlarımı sünbül hörüb,

uclarına, uclarına,

kəpənəkli bantlarımı

bax o cürə, bax o cürə

nənəm bağlaya bilərdi.

məni orda, orda, orda...

bir uşaq ağladıb keçər.

nəyimsənmi, uşaq?

məni belə, belə, belə.

qaqam ağlada bilərdi,

qaqam ovuda bilərdi.

saçlarımı düzənini

qaqam dağıda bilərdi.

məni harda, harda, harda...

bir gözəl, şirin yuxuda

doğmalar uyudub getdi.

o nənəm yaddan çıxartdı,

o qaqam unudub getdi.

***

sən də yoxluq, mən də yoxluq...neyniyək,

iki yoxluq bir arada qalarmı .

güzgüdə də görmürəm heç, deyəm ki-

yoxluğuna salam versəm, alarmı ?

ya keçərmi qollarının bəndinə,

xəyalımı deyirəm eyyy, bənöyşə.

sizdən bizə ayrılıqlar düşəndən,

bizdən sizə düşənlər də gen düşər.

daşımağa bir dəriyəm, bir sümük,

güzgülərdə fikir qoyub gedirəm.

indi dəbdi, başdaşında hamı tək,

iki dənə şəkil qoyub gedirəm.

***

mən belə bilmirdim...

yəni bu cürə

bu cürə hər şeyə alışmaq olar.

bu cürə sarılıb tənhalığına,

hər gün təkliyinlə danışmaq olar.

sonra düşünürsən...

-nə danışıram,

adam da təkliklə danışarmı heç.

adam da bu boyda qələbəlikdə,

yoxluğa,

boşluğa qarışarmı heç.

çarəsiz qalırsan, naçar qalırsan...

dəf edə bilmirsən namümkünləri.

yandırıb küləyə verirsən belə,

hər gün təqvimindən düşən günləri.

mən belə bilmirdim...

yəni lap belə,

belə başqalaşmaq, dəyişmək kimi.

belə öz-özünə dəliyə dönmək,

sonra da özünlə döyüşmək kimi.

sonra da, susursan xatirələrlə,

sonra xatirəli görüşlər bitmir.

hələ uyuyursan,

uyuyanda da...

uyğunda bu soyuq döyüşlər bitmir.

mən belə bilmirdim...

belə çətinmiş,

yıxılmaq,

darıxmaq...sonra qırılmaq.

yüyürüb üstünə tənhalığının,

açıb qollarını heçə sarılmaq.

yoxa sarılırsan, boşa düşürsən,

payız adlayırsan, qışa düşürsən,

və bir gün qəfildən başa düşürsən-

yoxluq daşıyırsan xatirələrdə...

getdiyin,

ötdüyün,

itdiyin yerə.

mən belə bilmirdim...

yəni bu cürə.

***

mən küləklə gedirəm,

mən yağışla gəlirəm.

təpələrdə yolumu gözləyən o cocuğa,

deyirəm ki, hər dəfə yorğun qayıtmağım var,

çox yorğunam yenə də,

eh… bağışla, gəlirəm.

ah…bağışla gəlirəm.

bu görkəmdə deyəsən payızın da, qışın da

lap xoşuna gəlirəm.

axır vaxtlar elə bil hekayələr qarışıb,

bu boydana ömürün qəhrəmanı deyiləm.

bir küləyin telində,

bir yağışın əlində

yol itirən veyiləm.

qarışdırmışam tamam adımı, ünvanımı…

təxmini yaşamağım,

təxmini gümanım var.

mənim bu yer üzündə

ancaq, ancaq və ancaq

göy üzünə getməyə azacıq zamanım var.

ya hekayə şeiriyəm, ya şeir hekayəsi…

bir xışma xəyal kimi bir sətirlik yazıyam.

kədər məni oxudu,

həsrət məni oxudu…

bir sevda oxumadı.

ancaq şeir qoxudu əllərim, barmaqlarım…

ancaq şeir qoxudu ömrümün varaqları.

məni tərk elədikcə sevda da,

ayrılıq da…

anladım, anladım ki, bu kədərli siluet

bir yarpaq yuxusymuş,

bir payız qoxusuymuş…

mən beləcə qoxu tək yoxuydum həyatımda.

mən küləklə gedirəm,

mən yağışla gəlirəm…

kənd yolunda yolumu gözləyir uşaqlığım-

deyirəm ki, yenə də

ahhh…bağışla gəlirəm.

ehhh…boşuna gəlirəm.

***

görərsən...

bir də qayıdıb

son uçuşunu yaşayırsan quşun,

son anını yaşayırsan qışın,

son damlasını yaşayırsan yağışın.

və bir adres axtararsan

köhnə əşyaların arasından,

köhnə məktubların içindən.

hara qoymuşam o adresi...düşünərsən

bəlkə də

o adres olmayıb heç...deyərsən-

könlünün adresi!

görərsən...

yağış keçirdir paltarın,

nəm keçirdir dərin...

qəm keçirdir hər yerin

amma xoşbəxtlik keçirdə bilmir

nə könlün,

nə ürəyin.

və gözlərində qapıyarsan

yaşamağın rəngini.

həyatını dəyişdirəcək bir şey tapmazsan sonra...

hər şeyin sonunu yaşıyarsan,

ayrılığın əvvəlini.

***

gəl də uşaqlığım...

çox yorulmuşam,

gəl də gör necədi ağrı çəkmələr.

bu vətən yoludu sinəmdə şum-şum

keçir şum yolundan ağır çəkmələr.

sən də elə-belə ömürdü sanma,

ömür dediyin də yoldan başlayır.

mən elə bilirdim sağdadı işıq,

demə bütün sağlar soldan başlayır.

harasa tələsdim yanımdan ötdüm,

harasa gecikdim çata bilmədim.

yeriyib bir ömrün alnından öpdüm,

yüyürüb bir anı tuta bilmədim.

daha ünvan da yox...

bir məktub yazıb,

məktubda bir kəlmə söz yollamağa.

hardasa itmişəm, tapılmıram da,

ardımca bir qaşıq su tullamağa.

***

keçəsən varından-yoxundan belə,

başına bir şeir sıxıb gedəsən.

səndən gedənlərin yolundan ötüb,

bir ayrı tərəfə çıxıb gedəsən.

elə gedəsən ki,

izin qalmaya...

izinə düşənlər aza izində,

kiminsə yuxusu aza gözündə,

kiminsə gözləri gəzə üzündə...

hələ barmaqların,

o barmaqların

ikicə kəlməlik çiçəkdən keçə.

o sevir...

bənövşə bəndinə düşə,

bu sevmir...

bir soyuq üzükdən keçə.

bütün xatirələr yanıq qoxuya,

məktublar yananda

ucundan yana.

küncündən alışa gizli sevdalar,

bir qız umudları saçından yana.

həsrətlik sığallar payıza düşə,

kölgəsi tökülə

yaş ağacların.

o kimsə qəfildən qarşına çıxa,

əlləri deyə ki,

-hanı saçların...?

***

əvvəl də beləydi, indi də belə...

nəyi istəyirsən o sənin olmur.

yolunda yolunu gözləyən kimsə,

üstündə nənən tək əsənin olmur.

islaq gözlərinin qayçılarıyla,

kirpik qırpımında yaş doğrayırsan.

qurdağız dərdlərin acılarıyla...

ürəkdən gülməyi yadırğayırsan.

gecə divarlar da ağlağan olur...

bütün həsrətlərdən nəm keçirdir ey.

hələ xəyalımda bu lampaları

gecələr bilmirəm kim keçirdir e

eyyy qoca nağılçı, qoca nağılçı...

sonda nağılların yalana çıxdı.

nağıl yollarında bu qərib yolçu,

ha getdi bilmədi hayana çıxdı.

əvvəl də beləydi, indi də belə...

yaş ötür, ömrün də yaşı yorulur.

hələ dodaqlarda yorğun gülüşlər,

hələ gözlərin də yaşı yorulur.

sonra köynəyində gül yaraları...

sonra da dilində bir ad qanayır.

kim çəkdi ağ-qara bu kinoları...

bütün kadrlarda həyat qanayır.

o necə vaxtıydı...

nə əyyamıydı,

İlahi, dünyada hamı varıydı.

küləklər bir başqa qoxu yayardı,

yağışın bir qəşəng tamı varıydı.

İlahi, günlər də gözəldən idi,

nağıllı, noğullu, sehirli günlər.

sonra nə oldusa, heç bilmədim də...

hayandan gəldi ki şeirli günlər.

sonrakı günlərə şeir qarışdı...

bir də ayıldım ki, şeir yazıram.

adam sevgi susar,

ya bir ad susar-

mən şeir yazandan şeir susuram.

eyni musiqidi, eyni havadı...

gözünü yumursan, səni aparır.

hələ sularda da çiçəklər bitir,

hələ uzaqları gəmi aparır.

əvvəl də beləydi, indi də belə...

nəyi istəyirsən o sənin olmur.

vaxt gəlir hər şeylə barışırsan da

sevənin,

umanın,

küsənin olmur.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!