Ölüm - yaddaşı təzələyən hadisə
Səninlə tez-tez görüşə bilmirdik. Bilirdim, "baş qaşımağa" macalın yoxdur. Amma yenə xəbərləşər, hal-əhval tutardıq. Bu böyüklükdə şəhərdə (əhalisi yüz mini çoxdan ötmüş) səndən başqa "dərdləşməyə" bir Allah bəndəsi tapmırdım.
İşlədiyin kollektivdə səni qiymətləndirirdilər, nüfuzun vardı. Hərə bir dərdini, qayğısını götürüb yanına gələrdi. Heç kimi incitməzdin. Hətta əlindən bir iş gəlməyəndə də (axı, çox şey imkanın və gücün xaricindəydi) sözlərinlə təsəlli tapardılar. Yüksək ziyalı mədəniyyətini sonacan qoruyub saxlamaq hər adama nəsib olmur. Sən qorudun- ləyaqətini də, şəxsiyyətini də. Səndə olan təmkinə, müsahiblərini səbrlə dinləmək vərdişinə heyran qalırdım.
...Üç gün əvvəl (aradan iki il keçib!) zəng etmişdim. Çox danışmadıq, səni yormaq istəmədim. Səsin məni aldatdı, içimdə ümid cücərdi. Tezliklə görüşmək arzusu ilə sənə Allahdan şəfalar dilədim. Qəfil gələn zəng hər şeyi alt-üst etdi... Biz ki danışmışdıq...
Özümü qınayıram; gərək sənə hər gün zəng edəydim. Axı, xəbərim vardı, ağrılar içində necə qıvrılırdın. Hər gün qram-qram, misqal-misqal canından can üzülürdü. Dərdinə dərman tapılmırdı. Səni sevənlərin əlləri çarəsiz-çarəsiz yanına düşürdü. Yaradandan möcüzə gözləyirdik.
Sətirlərə göz gəzdirirəm, yazdıqlarıma acığım tutur. Səninlə keçmiş zamanda necə danışmaq olar?! Heyhat qardaşım, biz, əslində, keçmişdəyik. Ölüm-yaddaşımızı təzələyən hadisədir.
Həmişə insanlarla necə danışıramsa, ağaclarla, quşlarla, axar sularla da elə danışıram. İndi də səninlə danışıram və inanıram: ağaclar, quşlar, axar sular necə eşidirsə, sən də məni elə eşidirsən. Fərqindəyəm, çox uzaqdasan. Ayrılıq, özü də əbədi ayrılıq (ölüm dediyimiz) başqa bir dünyada yaşamaqdır.
Bax, indi, gecənin bu gec vaxtı səni haraylayıram: məni eşidirsənmi? İnsanlar payız havasına çəkib. Qarşıma çıxanların biri gülərüz-işıqlıdı, biri boz. Hələ içi, çölü qaranlıq olanları demirəm. Sənin öz havan vardı, özünə çəkmişdin. Və buna da inanmaq istəyirəm ki, o dünyada da öz havanla yaşayırsan.
Nə yaxşı, nə yaxşı ki, ata (Mirdamət Əziz ocağının) işığını yandıran (sənsizliyin təsəllisi) var. Ocağa layiq oğul balan Emil bəylə zəngləşdik. Onun istəyilə sənin şeirlərindən seçib sevimli "Ədəbiyyat qəzeti"nə təqdim edirəm.
Fəxrəddin Əsəd
Mirdamət ƏZİZ
Tikanlar
Bir vaxt ayaqyalın gəzərdim elə,
Yer məni özünə çəkər, əyərdi.
Tikanlar dizimə batmağı ilə
Mənə yurd sevgisi peyvəndləyərdi.
Telimi darayan yaz nəsimiydi,
Unuda bilmərəm o çağlarımı,
Yurdun tikanı da ipək kimiydi,
Deşsə, ağrıtmazdı ayaqlarımı.
İnsanlar məhv olar söz zəhərindən,
"İlanlar" özünə yığılmaz yenə,
Kirpisayaqların iynələrindən
Qorunmaq öyrədər tikanlar mənə.
Vətəni sevən də, sevməyən də var,
Bu torpaq yadları köksündən silə,
Mənim ayağıma batan tikanlar
Düşmənin gözünə sancıla bilə.
Ay nadan, özünü bəxtiyar sanma,
Mənim öz sevincim, öz fərəhim var,
Dünən ayağıma batırdı, amma
Bu gün ürəyimdən çıxır tikanlar.
Getmisən
Ayaq izlərinə dalğa baş çəkir,
Dəniz yoxluğuna inanmır amma,
Getdiyin yollara lalə göz dikir,
Nərgiz yoxluğuna inanmır amma.
Ayrılıq günündən ötsə də ay, il,
Könlüm o sevgini unudan deyil,
Sözünlə bəzənib cilvələnir dil,
Ağız yoxluğuna inanmır amma.
Getmisən, büsbütün dəyişib aləm,
Dönüb o çağlara qayıda biləm,
Sənin həsrətindən hey yazır qələm,
Kağız yoxluğuna inanmır amma.
Elə
Tanrım, sənə qurban olum,
Dərdi məndən uzaq elə,
Kaş ürəyim soyumasın,
Mənzilimi sazaq elə.
Dünya möhtəkir dünyası,
Görünmür zülmün miqyası,
Dostumu ağıl dəryası,
Düşmənimi sarsaq elə.
Yad gülü üzə bilmirəm,
Yol üstə düzə bilmirəm,
Sürüdə dözə bilmirəm,
Sən məni yalquzaq elə.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!