hər şey dəyişəcək qollarında... - Gülsadə İbrahimli - şeirlər

Tablo

Kətan parçaya çırpılmış fırça zərbəsi kimiyəm,

Dağılıb rənglərim.

Günəşimə gecə bulaşıb, gecəmə qırmızı.

Bir "kaş ki"nin gerisindəyəm,

Bir "bəlkə"nin ötəsində.

Olduğum yerdə yoxam, yoxluqlar müəmma.

Bəzən danlayıram özümü, toxunub güzgüdə baxışlarıma.

Mən məndən geriyə qalan "tablo"yam.

Sərsəm arzuların ipəyatmaz qadını.

Uzaqlar qədər arzulanan, yaxınlar qədər bezdirici.

əllərimdə Tanrının oğurlanmış sirri,

dodaqlarımda həsrətin portağal dadında ölümü.

Yaxın gəl, qorxma, gözlərimin vəhşi intiqamından

Birazdan hər şey dəyişəcək qollarında.

 

Qəhrəman

Hər kəs bir qəhrəmandı,

Kimi qurduğu xəyalların

Kimi yıxdığı xəyalların qəhrəmanıdı.

İndi sənsiz axşamların cavabdehi deyil yorğun bədənim.

Antidepresyon olmur sabahadək sevişmələr.

Üşüyən ayaqlarımı qısıb qollarıma yerini doldurmaq kimi

Bir vərdiş də tapmışam,

Daha da vecsizləşmişəm.

Üsyankaram,

Davakaram.

Səndən sonra sevmədim insanları.

İndi hamı səndi - riyakar, zəif və axmaq.

Nə qədər çox söydüm səni,

Nə qədər lənətlədim gülüşlərini bilmirsən

Necə biləsən?

Nə qədər dua etdim geri gələsən...

Sən yoxluğunu əbədiyyətə çevirib

Hər gün ölümünü müqəddəsləşdirdiyim aciz adam,

Bu qədər yoxkən və bu qədər

                                   böyük ölmüşkən niyə dönəsən?!

Kim oğurlayıb

Sarıl mənə qollarım,

Doldurmur sinəmi gedənlərdən qalmış boşluqlar.

Payızını yaşayır təkliyim,

Son yarpağım yaxasın qapdırmış rüzgarlara.

Ümidim pəncərələrdə asılı

Keçirəm aynanın önünə,

sual tökülür saçımın bəyazlarından...

kim oğurlayıb bu qadını içimdən?!

 

"Dünən"li

Aramızda yaşlanmış bir ayrılıq var,

Dil dəyməmiş peşmanlıqlar.

Bizsizliyin yorğunuyuq, baxışların yaşlanıb.

Saçlarında əl izlərimin yaşı keçmiş,

Hər gecə üzünü çevirib mənsizliyinə

Nə qədər söymüsən gedişlərimi...

bir kəpənək ömrü yaşamışkən,

Bir eşqin ölümünə şahid olmuşlarıq.

Baxma gözlərimə ən dərinlərindən,

Biz bir-birini sabahından vurmuşlarıq.

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!