Xəyalların o biri üzündəki qadına məktub... - Əlizadə Nuri - şeirlər

 

Xəyalların o biri üzündəki qadına məktub

Hardasan, hardasan üzü Tanrıya

Adını duatək pıçıldadığım?..

 

Sən məndən yüz ağac uzaq düşmüsən, -

Yüz ağac yarpağı gizləyib səni...

 

Bizim aramızda yüz ağac durub, -

Hər ağac altında bir həsrət yatıb...

 

...Hardasa, hardasa uzaqlardasan, -

Bu axşam hardasa indi gün çıxıb...

 

Sən də uzaqdakı xəyal kimisən, -

Təkcə uzaqlara çatır əllərim...

 

Hər gün misra-misra çəkib canıma,

Qadın, şeir kimi yazıram səni...

 

Axır aramızdan ayrılıq çayı, -

Bir sahil sənindi, bir sahil mənim...

 

Sıxır ayağımı bu yer kürəsi,

Yorur gözlərimi göy üzü sənsiz...

 

Niyə çəkib getdi o yollar səni. -

Nə bildi, uzağı pis görürəm mən?!

 

Batrıma basmışam bu ayrılığı,

Bizim sevdamızın balası kimi.

 

Sən məndən nə yaman uzaq düşmüsən, -

Dünyanı nə qədər böyütmüsən sən?!

 

...Hərdən uzaqlardan mənə əl eylə,

Qaldır o əlini eşq bayrağıtək...

 

Hərdən saçlarını yuxuma göndər,

Sənin saçlarıntək qarışsın yuxum...

 

...Sən məndən yüz ağac uzaq düşmüsən,

Hələ də min ağac yaxınsan mənə...

 

Deyəsən, o qızın su idi adı

Sən demə, ölümdə əkinçi imiş,

Torpaq ömürləri xışlayıb keçir.

Dünən bir-birinə çiçək atanlar,

Bu gün bir-birini daşlayıb keçir...

 

Şeytana daş atan özü də cinmiş.

Sonuncu ümid də dünən keçinmiş...

...Tanrı bu dünyadan gəlib keçirmiş, -

Ancaq yer üzündə düşməyib keçir...

 

Deyəsən, o qızın su idi adı, -

Hara axıb getdi... niyə qalmadı?

...Bu dünya elə bil qızıl almadı, -

Hərə bir tərəfdən dişləyib keçir...

Bir çay kimi doğulmuşdum...

Öz başım öz dizim üstə, -

Öz laylamı çalan mənəm.

İçimdəki həqiqətəm,

Çölümdəki yalan mənəm.

 

Yenə də ağ buludlardan

Qara yağış yağır yerə, -

Neynim, durula bilmirəm.

Vurulub çoxalar adam,

Mən də vurula bilmirəm...

Bir döngədə dayanmışam,

Sənə burula bilmirəm, -

Küçə sənsən, dalan mənəm.

 

Sən köhnəbir bayatıda

Bəlkə təzə bir sətirsən?

Sən Anasan, anadilsə, -

Yenə də dil-dil ötürsən?!

Saçlarına sığal çəkib

Sən niyə dərd böyüdürsən? -

Ana, sənin balan mənəm...

 

Dünya öz gərdişindədi,

Yenə köhnə işindədi

Qəhər mənim boğazımda

Zəhər onun dişindədi. -

Nə oslun ki,ilan mənəm?!

 

Göy - bulaqdı, mən də quşdum,

Yer üzünə yıxılmışdım...

...Bir çay kimi doğulmuşdum, -

İndi gün-gün quruyan mən...

Ölüm adlı bir çuxura

Sıza-sıza dolan mənəm...

 

Ayı pəncərəndə

tül eyləyərdim

Bilsəydim harada ağlamısan sən,

Tapıb göz yaşını ləl eyləyərdim.

Haçansa yanına qayıtsın deyə,

Getdiyin yollara əl eyləyərdim...

 

Ömür azaldıqca, arzular artır...

Mən sənə qədərəm... bəs hanı ardım?!

...Sənə ulduzlardan bir ev qurardım. -

Ayı pəncərəndə tül eyləyərdim...

 

Aydan arı olmaq ar gəlir sənə?

O kimdi deyirdi: "Yar gəlir sənə?!.."

Görsən ki, Yer üzü dar gəlir sənə, -

Suları qurudub çöl eyləyərdim.

Sevgim səngər olar, - sipər istəsən,

Verim qollarımı, - kəmər istəsən.

...Eşitsəm, harasa səfər istəsən, -

Mən öz gözlərimi yol eyləyərdim...

Yer-göyün altında

bir zirzəmidir...

Başı saxlayanda yerə üz düşür...

Könül düşüdyünü könülsüz düşür...

Göydən nə düşürsə yerə, düz düşür, -

Dünya böldüyünü tən eləmədi.

 

Ruhum göy üzündə üzən gəmidi,

Yer-göyün altında bir zirzəmidi...

İlahi, bu ömür necə zəmidi, -

Ha yığdım, bir çuval dən eləmədi?!

 

...Yaramın yanına bir duz da qoydun...

Düz edib sən məni bu düzdə qoydun.

Dünyada nə varsa, üst-üstə qoydum, -

Hamısı bir yerdə sən eləmədi...

 

Gərək əllərimi

atım bir yana...

Bəlkə yüz ömürlük havam olarsan, -

Çəksəm nəfəsimə bir udum səni...

Yayda istədiyim yağış kimisən,-

Gəl, basım bağrıma buludum, səni.

 

İçində azdığım yaşıl meşəsən...

Gülsən, gül bağısan, ya gülöyşəsən?

Yaxamdan asdığım bir bənövşəsən, -

Əlim də gəlmir ki, qurudum səni.

 

Getsəm, müğayat ol xatirələrdən,

Eh, daha nələrdən, daha nələrdən...

...Gərək göz yaşına söz qoşum hərdən,-

Gərək misra-misra ovudum səni...

 

Qılınc doğuldum ki, batım bir yana...

Bu yol da yorulmur, - çatım bir yana...

...Gərək əllərimi atıb bir yana, -

Saçından başlayıb unudum səni...

 

Hansı albomunda

soluram sənin?

Deyəsən, çox sevib əzab verirəm, -

Dərdini çox çəkib, - yoruram səni.

Görək necə çıxır gülün heykəli, -

Hələ ləçək-ləçək yonuram səni...

 

Dünya çox cavandı, sevgim çox qədim,

Oturub dünyanı nə çoc gözlədim?!..

...Bilirəm, əllərin səni gizlədib, -

Tutub əllərindən soruram səni...

 

Yolda azıb qalan fikir kimiyəm...

Odu atıb gedən bu kül kimiyəm.

...Mən çoxdan çəkilmiş şəkil kimiyəm, -

Hansı albomundan soluram sənin?!..

Bu pərvanə

nə istəyir görəsən?

 

Ağaclardan xatirədi koğuşlar

Nə yaxşı ki, dağa çıxır yoxuşlar...

Qanadından yaralanmış o quşlar

Düşüb şair varağında ağlayır.

Bağban yatıb, mən də bağa gəlmişəm,

Bu gün səni unutmağa gəlmişəm...

...Saçlarını ovutmağa gəlmişəm, -

Eşitmişəm darağında ağlayır...

 

Sən baxmısan, - sular belə durulub...

Bəlkə dəniz gözlərinə vurulub?

...O qoca da qucaqlayıb torunu,

Bir dəryanın qırağında ağlayır...

 

...O günəşdi, yoxsa göydən yar baxır?!

Çiçək-çiçək çəkir məni yar bağı...

...Payız dəyib xətrinə o yarpağın,

Bu ağacın budağında ağlayır?!

 

O ocaqdan xatirədmi bu külü...

Sənsiz keçən bu ömür-gün bürkülü.

...O yetim də durub boynu bükülü,

Dərdin dadı damağında ağlayır...

 

Bu ümid də göyərmədi dərəsən, -

Bir qadının sinəsinə sərəsən...

...Bu pərvanə nə istəyir görəsən, -

Ürəyimin çırağında ağlayır?..

Sənin adına şəhər

Mən sənin adına şəhər salmışam,

Gəl indi ad seçək küçələrinə.

Oturub şəhəri tumarlayıram, -

Saçını sərmisən gecələrinə...

 

...Gəl öz şəhərini göstərim sənə,

Onu misra-misra sənə tanıdım.

Mən sənin adına şəhər salmışam,

Ürəyim - şəhərin baş meydanıdı...

 

Bu şəhər oturub səni gözləyir,

Gəlsən, çiçəyinə şirə gələcək.

Dünyada nə qədər sevən adam var,

Bir gün bu şəhərə pirə gələcək...

 

...Tikdim ürəyimin sahillərində, -

Qoymadım gözümdən onu yan keçə.

Qala qapısıyam mən bu şəhərin,

Təkcə sənin adın qapıdan keçər...

 

Səni bu şəhərə tanrı şah seçib, -

Nə fərqi - sarayı, ya taxtı olsun?

Bir şəhər salmışam sənin adına,

Saldım ki, eşqin də paytaxtı olsun!..

 

Qapını gün açar, pəncərəni Ay, -

Bir yanı gündüzdü, bir yanı axşam.

Nə olsun, dünyanı verə bilmədim,

Sənə sevgi boyda şəhər salmışam...

 

Girib bu şəhərə baxıram hərdən,

Getmək istəyəndə kimsə "qal" deyir.

Sənə dünya boyda şəhər salmışam, -

Gör sənə bu şəhər darısqal deyil?!..

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!