Dəyişmə, həmişə qal olduğuntək,
Nə qədər ki, sağsan, imkan var buna.
Zaman varlığını məhv edənədək
Bağışla hüsnünü övladlarına.
Gözəllik yaşayır kirəkeş kimi,
Köçür sən də onu öz varisinə.
Bir gün tərk edəndə fani aləmi
Dəyişməmiş qalsın gül hüsnün yenə.
Qoruyar uçmaqdan gözəl binanı
Sabahı düşünən, qayği çəkən kəs.
Bu evə neyləyər qışın tufanı,
Bu evə ölümün nəfəsi dəyməz.
Atanı qorusan sən öz oğlunda,
Nəvəndə hifz edər səni oğlun da.
Hər şey yetkinliklə qazanır zəfər,
Onu da tez alır hökmü rüzgarın.
Dünya bir səhnədir, burda şəkillər
Dəyişir sehriylə kəhkəşanların.
İnsan taleyiylə bir ota bənzər,
Ot kimi göyərər, məhv olar hökmən.
Bahar gəlişiylə hüsnünü bəzər,
Payız şuxluğunu alar əlindən.
Belədir, dəyişir həyat həmişə,
Bu, daha şərəfli edir üzünü:
Zaman ölüm ilə girib sazişə,
Çevirir gecəyə al gündüzünü.
Qəm yemə, qələmim bağ tiyəsitək
Ömrünü şeirimlə peyvənd edəcək.
Aktyor bilməsə rolunu əgər,
Yanılıb dolaşıq salar sözünü.
Elə ki, bir çılğın heyrətə gələr,
Heyrətdən itirər tamam özünü.
Mənsə, bax, beləcə səssiz dayanır,
Aça bilməyirəm könlümü, inan.
Titrək dodaqlarım alışıb yanır
Hədsiz məhəbbətin alovlarından.
Qoy sənə sevgimi kitabım desin,
Bir də bu gözlərim – lal peyğəmbərlər;
Səndən yalvararaq əvəz istəsin,
Ürəyi gözlərtək kim duya bilər?!
Oxu lal eşqimin hər kəlməsini,
Eşit gözlərinlə qəlbin səsini.
Əgər yaranmırsa heç nə yenidən,
Daim dövr edirsə əvvəl olanlar,
Yenilik naminə dərd çəkək nədən?-
Keçmiş nəsilləri edirik təkrar.
Günün beş yüz dəfə dövr etməsini
Gətir xəyalına, bir yetir nəzər,
Sözlə əks olunmuş qədim əksini
Qədim kitablarda tap, mənə göstər.
Söyləyim: o vaxtkı kamil insanlar
Nə deyə bilərdi bu gül hüsnünə.
Bizmi irəliyik, yoxsa ki, onlar,
Yoxsa dəyişməmiş cahanda heç nə.
Əvvəlki dahilər, hiss edir ürək,
Vurublar misə də qızıldan bəzək.
İngilis dilindən tərcümə edib: Sabir Mustafa
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!