ƏDƏBİYYAT ÜZRƏ 1990-CI İLİN NOBEL MÜKAFATÇISI - Oktavio PAS
Meksika şairi, kulturoloq, tərcüməçi, esseist, siyasi publisist, Qərb və Şərq sivilizasiyası üzrə tədqiqatçı. 31 mart 1914-cü ildə Mexikoda dünyaya gəlib. Atası dövrünün tanınmış hüquq müdafiəçisi, jurnalist, siyasi xadim olub. Ailə ənənələrinə zidd gedən Pas universitet təhsili almaqdan boyun qaçırıb. İlk kitabı "Vəhşi ay" (1933) adı ilə nəşr olunub. Valensiyadakı antifaşist yazarları konqresində (1937) iştirak edib. İspaniyada vətəndaş müharibəsi cəbhələrində olub.
"Onlar ötüb keçməyəcək" (1936) kitabındakı şeirləri ilə fransız sürrealistlərinə ruh yaxınlığını ifadə edib. 1944-1945-ci illərdə ABŞ-da yaşayıb. Daha sonra Fransa və Hindistanda diplomatik fəaliyyətdə olub. Avropa və Amerikada müəllimlik edib. Ona ümumdünya şöhrətini esselərdən ibarət ilk nəsr kitabı - "Tənhalıq labiriniti" (1950) gətirib. Tanınmış şair 1998-ci ilin 19 aprel tarixində Mexikoda vəfat edib. "Hərtərəfli yaradıcılığına, çılğın və mübariz şeirlərinə, humanizm və bütövlük uğrunda mübarizəsinə görə" 1990-cı ildə ədəbiyyat üzrə növbəti Nobel mükafatına layiq görülüb.
Külək
Yarpaqlar nəğmə söyləyir,
külək danışdırır çiçəklərini:
qızılgül rəqs edir yerində
sahil mehi tumarlayır ləçəklərini.
Buludlar qatarlanıb gedir
üzü sonsuz səmaya doğru,
üfüq qucaq açır
qəfil qonağına.
Buludlar
üfüqü alır qucağına,
gözəl qız yalın ayaqlarıyla
darayır köpüklü sahilləri.
İşıq seliylə köpüklü ləpələr
alar məni qoynuna;
ömür - bir küləkdir
uçuram əvvəlindən sonuna.
***
Ay işığı düşdükcə
sıx qızılgül kolları
fişəng kimi sıyrılır qaranlıqdan.
Və o fişəng işığında
dalğalar haçalanır
nəğmə deyə-deyə sahilə.
Qızıl külçəsinə bənzəyir
çiçəklərin düzümü,
fişəng kimi nura boyayır göy üzünü.
Külək vurduqca
spiral kimi közərir qızılgül kolları,
çiçək ətri bürüyür sən getdiyin yolları.
Dünənim - astagəl,
sabahım - işıq, dalğa və külək,
səsim - sənə doğru tələsən ürək.
İki bədən
İki bədən qovuşur,
gecə sahildə qovuşan
dalğa kimi.
İki bədən görüşür,
gecə Ay işığına boy verən
ağac kimi.
Bəzən o iki bədən
gecə zülmətində səhraya düşən
soyuq daş kimi qovuşur.
Bəzən o iki bədən
soyuq bıçaq kimi bərq vurur
sancılır gecənin köksünə.
Bəzən o iki bədən
bir kərə
sönmüş ulduz kimi
düşür göydən yerə...
Budaq
Sap kimi nazik
lap üst budaqda,
titrək səslə oxuyur bülbül.
Səsindən inildəyir,
zağ-zağ titrəyir budaq,
bu, oxumaq deyil, zülmdü ancaq.
Bu səsdən od düşür
şam ağacına,
bu, oxumaq deyil,
boyanmaqdır özü-öz al qanına.
Kaş qaldırmazdım başımı ona sarı:
görməzdim o quru budağı,
bu, oxumaq deyil, ölüm nəğməsidir
günün günortaçağı.
Daş
Röyamda gördüm ömrümü
yuxumda baş alıb getdim
ömrümün sonuna
ayaqlarım dolaşa-dolaşa.
Qəfil oyandım,
bir anlıq gerçəkdə gördüm özümü,
daş kimi ağır həyatın buxovu
yenə qaraltdı gözümü.
Ömür - daş kimi ağır,
göydən başıma daş yağır,
gözümə durur yaşamaq,
hardasa bir məzardan
başdaşım mənə baxır.
Tərcümə etdi: Əyyub Qiyas
Şeirlər Ayan Səfərlinin ispan dilindən sətri tərcüməsi əsasında işlənib
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!