Şəfəqlərdə itirdiyimiz şəhər idi uzaqlar... - Ümid Nəccari - şeirlər

Absurd

Kimsəsiz evin dodaqları idi pəncərələr,

şəfəqlərdə itirdiyimiz şəhər idi uzaqlar...

Adını sən qoy!

...Şərq tərəfində şumlanırdı günəş.

Gedənlər bareldəki qara neft,

gələnlər dəsmala bükülmüş üç damla ağrı,

adı qan!

...Sən heç zaman böyümədin -

anam deyərdi hər zaman.

Muğayat ol, yaşım aldadar səni,

hələ də süd içirəm hər səhər...

...Bir qaranquşun ölüm hekayəsi idi

                                    kimlikdə yazılan sözlər.

Burda susardı uşaqlar,

orda sönərdi bağçalar.

Adını "silah" qoy.

..O ağaclardan düşən yarpaqlar idi

intihar müəllimi,

o buludlardan tökülən yağış

çöküş tələbələri...

...Ölüm yaxına gəlirsə,

qorxma qəti!

Adını "qismət" qoy,

adını tale.

Tanrı sönükdür -

belə dedi Zərdüşt...

Açıq idi pəncərə

üzü dənizə.

Bratigan çəkdi tətiyi,

beyninin rəsmini çəkdi divara...

Sayın poeziya,

bədənimin Mayakovski tərəfi ağrıyır!

 

...Fahişələrin gecələrində qeyb oldu günah,

burda heç zaman açılmadı səhər,

orda heç zaman bitmədi gecə.

İydə ağacları

Keçmişdə

ətir satan bir qoca kişiydi iydə ağacları...

...Məzarlar insanlardan öncə ölür,

xəstəxanalar ağrıyır insanlardan öncə.

...Gül dükanları vidaların birinci şahidi,

tabutlar - hiss etdiyimiz sonuncu xatirə,

quraqlıq - saçlarını öz əliylə kəsən "Yağış" adında bir qız!

 

...Zindanda olan kişi dörd divarın qarğışına tutulmuşdu,

yalanlara uyma!

Mən isə uzaqlarda bir gölməçəydim...

 

...İydə ağacı olmaqdan,

Məzar olmaqdan,

zindan olmaqdan çətindir

uzaqlarda bir gölməçə olmaq.

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!