Sevgi rədifləri... - Vaqif BƏHMƏNLİ - şeirlər

Bəhmənli himni

Araz qəm ağacıdı, meyvəsi sulu, acıdı,

qoşa ləpə cüt bacıdı - uca suların tacıdı,

otu peyğənbər saçıdı, min bir dərdin əlacıdı -

bizim Bala Bəhmənli,

                        bizim Böyük Bəhmənli.

Zəhmətdi işi, peşəsi,

                        xırmanlar dinclik köşəsi.

Sevgisi büllur şüşəsi, qəzəbi qaya deşəsi,                 

tərpən, ölünə döşəsin -

                        döyüşkən qoçdu kişisi

bizim Bala Bəhmənlinin,

                        bizim Böyük Bəhmənlinin.

 

Qapıların yox kilidi, qonaq evin hakimidi,

Yolunu gözlər kəl igid;

                        demə ki, dünya gididi...

Gələn dedi, gedən dedi:

                        cənnətə getmək kimidi

bizim Bala Bəhmənliyə,

                         bizim Böyük Bəhmənliyə.

 

Əgər düzünü bilsəniz,

                        min afərin deyərsiniz,

Gecələri qara kəniz,

                        günəşlər saçan sübh əziz!

Hər qarışda tanrıdan iz;

                        qoruyanı var şübhəsiz,

bizim Bala Bəhmənlini,

                        bizim Böyük Bəhmənlini.

 

Kəndim xoşbəxt, mən də xoşbəxt,

                        durur anam qurduğu taxt!

Kərə yağın çörəyə yax,

                      qaymaq üçün oyan sərvaxt...

Gülümsəyib üzümə baxt,

                      at oynatdım mən də bir vaxt

bizim Bala Bəhmənlidə,

                         bizim Böyük Bəhmənlidə.

 

Bəhmənli Vaqifdi adım,

                        bir azcana qalıb odum,

Yad yerdəndi acı ödüm,

                        yurdumdandı şirin dadım,

Nahaq qınımdan sıyrıldım,

                        ağlım olmadı ayrıldım

bizim Bala Bəhmənlidən,

                     bizim Böyük Bəhmənlidən...

Can otağı

Çəni yoxdu, dumansızdı,

aşkardı, adsız-sansızdı,

həyətsizdi, eyvansızdı

balaca can otağım.

Sınmaz əsadı yarağı,

Deşilməz dəmir çarığı,

Qürbətdə yanar çırağı

balaca can otağımın.

 

Yığsa da içinə qədimi -

Tanrını,

            Həvvanı,

                        Adəmi,

dəyməyib yarın qədəmi

balaca can otağıma.

 

Baxan bəd gözlər quruyur,

çuxuru olur quru yurd...

Bəlkə də Allah qoruyur

balaca can otağımı.

 

Həm şərabam,

            həm üzüməm,

həm güləyən,

            həm gözü nəm,

yaradan təkcə özüməm

balaca can otağımda.

 

Budur, qibleyi-aləm

üstümdən çəkir qələm;

heç ayrılmaq istəmirəm

balaca can otağımdan.

 

Müştəri

Əlim çox aşağıydı,

                        lağ edirdi yad mənə,

Pullu-paralı biri müştəri düşdü kənddən:

- Bağın xoşuma gəlir, gəl, buranı sat mənə,

əlinə maya düşər,

                        qurtararsan möhnətdən.

 

Elə beləcə dedi...

            susdu qapıma gələn -

başımı çən bağladı, içimi tutdu bulud.

Saxladı tuk-tukunu, şəkləndi ağacdələn,

Elə bil balta dəydi, gördüm, yırğalanır tut.

 

Getdim fikrin təkinə meynənin kökü təndə,

Müştərini qəlbimdə harayladım insafa.

Qəssab öküz başını təndirdibi ütəndə

necə qaralar kəllə,

                        elə qaraldı qafam.

 

Tabladım ölüm-zülüm, ələ aldım özümü,

Tutalım, mən dedim "hə",

                        qaratoyuq, sərçə var,

gərək razılıq verə bu işə əncir, üzüm,

badam, püstə, gilənar, qarışqalar, arılar.

 

Alanda nə günah var,

                        satanda nə günah var,

Kəsməti Allah kəsir hər bir alış-verişdə.

Burda hər kol dibinə sürünən neçə arx var;

belə şaxələnirsə etiraz damar-damar

əlimlə qulağıma necə asım əriştə?

 

Necə deyim kəndçimə

                        bu bağ mənim deyil ki,

Dizimdəki çapığın, ovcumdakı qabarın,

içimdəki vüqarın, alnımdakı tərindi.

Səfər çimən hovuzun,

                        Xəyyam əkən küknarın,

Rəhilə qələmləyən sortbasort güllərindi.

 

Bağımı oğrulardan qoruyan göy qurşağı

varsa radarlara quş,

                        elliyi heçə olsun.

Bəs yaxşı, su çənimə sarmaşan Ay işığı,

səhərlər qüsl etdiyim sübh şehi necə olsun?

 

Lap dibdə o nar var ha...

            payı qışa saxlayıb -

bu sövdədən duy düşsə,

                        ölə, ondan qorxuram.

Nəzrinin ayağının altını qıdıqlayıb

güldürən qum üstümə gülə,

                        ondan qorxuram.

Nəmişdi hava burda, tifil otlara sudu,

qızıldan qiymətlidi tutun qızıl yarpağı.

Bu bağ deyil ki, kəndçim,

            qeyrətin fotosudu;

çayırı saqqalımdı, daxma damı papağım.

 

Heyvanın altındadı hörmə yaylı çarpayı -

colma-cocuq yorulmaz,

                        sonsuz cırıltı bitməz.

Üstəlik, qonşuya pay,

                        qonşunun bizə payı...

yox, bu bağı almağa sənin pul-paran yetməz!

 

Yatıb duranda

            rahat gedib-gələn nəfəsin,

Torpağa can borcunun sotu neçədən olsun?

Hər insan öz bağından alsın Vətən havası,

Vətən bağ kimi əziz,

                        hər bağ, kaş, Vətən olsun!

Belə..

            müştəri qardaş,

                        son sözüm budur sənə,

Satan Odur, alan O ən xırdaca dəni də.

Bu cənnət məkanını satsam yoldan ötənə

mənə qonşu tüpürər, Allah vurar səni də!

 

Otuz yeddi yaşında adam

Ay zalım, ay qadan alım,

otuz yeddi yaşda

            adam ölərmi?

Otuz yeddi yaşda adam

            sığal çəkər

            məxmər tüklü

            balalarının başına,

naxıra ötürər

qapının mal-qarasını,

otuz üç yaşlı övrətinin

            yatağına girər,

qızlarına don,

oğlanlarına  pencək alar,

At çapar, çalma çalar,

itə yal qarışdırar ləyəndə,

boyun-boğazına

su calayar lüləyəndən...

Otuz yeddi yaşında adam

müxalifətdə olar dərdlə,

qonşu oğlanlarını

siçan deşiyinə soxar

                        nərddə!

Otuz yeddi yaşında adam...

Otuz yeddi yaşında

Niyə öldün, ata?!

Ay zalım, ay qadan alım...

Kişilər dəyişmir

Sirdi qadın işi, kişi dözümü -

Dedim araşdırım poetik dillə.

Körüktək qızartdı xəcil üzümü

Nəsrlə üzümə çırpdığım sillə.

 

Toba,

            göstərmədi,

                        ecazdı kişi,

O, işə yarayır yalnız mayatək.

Qadınlar dəyişir,

                        qızlar dəyişir,

Kişilər dəyişmir çopur qayatək!

 

Uçurur,

            məhvəri devirir qadın,

Kişi - yurd axtaran sərgərdan lələ.                                                                                      

Özünü kişiyə çevirir qadın,

Kişi qadın olur,

                        başqa məsələ...

 

Vedrəsi boş dönür çağlayan sudan,

Dəryanın dibinə kök atır kişi;

Gərib sinəsini gözləyir müdam,

dalğa çırpınışı, su nəvazişi.

Dərində...

            qızları çağırır mərcan,

huşu başdan alır yosunun dadı.

Çopur qayalarla bezir oyundan,

Köpək balığıyla sevişir qadın!

 

Dərya çəkir dibə dəniz ahını -

Gizlədir qadının xəyanətini.

Sualtı mülkündə dəniz şahının

can satır qaravaş

                        su qiymətinə...

 

Başında buxara, çiynində pencək -

Dəyişmir Adəmin,  Nuhun yaşıdı.

Sürtülüb sonuncu məsaməyədək;

Kişi - işıldayan bülöv daşıdı.

 

Kişi - qədim divar,

                        donqarlı kürək...

gəzir yelbeyinlə başsız qadınlar.

Dəyişir Madonna təbəssümütək

cığasız, kirpiksiz,

                        qaşsız qadınlar.

 

Köhnə şərab içir kişilər barda,

Oğlan, həmən oğlan,

                        qızbibi kimi.

Səksən yaşlı qarı güllü salvarda

gedir... orta məktəb şagirdi kimi.

 

Dəyişmək sürəti haçadı canda -

Bəlkə, bu səbəbdən fərqlidi kişi.

Olur avropalı...

                        qadın bir anda

beşikdən goracan şərqlidi kişi.

 

Otarır sürünü bişüur çoban;

Qeyrət - hamı minən kolxoz atıdı.

Qadına nə lazım?

                        Ənlik və kirşan

Kişinin boynunda namus... çatıdı!

 

Yoldan kim döndərər kişi axmağı?-

O ki nəcabətə dikib gözünü.

Dəyişmir... ağzından söz çıxıb axı;

Görüm Allah kəssin kişi sözünü!

Qeyri-müəyyən günah

Hər vaqeə ayrı sirdi -

yaz günü, saat altıda

Bakıdan uzaq,

                        Yaltada

küknar ağacının altında,

çayxanada çay içirdim.

 

O qərib yerdə, kişi,

fəndgir  fələk pozdu işi -

Bir sığırçın balasını

yuvasından qapdı pişik,

Kolluqların arasında

özünə yer tapdı pişik -

Pişiklərə kol da deşik!

 

Pişiyə zoru çatmadı,

çığırdı, diddi canını,

Sığırçın qisasa yetmədi,

üstümə tökdü qanını.

 

Çəkdi nalə, çəkdi cikkə,

yüz yana çapdı sığırçın.

Üstünü qaynar çaynikə,

üstümə çırpdı sığırçın.

 

Sığırçın çığırdı yenə,

Qanadından qan axırdı.

Elə bil deyirdi mənə:

"Kor gözün hara baxırdı?!".

 

...Səbr kanı Göy üzündən

Yaxşı ki, Allah baxır.

Bir də gördüm gözümdən

yaş yerinə qan axır!

Ya pişikdi, ya mənəm,

ya da cani - sığırçın;

Dimdiklədi gözümdən

axan qanı sığırçın!

 

...Ötən hər gün qışqırıq,

ötən hər gün cikkədi-

amma qulaqlar dolub.

İçdiyim çayın pulu

küt çayçıya çatacaq...

Balanı pişik yedi,

anaya olan olub-

bu qan məni tutacaq!

 

Nicat nəğməsi

Balsız koğuş heç nədi,

ayı bala təşnədi -

dayan nədi, keç nədi

yuvada dad olmasa.

 

Tarla-tarla dolaşıb

bafa dəni ha daşı...

Heç nədi quşun başı -

qoşa qanad olmasa.

 

Sərdar qursa tələni,

el gözləsə bərəni...

heçdi yadların cəmi

doğmalar yad olmasa.

 

Tərpənməz bədən - heç nə,

Çəpərsiz vətən - heç nə,

o - heç nədi, mən - heç nə

səndən imdad olmasa.

 

Əmi nədi - heç nədi,

Dayı nədi - heç nədi,

Ata nədi - heç nədi

övlad övlad olmasa.

 

Sevgi rədifləri

Gülüşünə tay hanı? -

qəmzələrin süzgün ox,

qansız gözələ canım

qurban olsun, yoxsa yox?

 

Dərdin dəvəsi sinəm -

dartır həvəsi sənə...

Zınqırov səsi sənə

mehman olsun, yoxsa yox?

 

Zülm eylədin o ki var;

canda leysan yükü var -

göz yaşımdan səhralar

ümman olsun, yoxsa yox?

 

Bu qədər ağlarıqsa,

ağlayıb çağlarıqsa,

Dövran bizik...

            varıqsa,

dövran olsun, yoxsa yox?

 

Çıxarı nəfdən baha

bir söz qalmadı daha...

Vaqif səntək dərgaha

qurban olsun, yoxsa yox?

 

Yuxuda yuxu

Bürünüb üşüyən qoca yaşıma,

İşlək öküz kimi düşsəm də yorğun,

Güc tapıb dişimi sıxdım dişimə,

Bu gecə

         mən səni yuxuda gördüm.

 

Gördüm doqqazdayam,

                      sən də gəlirsən,

Üstündən ötməyib elə bil çovğun.

Yenə o müəmma, yenə o sirsən,

Aytək ziyalısan,

            namxuda,

                              gördüm...

O gözlər,

            o gülüş...

                          yerindədi tam,

həmən o cığada, qaşda qalmısan.

Nə təhər olur ki,

                 mən altmışdayam,

Sən elə onaltı yaşda qalmısan?

 

Ay Allah, dilimin ucundadı lap,

Pozulub yaddaşım...

                          nə idi adın?

Adın muncuq-muncuq,

                       qırıqlanıb sap;

nə illah elədim xatırlamadım.

 

Adı neynəyirəm, sən həmən sənsən,

bu huşsuz, bu başsız mənəmmi, əsla!

Ocaq alışarmı küləcən sönsə,

yuxuma gəlmisən hansı əsasla?

 

Qalın illər altda titrəyirəm mən,

Həsrət yorğanının şəriki sinəm...

İstədim üzündən, əlindən öpəm,

Dedin, haqqın çatmır hər ikisinə.

 

Eşq ötür bülbültək yuxu dilində,

Elə bil anladır nə imiş qüdrət.

Belə tər qalmağın hicran çölündə,

nə olar, sirrini mənə də öyrət.

 

Mənə görə qısqanclıq

Nədir qala?

            Bilmirsən...

hörgü, daş - bir can olmaq.

Sən qocala bilmirsən,

amma ki, cavan olmaq

heç nədi mənə görə.

 

Körpətək dil açıram

iməkləyib yer ilən

yetişim təki sənə,

ardını özün denən

yaş nədi mənə görə.

 

Həsrətdən noğul olmaz,

yoxluğun acı matəm.

Qocada ağıl olmaz -

ürəkdən ibarətəm;

baş nədi mənə görə...

 

Ayağını yuyan şeh

od törədir könüldə.

Telini tərpədən meh,

sənə toxunan gül də

aşnadı mənə görə.  

 

Mən gəraylısı

Dünya qəfəs - içində mən,

İstəyimin nədəni yox.

Zindan bədən zədən-zədən -

məhbusların vətəni yox!

Yağış,

            yağmur,

                        çən yoluyam,

doğanaq, örkən yoluyam,

mənlər keçən mən yoluyam,

sən adında ötəni yox.

 

Mən mənəmmi? -

                        Qəm körüyü,

qəm qurudur nəm hörüyü...

dörd yanımı mən bürüyüb

gözə dəyən bir səni yox!

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!