Dodağı təbəssümə bulaşmış bir səhər... - Malik ATİLAY - şeirlər

Yaşamaq stəliyi

Sənə demişdim,

Bilirdin axı

Yaşamaq sevgisi - müalicə olmayan tək xəstəlikdi.

 

Yapışıbsa yaxandan daha buraxmaz,

Əllərin sözünə baxmaz

Gah hansısa itin başına tumar çəkər

Gah hansısa uşağın uçan şarının ardıyca qanad açar

Gözlərin ümidlə dikilər sabaha.

 

Üzündə gülüş gəzdirirsən,

Azdırarsan darıxmağı küçük kimi

Böyük-böyük ümidlər sarar içini.

Uşaqlara qoşulub futbol oynayarsan

Bir sabah qar yağsa əgər

İçindəki yaşamaq sevgisi daha da səni isidər

Qoşularsan uşaqlığına

Bu dəfə çəkmələrin su keçirməz,

Əllərində isti-isti əlcəklərinlə

Əlcim-əlcim qar oynadarsan.

 

Sənə demişdim,

Bilirdin axı

Yaşamaq istəsən

Soba dibində yatan pişik kimi

Gözəl hissləri oyadarsan.

 

Əlsizlərə əl olmaq,

Ayaqsızlara ayaq olmaq istəyərsən

Təpəgöz kimi

Təkotaqlı,

Təkadamlı evini

Bölüşərsən evsizlərlə.

 

Demişdim axı,

Sən bilirdin

Yaşamaq sevgisi ən çox mavi rəngdə olar.

Sonsuz olar, yəni

Ona görədir dəniz qədər sevib,

Göy üzü qədər yaşamaq arzun.

 

Səfər çantası

Getdiyiniz yerlərə

Bir az həsrət aparın ürəyinizdə,

Sinənizdə Xəzər qoxulu bir nəğmə çırpınsın

Ruhunuzu əmanət edin İçərişəhərə

Canınızı götürüb gedin...

 

Getdiyiniz yerlərə

Bu şəhərdən heç olmasa bircə küçə aparın

Yuxularınızda gəzib dolaşasız deyə

 

Qara gözləriylə ürəklərə yanğın salan qızın

Xəyalını da qoyun səfər çantanıza

Qürbətdə gecələr ağır olur deyirlər.

Bir vaxtlar

Saçlarından başlayırdı uzun-uzun nağıllar,

Gözlərindən doğurdu ipisti günəş.

Bir zamanlar

Hər şey heç nə olmağa can atırdı.

Qara-qara düşünürdüm

Səni yazdıqca ağ vərəqlərə

İndi sənin və ayrılığın ayağına yazılır çəkdiyim ağrılar.

 

İndi

Külək necə dağıdırsa payız vurmuş yarpaqları ora-bura

Mən də ruhumdan əsən küləklərə xatir

Dağıdıram ürəyimdən sevgini...

Umudun nəğməsi

 

Gecə növbəsindən çıxıb evinə gələn adam

Oturub bir küncdə dizlərini ovuşdurur.

Qurumuş barmaqlarıyla silərək yaşlı gözlərini

Dizlərinin üstündə

Uyutmaq istəyir canındakı ağrıları.

Dodaqlarında çeynəyir

Toza-torpağa bulaşmış mahnını

"Yollara göz yaşlarımı səpmişəm

Gözəl günlər gələndə toz olmasın".

 

Bəlkə

Bəlkə, artıq şəhəriniz olar yaşamağa,

Küçələrində rəqs edib,

Ləpədöyənində yalnızlığı döyəcəyimiz bir şəhər...

 

Bəlkə, artıq küçəniz olar

Divarlarına güllər çəkilmiş,

Binaları arzularımız kimi

Üstümüzə uçmayacaq bir küçə...

 

Bəlkə, artıq ümidiniz olar

Dərsi bilməyən uşağın

Qorxu sarmış ürəyinin küncündəki

Kiçik bir ümid boyda

Xırda lap xırda...

 

Bəlkə artıq səhəriniz olar

Qayğısız,

Uşaqların səsində itib-batan

Dodağı təbəssümə bulaşmış bir səhər...

Bəlkə, artıq azadlığınız olar yaşamağa.

 

Deyirdi, Abbas kişi

Həyatı əzab içində keçən insanın

ölümü gözəl olmalıdı.

İki dünyadan heç olmasa birində

Ədalət olduğuna inanırdı Abbas kişi.

 

Deyirdi, öldüyün zaman

Ən çox qarışqalar və uşaqlar yeməlidir ehsanını.

 

Deyirdi, qurban olduğum Allah bilir hər işi.

 

Ölümündən bir gün qabaq

Dəli olmuşdu Abbas kişi.

Rus gitarası

Külək budaqlara sığınan zaman

Qərib-qərib gəzən sərsəri şaxta

Bir yetim canında qızınan zaman

Sən evdə əllərin başının altda,

İsti yatağında yuxulayırsan...

 

Çox-çox uzaqlarda, bir uşaq öldü,

O körpə öləndən kimsəsiz qalıb

Oyuncaq meymunla şəkilli fincan...

 

Şəhərin qaranlıq bir küçəsində

Tələbə soyuldu,

Cibindən çıxan

Üç manat on qəpik bir də metrokart...

 

Yatmışdın, xəbərin olmadı sənin

Bu soyuq gecəni səhərə kimi

Ovutmaq istədi rus gitarası.

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!