Gecəyarı siqaret çəkən balkon
Bir sazaqlı payız gecəsi üçüncü mərtəbədə balkona çıxıb siqaret çəkən adamın şəhər küçəsində gördükləri
Gecəyarının lüt küçəsi
ağzında bir ac it apardı yenə
eynəyinin üstündən güdür bir ağac
budur bardan dəm çıxan qanlı şüşə qırığı
cingiltiylə öz damarını doğradı
qoca zibil qablarının yanından
pişik gözlərinin qorxaq parıltısına
qahmar çıxır svetofor rəngləri
eynəyinin üstündən güdür bir ağac
sürətlə burulan təkər səsi
pişik caynağıyla ağaca dırmaşır
eynəyinin üstündən güdür küçəni ağac
balkonda közərən siqaretə exo əvəzi
səkidə siqaret yandırır uzun plaşlı kölgə
sazaqlı ay işığını
zajiqalka kimi qaytarıb cibinə qoyur
o tərəfdə bahalı bir marketi
dişlərində tutur qaranlıq
sən heç kədər üçün əziyyət çəkmə
indicə özü gəlib düşəcək sənin bəxtinə
eynəyinin üstündən baxır ağac
küçə yenə ağzında bir maşın aparır
ancaq yaxınlaşmazdan əvvəl
tunel uğultusu göndərir özündən irəliyə
binanın dibindən qıvrılır
ağzında maşın tutmuş küçə
zamanı bu səhifədə qatlayıb
siqaretini söndürür küçəyə baxan balkon
qayıdınca otaqdakı vahimənin toruna düşür
onu içdiyi kofe kimi sümürür zaman
eynəyinin üstündən pəncərəyə boylanan ağac
ala bilməz o adamı hörümçəyin əlindən
Amurun şeiri
Sən üçə qədər sayırsan
"Üç"ə də "ük" deyirsən
"Ük" deyəndə
Dodağını qızıl kisəsinin ağzı kimi büzürsən
Sənə nə var
Azca dalğın olan kimi məməyə qaçırsan
Məsələn, stolun altına girirsən
Ordan çıxanda başın taxtaya dəyir
Ağrını ovutmaq üçün
dərhal məməyə cumursan
Təcili məmə!
Evdə qaça-qaça gəzirsən
Yıxılırsan
Dərhal məmə!
Səninlə oynamağa gələn qonşu pişiyinin
Quyruğunu dartıb əyirsən
O da sənə məcburən caynaq atır
Təcili məmə!
Papa coşub sənin ayağını dişləyir
Dərhal məmə!
Suriyada atılan kimyəvi bombalardan
Uşaqlar boğulub ölür
Dərhal məmə!
Sənin səngərin məmədi
sığınmısan məməyə
Gözləyirik məmədən haçan ayrılacaqsan
Bağçaya haçan gedəcəksən
Bilirsənmi
həyatdakı bütün həyəcanları
Maman filtrdən keçirdib
Əmizdirir sənə süd formasında
Ona görə bəzəkli yuxularda
Quzu kimi yatırsan
Hələ ki bu dünya vecinə deyil
Sən bilirsənmi evimiz yoxdu
Kirayədə yaşayırıq
Bunu hələ bilməzsən
Çünki məmə əmirsən
Hər ayın başında kirayə pulu var
İşıqpulu var
Məmə sənə deməz belə şeyləri
Məmə sənə kədər ötürməz
Ancaq böyüyəndə anlayacaqsan
Ki bizdə bir günah yoxdu
Bir sürprizim də var sənə
Ey mənim samurayım
Ağlın kəsəndə biləcəksən ki
Özündən xeyli böyük
Bir gözəl bacın var
bir də cəsur qardaşın.
Yarımçıq nağıl
Bilmirdik nərdivanın
baş ucu hara dirənmişdi
biz dabanbasaraq yuxarı qalxdıqca
kəndir kimi yellənirdi nərdivanın qolları
çürük ayaqlıqlardan qurd tozu tökülürdü
ancaq içimizdə qorxu yox idi
qorxu çölümüzdə idi
ağlımız olmadığından çox yüngül idik
kəpənək qanadı taxmışdıq kürəyimizə
beləcə qalxırdıq iki ağılsız
ağaclar aşağıda qalmışdı
bir o quşa da çataq deyib qalxırdıq
bir o dağı da ötüb keçək deyirdik
nərdivan pis vədlərlə yellənirdi ayağımızda
qayıtmaq haqda düşünmürdük
gedək əlimizi buludlara da vuraq
buludları yarıb keçirdi çürük nərdivan
buludların o üzündə boşluq idi
bəlkə, burda yaşayaq dedik
sonra dedik yox, burda darıxacağıq
mən yuxarı tullanıb
Ayın çənəsindən yapışdım
Ay öz zəncirində ləngərləyib dayandı
əlimi uzadıb səni də qaldırdım ayın üstünə
bəlkə, elə burda yaşayaq dedik
sonra ulduzlar daha maraqlı olar düşündük
Ayın zəncirindən tutub yuxarı dırmaşdıq
ancaq sağolsun nərdivan
bizi bura çatdırandan sonra
dağılıb buludlara töküldü
bir cavan ulduz bizi öz evinə çağırdı
sən dedin bu heç yaxşı adama oxşamır
dedim bəs o üzüqırışmış ulduz necədi
dedin bax o yaxşı ulduza bənzəyir
gedib dəmir qapısını döydük
əlində bir çıraq qapını açdı
işığı üzümüzə salıb dedi kimsiniz
dedik yerdən gəlmişik
dedi keçin içəri
bunlar da mənim uşaqlarımdı
içəridə balaca ulduzlar beşdaş oynayırdı
dedik bura yaxşıdı
biz sizdə darıxmarıq
oturub biz də balaca ulduzlarla beşdaş oynadıq
onlar çox cığal idi
gecə bizə bir otaq ayırdı böyük ulduz
yataq biz-biz dəmirdən idi
biz o çarpayıda yata bilmədik
dedik bəlkə, bir az bulud verəsən altımıza sərək
dedi bizdə bulud yoxdu belə yatırıq
dedik onda biz ayaqüstə yatacağıq
qucaqlaşıb ayaqüstə yatdıq o gecə
balaca ulduzlar gəlib tez-tez
qapının deşiyindən bizə baxırdı
səhər açılan kimi dedik biz
başqa ulduzlara qonaq getməliyik
böyük ulduz dedi sizi buraxmayacam
soruşduq bu nə deməkdi
dedi siz gedib başqa ulduzlara
mənim övladlarımın sayını deyəcəksiniz
dedik biz heç kimə heç nə deməyəcəyik
onda balaca ulduzlar ayaqlarımızdan yapışıb
bizi özlərinə tabe etmək istədilər
biz baxdıq ki, burda yalnız hiyləgərlik lazımdı
dedik yaxşı daha sizdə qalacağıq
gəlin oynayaq
balaca ulduzlarla beşdaş oynamağa başladıq
biz qəsdlə daşların ikisini uzaqlara dağıtdıq
mən dedim sən birinci daşın dalınca get
mən də o birisinin arxasınca
gedək gətirək
balaca ulduzlar aldandı sözümüzə
biz beləcə bəhanə ilə
onların əlindən qopub qaçdıq
dedim bu dəfə mən seçəcəm
yaşayacağımız ulduzu
sən razılaşdın
arxasını danışmayacam
içinə girib yaşadığımız bu nağıl
çox uzun və doğmadı.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!