Mən çox ağlamışam
göy üzü buludlu olan zaman...
Niyyətim odur ki,
evdən çıxanda çətirsiz olam.
...Mən çox yaşamışam,
məqsədim odur ki,
bu pəncərədən bir daha çəkinmədən
dünyanı gilas ağacının
çiçəklərinə qarışmış görəm.
***
Əllərin başdan-başa gündüzdür...
Üzündəki siman istidir,
nə sükutu dəvət edir,
nə gec vaxt.
Daha gərək təşrifin ola...
Gündüzdə,
xəbərdə,
damarda
və ölümdə...
Eşqdən dilə gəldiksə,
bir fəsil özümüzə səsləyək gərək.
Mahnıları oxuyaq ki,
daha yaralarımız bahar ətrinə bulaşsın.
Qal!
Evimin yarpağını yuxuya verdin,
baharımın fındığını küləyə
və gözlərimin rəngini suya...
O silah ki, daha silah deyil,
o güllə ki, nağıllarda köhnəldi,
Göyərçinlərin qarşısında
quşlara susuzladı.
Tələsmə ki, bulud evinə yağsın
və eşq bir tikə çörəkdə itsin.
Heç vaxt adamı evə gətirmək olmaz...
Adamlar kəlmələrin çöküşündə, çökürlər
və yerdən qalxarkən.
Dəyməmiş sözləri keçənlərə
vermək istəyirlər.
Adam eşqin bacarığında deyil,
eşq qırılır və ölür...
***
Güllələnmiş bir insanın şəklindən eşitdim ki,
o qədər də vaxt qalmayıb
gülün könlünü alasan...
Bir saniyə içində günəşə paltar tikdim,
bir saniyə içində
mavi göyü yatağa yatırtdım.
Ta vaxt qalmamışdı
dərimin yaralı körfəzində
məzhəbi güllər əkim.
Yalnız bir saniyə qalmışdı
O xoşbəxt anı qorumağa ki,
günəşlə günəbaxan arasında
Öz nəfəsiylə qərar verirdi.
Yalnız bir saniyə qalmışdı ki,
çəmənlərin barmağına qonmuş göy üzünü
genişləndirim!
***
Oğurladılar bizi...
Çoxu oyaq idi,
Çoxu yuxuda.
Cümə günləri buludumuz var idi,
amma cümə günlərin oyanmağın,
yuxlamağın adını həyat qoya bilmirdik.
Dandıq ona görə də yuxunu,
dandıq ona görə də oyanmağı.
Evdən çölə çıxdıq cümələri ki,
buludu bəlkə görməyək...
Nə fayda?
Ömür sona varmaqdaydı
və çay cümə axşamlarında
masa üstdə soyuyurdu.
Kibriti yandırdım...
Bu az işığa ağladın sən,
təpədən dırnağa küləkdə durdum.
Mən, sadəcə, bir nəfərəm,
amma indi yüzlərlə quşu
küləkdə unudulmağa aparırlar.
Ay işığından ki, evə dönürəm
dəmirlər paslanıb
itiriblər küləyin ünvanını şairlər,
unudublar balı arılar.
İşıqsız üfüq sənin incə əllərində can verər...
Mən qızılgül idim ki,
başdan-başa Ay işığını qırdım...
***
Divar satin şüşəsində
pozduq bənövşə güllərini...
Pəncərədə balıqların yuxusu idik,
qulaqları üstündə ovcuların şəklini çəkdik.
Tapılmayan şəhərin qız oğlanlarıyla
çiçəklərin fanusunu yandırdıq,
boş ağacların qollarına
meşə meyvələrini asdıq,
işıqlı şüşəli bağların sərhədindən keçdik,
keçilməz solğun divarların üstündən keçdik,
qəmdən toxunmuş inci boyunbağıları qırdıq
və parlaq dənələri balıqçıların
şəkli üstünə tökdük ki,
həsrəti tora çəkmişdilər.
Rənglərlə şəhərə gəldik,
naxışsız şəhərdən getdik...
Sabah buz güllərinin yanına gəldi,
buz güllərinin yanından kənara çəkildi günəş.
Onların bütün şəkli
buz güllərinin üstünə calanmışdı...
Bizdən diri olan uşaqların şəkli idi
və uşaqların röyasında olan kədər bağı
buz güllərini əritmişdi...
***
Bulud mahnının möcüzəsini
dodaqlarımıza əkdi,
unutduq dilimizi...
Köhnə ayaqqabılarımız
köhnə paltarlarımız qaldı.
Biz öpüşlə ağacları bahar etdik...
Biz anlaşılmamazlıq idik bədbəxtlikdə.
Birgə eşq nəfəslərimizdən dolu olan şarlar
tikanlara batıb partladı...
Dayandı ürəyimiz
və yer üzünün yatmış saatları
işə başladı...
Danışırdın mənlə buğ vurmuş
şüşələr arxasından,
görmürdüm üzünü...
Baxdım buğlanmış şüşələrə,
şüşələrdə buxar suya dönmüşdü, cilalıydı,
amma sən yoxuydun.
Eşidirdim səsini uzaqlardan,
yağışda gedirdin...
Sən bir tənha,
çətir altında küçənin sonuna getdin...
Yağışda bir pəncərədən
Violonçel səsi gəlirdi.
Soyuq idi,
evə döndüm.
Pəncərə arxasında yağış yağdı səhərədək...
Kədərin arxasındaydın, qadın!
Hiss et məni,
evə apar!
Bir gülü unutmuşam ki,
üzüm gülmürdü.
Ağız açdı yaralarım,
kədərdən qaynayırdı günlərim.
Məni damcı-damcı hiss et, qadın!
Bu ev söz yeri deyil.
Dilimi bağladım,
keçdi ömür.
Apar bağa məni bu evdən.
Taleyim puçluğa, ürəyim qan olmağa,
dilsizliyə məhkum.
Göz yaşlarım üzümə düyünlənmişdir.
Kimsə evdə görmədi ürək yürüşünü, qadın!
Evə gəldim,
sevginin çöküşünü gördüm
və qəlb zirvələrdə azad olur
tökülür bağçanın üzərinə...
Hiss et məni, qadın!
Biz gecədə çıraq deyildik,
biz gecədə uduzduq!
***
Bəzi ağacları yuxudan çölə çıxarıram,
bəzi ağacları gözgörəsi gündüzdə
gözlərində itirirəm.
Sən ki, bu yoxsulluqla
çörəksiz süfrəyə rəğmən
oturdun yanımda.
Təbəssüm var dodağında,
hər şeyi gördüm.
Ağır təcrübələrimiz mükafatlandırır bizi ki,
astaca ağlayaq.
İnsanlardan qaçaraq
itirdik ev ünvanımızı.
Bənövşənin gözəlliyinə bilərəkdən baxmırıq.
Biz bilmirik!
Bəlkə, bənövşənin yanında
bir gizli bıçaq var torpaqda.
Ağlamaq gərək,
səssiz və sönmüş həftənin
sonuna baxmaq gərək!
Bəlkə də, yağış ola
Biz...
Sən və mən,
bir dükanda süni güllərə baxmağa gedəndə
yağışlı gündə çətirimizi itirdik.
***
Hər bardaqdan su içəndə
sənin dodaqlarının dadını
və sənin qaldığın payız fəslini xatırladım.
Unutqanlıq, unutqanlıq arxasınca...
Amma niyə sənin dodaqlarının dadı
və o qaldığın payız evdə qalmışdı?
Biz sonunda bacardıq ki,
payızı təqvimdən ayıraq.
Amma sənin dodaqlarının dadı
bütün bardaqlara, boşqablara həkk oldu.
Bardaqları, boşqabları evən çıxarıb
sünbüllərin yanına basdırdım.
Sən astanada dayanmışdın
sən bardaqların,
boşqabların mühasirəsindəydin.
Saçların bəyaz,
amma dodaqların gənc idi.
***
Bir vaxt axtarın
saçlarınızı günəşdə
bir çayın kənarında daramağa,
bir vaxt axtarın
qanınızı çəhrayı edəcək qədər
ən gizli adınızı o böyük çaydan soruşmağa...
Sizin zamanız var
o atın adına,
o çölün adına,
sünbülləri dərənə qədər aşiq olmağa..
Sadəcə, uşaqlığınızı deməyin bir-birinizə!
Sünbüllər saraldı,
sünbüllər dərildi
və isti çörək hazırdı,
amma siz sarı kolların
qırağında qarğıdalı olun!
Kuzəyə tökün suyu,
Tək qalmış qızılgül yanına qoyun.
Biz sevirik sizi yalnız o qızılgülün xatirinə...
Tərcümə etdi: Ümid Nəccari
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!