Bu gizli sevdanı aşkar uduzduq... - Poetik qənaətin üfüqləri - Ağacəfər Həsənli yazır

 

Sözün qüdrəti real mənasından daha çox, yaratdığı obrazlardan asılıdır.

Qustav Lebon, fransız filosofu və sosioloqu

Şübhəsiz, şəxsi fikrim deyil, söz sənəti qədər üfüqləri geniş sahə yoxdur. Əlbəttə, nə qədər böyükdürsə, ərazi nə qədər genişdirsə, burada qələm götürüb "at səyirtmək" çətindir. Ortada əgər Nizami, Ömər Xəyyam, Füzuli, Nəsimi üfüqləri varsa... Bu əlçatmazlıq, ünyetməzlik səni qorxutmursa, gözünün ipini qırpmırsa... şeirin xofu səni basmırsa...

Ədəbiyyatımıza ötən əsrin 70-80-ci illərində gəlmiş Fəxrəddin Ziya həqiqi mənada şairdir, özü də istedadlısından. Sözün ətrafında on illərlə vurnuxan, qalın-qalın, cild-cild kitablar (əgər həmin nümunələri kitab adlandırmaq mümkündürsə) çap etdirən, redaksiyaların qapısını qoyub "pəncərədən girən" şeir dəllalları əsla şair deyil, "xəstələrdir". Şair bircə kəlməsindən bilinər, bir beyt, misra ilə hamını təəccübləndirmək, heyrətləndirmək olar, bədii parça adına qalın bir kitabı oxuyarsan, tükün də tərpənməz, yaddaşında heç nə ilişib qalmaz.

Təkcə ömür sürmək bəs etmir, gərək

Yurdda ölməyə də çan ata hamı.

Ürəkdən gələn ilhamlı beytdir. Ritorikadan, təmtəraqdan uzaq. Əgər Fəxrəddin Ziyanın heç bir şeirini mütaliə eləməsən, təkcə bu iki misra ilə onu yaxşı şair adlandırmaq olar. Fikir, fəlsəfi tutum, məna-məzmun yükü yerində. Zərgər dəqiqliyi ilə seçilmiş sözlər muncuq kimi misraların boyuna biçilib. Müəllif müdrikcəsinə xatırladır ki, uzun ömür sürmək hələ çox yaşamaq demək deyil. Əgər yurdda iz qoymağı bacarmamısansa, ömür fənadır, hədər gedib.

Bu vətəndaşlıq çağırışı Fəxrəddinin bütün yaradıcılığının ana xətti, leytmotividir. O, şeirində hay-küy salmır, bəsitliyə varmır, dilimizin "şəhd-şirəsindən", incəliyindən istifadə edə-edə obrazlar silsiləsi yaradır. Bəzən deyirlər, filankəs anadangəlmə, təbii şairdi, heç bir savadı-filanı yoxdu, heç şairə savad lazım deyil. Kökündən yanlış qənaətdi. Fəxrəddin Ziyanın poeziyasını oxuyursan, onun nə qədər məlumatlı, hazırlıqlı olduğuna səndə əminlik yaranır. Bir var, şeirində süni şəkildə özünü bilikli, elmli göstərəsən, yeri düşdü-düşmədi, çətin terminləri misralarında bol-bol işlədəsən, dəxli olmayan ifadələri bəndlərə səpələyəsən. Bir də var, intellekt  sözünün içindən doğa, al günəş kimi bədahətən işıq saça. Onda bu təbiilik qabarıq və inandırıcıdır. İkinci cəhət Fəxrəddin Ziyanın məninə, şeirlərinə xasdır, dərhal özünü büruzə verir.

İnsan xisləti mürəkkəbdir və ixtisasca həkim Fəxrəddin Ziya yaxşı bilir ki, tibb müasir zəmanədə yetərincə inkişaf mərhələsi keçsə də, hələ heç bir canlının bir hüceyrəsi belə düz-əməlli öyrənilməyib. Biganəlik buzu bəzən insanın vücudunu soyudur, laqeydlik hiss və duyğularını korşaldır və unudur, Allah ona ürək verib. Hissiyyatı, mənliyi, qeyrəti olan kəs Tanrı qanunlarını pozmamalıdır. Peyğəmbərimiz Həzrət Məhəmməd (s.ə.s) isə valideyninə kəc baxan, ata-ananı təhqir edib qulluğunda dayanmaq istəməyəni "arzuolunmaz övlad" adlandırıb. Nə gizlədək, indi "qocalar evləri" mövcuddur, fərsiz, nankor oğullar, qızlar adi təsəlliyə möhtac ahıl ata-analarını həmin evlərin "soyuq ağuşuna" atır, öldüsündən-qaldısından xəbər-ətər tutmurlar. Bu "rüsvayçılığı" Fəxrəddinin şair mənliyi qəbul etmir və təxminən iyirmi il öncə yazdığı "Qocalar evi" şeirilə suçluları tənbeh edir, insafa, mürvətə çağırır, günahkar sayıb ittiham edir:

Bu ixtiyar yaşlarında sərgərdan olub,

Doğmalardan uzaq düşmək nə qədər ağır.

Nə arabir bir günlüyə qayıda bilir,

Nə yurd-yuva, nə qonşular yadından çıxır.

 

Hərdən fikir neçəsini çəkər uzağa,

Xəyalında nəvəsinə nağıl danışar.

Keçər oğul günahından bu qəlbiyuxa,

Övladının təhqirini udar, barışar.

Qəlbağrıdan, üzücü notlardır, deyilmi? Təəssüf ki, bu atılmış, satılmış ahıl  kişilərin, qadınların xeyli qismi kimsəsizliyin, imkansızlığın qurbanı deyillər. O zatıqırıq övladların arasında yüksək çinli məmurlar - məhkəmə sədrləri, prokurorlar, nazir müavinləri və b. var və onlar zavallı, qocalıb əldən düşmüş ata-analarına yiyə durmaq istəmirlər. Şair az qala poema təsiri bağışlayan epik şeirini daha sərt ittihamla tamamlayır:

Cahil insan, düz yolundan sapdığın yetər,

Şərəfli san valideynçün diz çökməlisən.

Tanrı - əcəl körpüsündən keçməzdən əvvəl,

Öz övladlıq borclarını ödəməlisən!

Yaşadığımız dünya təzadlar üstə qurulub, yəni vüsal varsa, ayrılıq da var, sevinc-fərəh insan qəlbini silkələyirsə, dağa döndərirsə, qəm-qüssə, hicran xiffəti belimizi əyir, bizi yumağa döndərir. Xoşbəxt o Allah bəndəsidir ki, həyatın bu təzadlı iki tərəfini tərəzinin iki gözünə sığışdırmağı bacarsın, vüsaldan kam aldığı tək, hicranın da nəfəsini hiss etsin, ayrılıqdan diksinməsin, çaşmasın. Şairin "Mən səninləyəm", "Görməyəcəksən", "Neyləyim" şeirləri lirik-həzin mətnləridir. Və təsadüfi deyil, bəstəkarların, müğənnilərin diqqətini cəlb edib, onlara mahnı bəstələnib: indi tez-tez Fəxrəddin Ziyanın dinləyici auditoriyası həmin mətnlərə görkəmli xanəndələrimizin ifalarında qulaq asır.

Kədərli anında xəyala dal ki,

Gəlib xəyalında səni dinləyəm.

Gülüm, birdəfəlik arxayın ol ki,

Hər yerdə, hər zaman mən səninləyəm.

"Mən səninləyəm"

Bəlkə, heç ürəkdən gülməzsən daha,

Özünü qayğısız bilməzsən, daha.

Nə yaxşı, görüşə gəlməzsən, daha,

Mənim göz yaşımı görməyəcəksən.

Mən bir cür yazığam, sən bir cür yazıq,

Bizik bəxti dönük, taleyi pozuq.

Bu gizli sevdanı aşkar uduzduq,

Mənim göz yaşımı görməyəcəksən.

"Görməyəcəksən"

Poeziya ümumən cəmiyyətə ünvanlanır. Kim ondan nə götürür, nə hasil edir, o artıq şairin deyil, həmin kəsin öz işidi. Bir də var, konkret şəkildə müəyyən şəxsiyyətlərə yazılmış adlı-ünvanlı misralar. Fəxrəddin Ziya sözsüz, ətrafı geniş olan ziyalı - həkimdir, elə bu əhatəlikdən irəli gəlir ki, o, xeyli sayda şeirini tanıdığı insanlara, dostlarına, həmkarlarına yazıb. Kitablarında bu dəst-xətt aydın nəzərə çarpır və bu marağın özündə mənfi heç bir çalar yoxdur - əsas odur, şeir ürəkdən gəlib, adamı tərpədir. Müəllifin İsmayıllının Buynuz kəndinə sığınıb yaşayıb-yaradan ustad şairimiz Musa Yaquba məhəbbətlə ünvanladığı "Bu qədər öyrətmə özünə məni" şeiri sanbalı, bədii siqləti ilə fərqlənir. Həssas Musasevərlər yaxşı bilir, bu adda qocaman sənətkarın da kövrək, qəlboxşayan, ürəklərin sarı siminə toxunan lirik nəğməsi var. Fəxrəddin kor-koranə aludəçilik eləməyib, təsirdən uzaq qaçaraq öz şeirini yazıb:

Ruhən izləyirəm səni hər zaman,

Hərdən yanımdasan, hərdən uzaqsan.

İndi öz-özümdən xofluyam, inan,

Qorxuram qəlbimi ovlayacaqsan.

Çılğınlıq, üsyankarlıq şair təbiətinə xasdır. Fəxrəddin Ziya insan kimi nə qədər təmkinli, sakit görünsə də, şeirlərində çox zaman "hövsələsi daralır, səbri aşıb-daşır". Ən çətin məqamda isə özünü ələ alır, yalvarıb dil tökməyə üstünlük verir. "Səsini-ününü eşidim hərdən, arabir görün gözümə" - deyir. Doğrudur, bu sevgi, bu istək ucada dayanır, giley-güzar səviyyəsinə enmir. Axı, el arasında qınaq sahibinin ünvanına "Sənə güvəndiyim dağlar, sənə də qar yağarmış" məsəlini söyləyiblər. Şairin "bir vaxt güvəndiyim, arxam, hanı bəs, qurban eyləyirdin mənə özünü" təsəllisi bitkin fikrin tamamı kimi səsləşir. ("Barı bir zəng elə"). Eləcə də "duyğularım dinən yerdi sizin küçə" misrası seçdiyi adamın, pənah apara biləcəyi şəxsin ünvanını nişan verir. Şairin nəzərində "ətir saçır çiçək-çiçək bu küçə", çünki "hər küçədən işıqlıdır bu küçə, pəncərəniz qəlblənmiş Ay kimidir", ona görə "vurulmuşam" bu küçəyə. "Sizin küçə" adlanan poetik ovqatın sonluğu da gözlənilməz bitir.

Ah, necə də "bəxtəvərdi" sizin küçə,

İndiyəcən sezməmişəm bunu, düzü.

Kaş, mənim də sinəm üstən gözəl keçə,

Qalsın ondan xatirətək ayaq izi.

Xatirələr şair könlünü ovundurur, onu sehrli aləmə - ötən geridönməz günlərə çəkib aparır. Şair ilhamı daim "xatirə bulağından su içir", təşnəsini söndürmək üçün xatirə yolunun yolçusuna çevrilir. Və həqiqətən gerçək bir hiss, məsum bir duyğu haysız-həşirsiz astadan məlum reallığı ifadə edir: "ötən günə gün çatmaz, calasan günü günə". Fəxrəddin Ziya nostalji ovqatın təsirindən həmişə barlanmağı, üzüağ çıxmağı bacarır. Çünki təbiət hər insana (ələlxüsus də şair ola) elə özünəməxsus tərzdə qəlib biçib, başqası həmin qəlibə sığmaz, o ölçü-biçiyə uyğun gəlməz. Nəsimi söyləyirdi: "Məndə sığar iki cahan, mən bu cahana sığmazam". Habelə qəlibdən çıxmağa can atmaq, azad cənnət quşu kimi nəğməsini oxumaq da həqiqi şairin peşəsidi.

Yeri gəlmişkən, 65 yaşın astanasına çatan Fəxrəddin Ziyanın xeyli sayda kitabı çıxıb. Yenə bir danılmaz həqiqəti deməliyəm: bu kitablarda çap olunan şeirlərin hər biri, sanki köklü, əzəmətli bir palıd ağacının yarpaqlarına bənzəyir. Yarpaqlar ömrün günləridir, qatlanmış səhifələrin vərəqləridir. Şeirlərini tələsmədən yazan, qəzəl və rübailərini ayrıca avazla ifa eləməyi xoşlayan Fəxrəddin Ziya bədii parçalarında keyfiyyətin həmişə kəmiyyəti üstələdiyini gözəl anlayır. Qoy bu məsuliyyət hissi ruhuna həmişəlik yar olsun!

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!