Payız axşamı
Uçub göy üzündən, uçub ulduzlar,
bu gecə göylərə inam qalmayıb.
Ay da çəkilibdi öz yatağına
qaranlıq gecədə adam qalmayıb.
Otaqda qaralan kölgələr itib,
əriyib, əriyib kiçilib ağ şam.
Alın vərəqlərə yazılan yazı
güzgüdə oxunur hər səhər, axşam.
Yarpaqlar tökülür payız axşamı
bahara üçaylıq bəyaz qış qalıb.
Əlimdə qoxusuz payız gülləri,
könlümü bəmbəyaz sevdalar alıb.
Trolleybus dayanacağı
payız axşamı
Trolleybus dayanacağı,
payız axşamı.
Qurumuş yarpaqlar oynayır
xəfif küləkdə,
kölgəsini itirmiş ağac
qüssə oyadır ürəkdə...
Vaxt dayanıb
kölgəsini itirmiş ağacla
trolleybus dayanacağı arasında,
bir ayrılıq sevdası var
sənin sürməli gözlərinin qarasında
Ayrılıq qapısını açıb trolleybus
səni gözləyir...
Bakıda payız gecəsi
bu payız gecəsində
ağaclar sərxoş.
Külək islanmış oturacaqları
qucaqlayır bulvarda.
Saralan xatirələr nəm çəkir,
gözləri yol çəkənin içi qəm çəkir.
köhnə kafe lampaları yırğalanır bayırda,
küçə qapıları döyülmür Bayılda.
Dəniz şampan köpüklü,
dalğalar vals gedir,
gəmilər ləngər vurur.
Bakının əlində
gecəyə növbə çəkən Qız qalası dolu badə...
Payız sevdası
Əllərim əlinə yapışıb qalıb,
üzümmü üzündən baxışlarımı?
İlmələr könlümə köçürür yenə,
gözümə çəkdiyim naxışlarını.
Fəsillər ötüşür, illər dəyişir,
bu yumşaq payızda bahar havası.
Ümidlə gözlərə dikilən baxış,
oyadır qəlblərdə payız sevdası.
Yaman sevinirsən, nəşəli könül,
payızda gül açan ağaclar kimi.
Üstünə qaçırsan bu son sevdanın
alova həsrətli ocaqlar kimi.
Ömrün arzuları bahar kimidi,
rəngbərəng çalarlar gətirir üzə.
Dəli könlümüzü oxşayan payız
təzədən sevməyi öyrədir bizə.
Bu payız
Yığıb qucağına xəzan payını,
bayırda səs salan yağış hayını,
itirib günlərin, ayın sayını
gəldi ömrümüzə, gəldi bu payız,
əliylə bir xalı sərdi bu payız.
Solğun günəşində kölgələr çılpaq,
ağaclar lüt qalıb, yerdədi yarpaq.
Otuyla birlikdə saraldı torpaq,
gəldi ömrümüzə, gəldi bu payız,
əliylə bir xalı sərdi bu payız.
Meyvəli ağacı süfrə kimidi,
yağışı, günəşi töhfə kimidi,
fəsillər içində zöhrə kimidi,
gəldi ömrümüzə, gəldi bu payız,
əliylə bir xalı sərdi bu payız.
Ömürdən il alıb yaşa caladı,
hər gecəyə bir xatirə qaladı,
sevdirə-sevdirə bizi taladı,
gəldi ömrümüzə, gəldi bu payız,
əliylə bir xalı sərdi bu payız.
Payız
Ağacın yaylığı ayaqlar altda
yeriyə bilmirəm çığırtısından.
Çılpaq ağacların əlləri göydə
yarpağın son dua pıçıltısından.
Yenə gəlib çatdı payız axşamı,
yenə bu könlümdə küləklər əsir.
Axşam süfrəsində boş qalıb bir yer
kölgələr dolaşır, kölgələrdə sirr.
Pəncərə önündə ağac kimiyəm,
xatirə yarpaqlar uçur havada.
Ömrün payızında bir xəzan kimi
ayrılıq səs salır yalqız odada.
Göyün üzün alıb qara buludlar,
pərdələr üşüyür bomboz otaqda.
Səmtini itirib, yolunu azıb,
cığırlar o kövrək yarpaq yataqda.
Ömrün payızı
Payız dodaqaltı zümzümə edir,
çılpaq budaqlarla sevişir külək.
Sevdiyim payızda axşam çağları
mənimlə gizlənpaç oynayır fələk.
Bu gecə payızdı royalarımda,
isti yuxularım sovulub gedir.
Rəngbərəng yarpaqlar qonur çiynimə
ürəyim payızla qovrulub gedir.
Bu payız xəyalım quş qanadında,
nədənsə gecikir görüşümə yaz.
Payız günəşinin işartısında
mənim yanaqlarım olur bəmbəyaz.
Payızın əlləri əsir qəhərdən
əlində tutduğum əlindən düşür.
Düzülüb sıraya son qatar kimi
kövrək xatirələr ötür, ötüşür.
Çevirib üzünü, çevirib göyə
ağacın torpaqdan küsən vaxtıdı.
Uzun gecələrdə tutub əl-ələ
ulduzların yallı gedən vaxtıdı.
Sevdiyim, payıza döndüm
bu gecə
Şaxta vurmuş gül kimi,
qanadı sınmış quş kimi,
ruhu tam ölmüş kimi,
sevdiyim, payıza döndüm bu gecə.
Sevgiyə qar yağdı vaxtından qabaq,
bəxtəvər dedilər baxtından qabaq,
ümidlər qırıldı taxtından qabaq,
sevdiyim, payıza döndüm bu gecə.
Bu gecə payızım, bu payız gecəm,
dedim-mənim olan payızdan keçəm,
məni tanımadı öz doğma küçəm,
məni tanımadı öz doğma gecəm,
əlim ətəyimdən uzun, lap uzun,
sevdiyim, payıza döndüm bu gecə,
sevdiyim, payızda söndüm bu gecə.
Payız havası
Sən nələr gözləyirsən
bu payız havasından?
Yazımı gözləyirsən?
Bir ayrı günmü, aymı?
Yoxsa elə bilirsən
xəyalların qonaqmı
gələcək otağına?
Yoxsa xatirələrmi
gələr nəsə sormağa?
Bu yük nə yükdü belə,
sükutla daşıyırsan?
Titrəyən əllərinlə
keçmişi qaşıyırsan.
Gözlərdən düşüb itən,
bir daha geri dönmür.
Nə xatirə qayıdır,
nə xəyal geri dönür.
Çırpınma aralıqda.
Xatirələr bir niskil,
xəyallar məchuldular.
Sən nələr gözləyirsən
bu payız havasından?
Hardansa külək əsir?
yağış gəlir gözündən...
Payız mələyi
Bir vaxtlar baharı sevərdim.
İndi ömrün payızını sevdim;
öz qəmiylə, barıyla,
həzin duyğularıyla.
Ömrümü vərəqləyir
sərin xəzan küləyi.
Sordu bir gün:
"Nəyin var,
varmı məndən diləyin?"
Ömrün payız bəzəyi,
mənim xəzan küləyim,
bir bax, mənim ömrümə
gəldi payız mələyim.
Yoxdu daha diləyim.
Sən bahar havası qatdın payıza
əlində qoxulu payız gülləri...
Meşədə payız
Soyudur ağacı payız özütək
əl etmir yanından ötən qatara.
Kölgədə yazılan xatirələri
kimsəsiz vaqonlar yığıb apara.
Çılpaq ağacların üstə ləkələr,
kövrələ-kövrələ içdən oyulur.
Qara buludların göz yaşlarında
çətrini itirmiş ağac yuyunur.
Yatıb ayılacaq darıxan meşə
sakit gecələrin qış yuxusundan.
Ağaclar tər-təzə yarpaq yığacaq
baharın xoş gələn gül qoxusundan.
Qəmli meşə
dağ döşü,
qəmli meşə,
kölgəsiz ağaclar nə qədər darıxdırıcı...
Çılpaq meşənin
üzünü turşutmuş havasında
quşlar yox oxumağa...
Qəmli meşənin
neçə günlük səksəkəli ömrü qalıb
bahara kimi.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!