Təşbehə ağı
I
Sənin hicrətindir mənim ömrüm, -
uzun bir səfər etmisən -
xəyallarımdan xatirələrimə köçmüsən.
Həyat bəzən bizlə
yalnız sevişdiyi günlər mehriban olan
meşşan kimi davranır,
və eşqin rahatlığı
bizim yalnızlığımızda quyulanır...
Olanları xatırlatmaq vaxtın işidi,
ürəyim yaralar muzeyidi,
ancaq xatirəsi olanlar içəri buraxılır.
Şüşənin altında qorunur
dilimin zəhəri,
divardan asılıb
günahın şeytan təbəssümü...
Cümə yorğunluğuyla baxıram şəklinə, -
heç nə dəyişməyib,
hər şey eynidi -
sənli günlər üzünə parça atılmış,
ayaqları açıq qalan ölüdü.
Sıyrılmış dəri kimi göynədir tale,
qədər...
Dirilərin gözlərinə,
ölülərin ayaqlarına çökür kədər...
Hardasan indi,
hansı qaralanmış sözün altındasan?
Yenə nöqtəli hərflər kimi
səhvlərin astanasındamı yaşayırsan?
Beynimdə bir-birinə qarışır
qadın xəyalları:
vaxtı və yeri unudub
xatırlayıram onları.
Heç zaman yaranmadı
iztirabla mehrin ülfəti,
ehtiras vaxtı soyunulmuş
paltarlar kimidi günahlar, -
hərəsi tələskən bir ananın əbədiyyəti...
II
Getdiyim yolların qəlbi daş,
içdiyim şərablardan
tövbə əmir ürəyim.
Ayaqlarım gəzdiyimiz yerlərdən
izlərini gəmirir.
Kim ki özündən qaçır,
qamçılasın özünü.
Hamı yaxşı tanıyır
günahın güzgü üzünü.
III
Səndən xatirələri soruşsalar
kəsilməsin səsin,
solmasın bənizin,
de ki, mən də sevmişdim
aşiqlərlə bərabər,
de ki, nəğməm qocaldı, -
öz səsimlə sərasər.
De ki, söndürülmüş işıqları
ovutmaq üçün
layla deyirəm nur dilində,
de ki, günah təzə-tərdi,
yada düşən hər gündə.
Gəl xatirən tərəfə -
özünlə bir qarşılaş,
mən keçmişdən dərs keçim -
nəyi bilməsən soruş.
IV
Çox şey tarix olurmuş,
tarixçilər
Heredotun şəkli uydurulmuş otaqlarda
danışmazlar belə günlərdən.
Yaddaşın işğal tarixi başlar,
gözlərinin önündən.
Çox şey tarix olurmuş:
məsələn, gözəl bir qadının qocalması...
Haçandan başlayır o faciəli gün?
Dırnaqlarını boyamağa
ərindiyi səhərdənmi,
ona yaraşan papağı
hardasa unutmasındanmı,
olmaya çəkələkləri ayaqlarına oxşamayandan?
Məndən olsaydı,
sənin əllərinlə ömrümü ovub,
yaşadığın günlərə qarışardım.
Əgər Allah kimi hər şeyi bilsəydim,
yenə də səndən adını soruşardım.
V
Keçmişi arzulamaq
bir başqa üzümüzdür indi,
təmiz,
pak,
ləkəsiz üzümüz,
əyintisiz sözümüz...
Keçmişi xatırlamaq bəzən
yüngüləxlaqlı qadının
evdarlıq arzulamasına taydır, -
ilişdirirsən yaxanı ümid ilgəyinə,
sən paklığına qovuşacağını düşünürsən,
ancaq insanlar inanmır sənin dəyişəcəyinə.
VI
Sənin əllərinin cadarlarına
hansı günlərin izləri düşüb?
Mənim dilimə oyuncaq
sevgilərin qırıq yerləri hopub.
Mən sözlərimi köksümdə
sən əllərini ciblərində gizləməklə
geriyə qayıda bilərik,
ancaq sən mənə əl uzatmalısan,
mən də nəsə deməliyəm sənə.
Səndən danışırlar mənə,
sanki heç nə eynimə deyil,
amma ürəyimdən buzlar sınır,
Səni heç vaxt görmədiyim,
adamlarla düşünürəm,
heç vaxt getmədiyim
yerlərə gedirsən xəyalımda,
eşitmədiyimiz mahnılar dinləyirsən,
saçlarının rəngi fərqlidi,
gülüşün də dəyişib,
yad ifadələr daşlaşıb üzündə,
səni hər şeyə yadlaşdırmaqla
qoruyuram içimdə.
VIII
Xoşbəxt günlər
bir işıq xəyalıdır yaddaşımda,
sənin adına yandırdığım şamlar ölüb,
ürəyində arzu tutma...
Yığmışam qəlbimə,
yanmış kibrit çöplərini
sənəd səliqəsiylə...
IX
Bax, indi düyməmi tikirəm,
subaylıq əlimə batır,
anamın ağrısı
iynənin gözündən keçir...
Çay dəmləyirəm,
sən yadıma düşürsən,
gedib yapma gülləri sulayıram...
Şəklinə baxıram, - bu sənsən.
Gözümün görməyə
alışmadığı qədər gözəlsən.
Gündüzün yorğunluq qandalın
gecənin sükutuna taxıram.
Günəşi söndürüb yatıram.
Sabahsa həminki - eynidi.
Nolar, tanıma sən məni -
dəyişən içimin əynidi.
Pəncərədən baxıram
Pəncərədən baxıram;
keçmişi qoxusuyla xatırlayan biri keçir,
üzündəki dünənin təbəssümü
"əlini uzadır" bu günə
və sonra xatırlayır:
"əlləri yoxdu"
və o, keçmişin salamını almır.
Bilir ki, vaxt olanları unutduracaq,
hər şey ötüb keçəcək,
bilir ki, gec-tez həqiqətin cəlladı
əllərinin qanını
onun yaddaşına sürtəcək.
Pəncərədən baxıram;
uzun bir əyləc səsi eşidilir,
kimsə özünü saxlayır
əbədi günah qəzasından,
yaddaşın qanı axır durmadan,
xatirələrin yarasından.
Pəncərədən baxıram;
qadının gözlərinə dolub deyəcəkləri,
əllərinə dolub sığalı,
görəcəkli günləri qabaqdaymış
onlu günlərin təqvimini
düzəldəndən sonra bilir
illərdə nə az gün varmış.
Pəncərədən baxıram;
qum saatını küçəyə boşaldır bir qadın -
vaxtı çölə tökür.
Daha o bundan sonrakı ömrünü
heç kəsi gözləmədən yaşayacaq,
qum saatının bu gözündən
o biri gözünə müddətsiz
tənhalıq axacaq.
Pəncərədən baxıram;
həyat dolu,
sevgiylə ləbaləb
bir qadın nəsə danışır,
maykalı bir yekəqarınsa,
ona dinləmədən,
dilinin altında deyinir,
və eyvanda çəkdiyi
siqaret kötüyünü otağa gətirib
qadının həyat eşqində söndürür.
Pəncərədən baxıram;
uşaq atasından pul istəyir,
ata əlini cibinə salır, -
uşaq sevinə-sevinə qaçır -
və onun ömrünün
istədiyini alandan sonra
uzaqlaşmaq dövrü başlanır.
Pəncərədən baxıram;
dünya gözümə
qəbiristanlıq qarovulçusu kimi görünür,
o, kimin harada basdırıldığını gözəl bilir
və onun gözlərində daim
yolların axırı görünür.
Pəncərədən baxıram;
Gecə öz kəfən pulunu
qaranlığın döş cibində gizlədib,
istəmir əcəl ayağında ondan ötəri kimsə
səhərin qapısına minnətçi düşsün.
Hər gün ölənlər gərək
yaşamağın bu yolunu seçsin.
Bürcün əl izləri
Dar köynəklərin qol düymələrini
zülmlə bağladığım bir səhərdə gəl,
özünü sil otağımın tozlu yerlərindən.
Və al məni bütün gözəllərdən
səni gözəlliyini "düzəldən"
çinli xislətimin əlindən.
Baş daşları kimi hər tərəfdən baxma,
qoy nəzərindən yayınmağa bir yerim olsun.
Dağıt bütün sığınacaqlarımı,
amma uçmuş körpünün
salamat "dirəyini" görməyə
balaca bir pəncərəm qalsın.
Qəbirqazanın rəhimsiz təpiyindən
içi çevrilən torpaq kimiyəm -
bir üzümdə həyata
bir üzümdə ölümə yer verirəm.
Sənsə dağılmış ölkənin bayrağı
yastığının altına uyuyan qəhrəman,
Beləcə, ömrün şirin yuxuların
acı həqiqətinə çevrilir hər zaman.
Tale varsa,
bəlkə də, bütün olanlar səbəbsizdi,
bütün adamlar günahsız.
Bizə çox həqiqətləri demədilər
və beləcə, ümidlə səsləndiyimiz insanlar
barmaqla çağırılan adamlara çevrildilər.
Nə yaxşı ki, tanıdım səni,
nə yaxşı ki, evimin güzgüsündən keçdin.
Bu gün səndən qalan
sonuncu əşya da aqibətinə qovuşdu.
səni xatırladan hər şeyi
həyat süpürləyib əlimdən aldı.
İndi sən daha yaddaşımda
kimsəsiz,
soysuz birisən -
neynək, beləsən...
Bu zəhər sevginin
boğazında qalan əbədi tikəsən...
Mən, -
hə, mən,
hə, mən ağzıyanmış
getmişdim o çayın üstündəki körpüyə,
baxmışdım "izdivac ağacları"dan asılmış
saysız-hesabsız daşqəlbli kilidə.
Yox idi,
yox idi,
yox idi heç birinin üstündə adımız,
içilib çaya tullanan
şampan şüşəsində üzürdü
xatirə günahlarımız.
İndi divardakı quş kölgələrinin
önündə dayadığımız gecənin
xatirəsinə qalıb saat,
kəfgirləri yaddaşıma sancmışam.
Sənsiz keçən vaxtı görməmək üçün
qol saatımı divardan asmışam.
Lənətə gələsən...
Lənətə gələsən...
Lənətə gələsən...
Dilimin ucunda
qış yuxusuna getmiş bir söyüşü
oyada bilmirəm -
sənsiz günləri yağlamaq üçün.
Bir Kəbə zənciri gərəkdi
səni diləməyimin
əl-qolunu bağlamaq üçün.
Amma səni tapmaq indi nədənsə
heç də səadət kimi görünmür mənə.
Səni tapmaq elə bil ki,
təzələnmiş itirmək qorxusudu.
Arzulama aylar,
illər,
fəsillər xoşbəxtliyin.
ağ günün ömrü uzağı
kəpənək yuxusudu.
Şükür pramidası
Bir-birinə ilişən saat əqrəbləriyik, -
sükunətdə birik, hərəkətdə ayrı.
Sən demə, çox şey elə
öz adıyla əzaba dönürmüş -
bir əzaba qoydum sən daşıdığın adı.
Ötən zaman qardaş itkisi misalı,
bütün ömrüylə yadımdadı.
Hər sevgi bir əlamətdar günmüş,
mənsə heç vaxt təqvimxasiyyət olmadım.
Sözlərin uzanıb yalan tərəfinə,
yıxılıblar bəhanə döşəməsinə.
Neynək,
heç nəyi çözələməyək,
nə yaşanıbsa bir üzü haqdı.
Vaxtın pəncərəsinə söykəmişəm yanağımı,
xəyalın gözdən itən yorğun qayıqdı.
İndi könlün qara kağızında,
bəxtin əlləriylə yadlıq xəritəsi cızıram.
Yaşaya bilmədiyimiz hər nə varsa,
Allaha bağışlamağa hazıram.
Puçluğun başının altına yastıq qoyuram,
gəldi-gedərliyə su verirəm,
havaya çıxardıram.
Həqiqətin əlləri oturduğum budağı kəsir -
ancaq özümü aldadanda sənə inanıram.
Bilmirəm,
bilmirəm,
bilmirəm hardasan...
Bildiyim odur ki,
haçansa Allahdan soruşacağım sualdasan.
Heç olmasa Tanrı müdrik cavab verməyə,
barı müəmmanın geyim otağında
həqiqətlər qiyafətini dəyişməyə.
Rənglərdən ən vəfalısı sarı imiş, -
solan rənglər hamısı sarıya çalır.
Zülmət möhürü addımlarından
sinəmdə sarı-sarı ləpirlər qalır.
Yuxuda daha tez böyüyən körpələr kimi,
uyuyan dərdlərlə,
keyləşən ağrılarla yaşa doluram.
Haçansa zamanın qəlbimə məlhəm olacağını,
nə vaxtsa unudulacağını düşünəndə
gələcəyimdən utanıram.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!