Döymə baxışınla yad qapıları... - Saleh QURBANOV - şeirlər

 

Yerlərə

Yadımdan düşüb gedirsən,

Yadıma düşən yerlərə.

Gedirsən, məni unudub,

Səni soruşan yerlərə.

 

Ona sevgi qalam deyin,

Sevgim deyin, bəlam deyin,

Əhval tutun, salam deyin,

Halı pərişan yerlərə.

 

Sinəmdədi dağ, buludlar,

Səsimə uzaq buludlar.

Uçub gedir ağ buludlar,

Göz yaşım düşən yerlərə.

Dağları

Gələni, gedəni gözündən qoymaz,

İllərdir görürəm sayıq dağları.

Duman boz dənizdi, bulud yelkəni,

Tufanlar batırmaz qayıq dağları.

 

Nur içir Günəşdən çeşmənin buzu,

Yandırır çəməni çiçəyin közü.

Vurulub qayaya şəlalə qızı,

Qorxuram salalar duyuq dağları.

 

Çayları təntidir dərənin kini,

Zirvələr atıbdı gözdən mürgünü.

Geyindir əyninə duman kürkünü,

Bilmərik üşüdər soyuq dağları.

 

Göylərmi yaradıb o ağ qədəhi?

Şimşək sındırmadı bu sağ qədəhi,

Qaldırıb başına bulaq qədəhi,

Bu səhər görmədim ayıq dağları.

 

Yarımçıq məktubmuş...

Fit səsi yorulmur qapı döyməkdən,

Tutur öz yerini sərnişin günlər.

Sonuncu yarpaqda tövşüyür xəzan,

Beləcə payıza qarışır güllər,

Yarımçıq məktubmuş ömür sən demə.

 

Yorğun həsrətindən sürüşür yollar,

Bir addım geridə ləngiyir izin.

Yadından gedənlər yadına gəlmir,

Dilinin ucunda əriyir sözün,

Yarımçıq məktubmuş ömür sən demə.

 

Əllərin yellənir ağ bayraq kimi,

Bu ömrün sonuna təslimsən bəlkə.

Yuxuya veribsən ürək ağrımı,

Sən mənim təsəlli fəslimsən bəlkə

Yarımçıq məktubmuş ömür sən demə.

 

Döymə baxışınla yad qapıları,

Ağlayar, kiriməz unutduğun gün.

Üçan xatirədir durna qatarı,

Qəlbində üşüyər uyutduğun gün

Yarımçıq məktubmuş ömür sən demə.

 

Dumanın canından sıyrılıb dağlar,

Nəmli göy qurşağı yerə əyilmiş.

Bitməyən cümlədi bəlkə də torpaq,

Bu göylər bəlkə də bütöv deyilmiş,

Yarımçıq məktubmuş ömür sən demə.

Darıxdım

Bu günümə qayıdım,

Dünənimdə darıxdım.

Bir az qaçım özümdən,

Bir az məndə darıxdım.

 

Sayır fikir ağrımı,

Sökür, tikir ağrımı.

Torpaq çəkir ağrımı,

Kəfənimdə darıxdım.

 

Bu qış yetişdi hardan?

Canım üşüdü qardan.

Daha köçürəm burdan,

Bədənimdə darıxdım.

 

Çiçəklədi

Bu yazın gözündə gəldi bənövşə,

Ömür təzələndi, yaş çiçəklədi.

Çəkildi göylərə şaxtanın ömrü,

Qarlı quzeylərdə qış çiçəklədi.

 

Yol açdı dağların duman yolunu,

Şəlalə qayadan asdı qolunu.

Sərdi yamaclara bahar şalını,

Cığır ətirləndi, daş çiçəklədi.

 

Ay Saleh, yol gəlir ulduzun əksi,

Boyandı yaşıla bu yazın əksi.

Düşüb gözlərinə bir qızın əksi,

Bulağın gözündə yaş çiçəklədi.

 

Ayrılım

Mən gecənin təşnəsiyəm,

Daha sabahdan ayrılım.

Payızlaşmış bir yarpağam,

Düşüm, budaqdan ayrılım.

 

Gerçəksənsə, nədir gerçək?

Dedin mənə qəmdən əl çək.

Ürəyimi göylərə çək,

Bəlkə bu ahdan ayrılım.

 

Dərdə yetdim fəryadımla,

Yola getmir dərd odumla.

Öldür, günaha addımla,

Öldür, günahdan ayrılım.

Bu gecə əllərim

özümə çatmır

Nəmli dodağında ləngidi sözü,

Ətəyi əlində bir bulud getdi.

Sinəsi qızaran qürub təndirdən,

Sürüşüb axşama Günəş küt getdi.

Günün canı öldü, işıq oyatmır,

Bu gecə əllərim özümə çatmır.

 

Əvvəli sevgidi, sonu xatirə,

Kim yazıb könlümə gör bu hicranı.

Əl-əli arzular, həsrət-həsrəti,

Ürəkdən-ürəyə körpü hicranı.

Dərdlərim bir azca başımı qatmır,

Bu gecə əllərim özümə çatmır.

 

Təpələr bükülüb yaz yuxusuna,

Bir eşqin günahı yatır ovcunda.

Ulduzlar səpilən buğda dənimi?

Ay yandı, qovruldu göyün sacında,

Qəlbim harda qaldı, oduma batmır,

Bu gecə əllərim özümə çatmır.

 

Səsimi dinləyib yatmadı sular,

Çəkdim ovuc-ovuc Ay işığını.

Üşütdü əlimi bəyaz damcılar,

Yudum qaranlığın qırışığını.

Qəlb gedir, dalınca ayağım getmir,

Bu gecə əllərim özümə çatmır.

 

Açım yaxasını xatirələrin,

Yansın gözə köçən sevgi şamları.

Yığım ayrılıqdan, yığım həsrətdən,

Çəkim yuxulara bu axşamları

Niyə xəyalımı yaddaşım tutmur

Bu gecə əllərim özümə çatmır.

 

Çəkdim əllərimi günün əlindən,

Atdım həsrətimi yorğunluğuna.

Şehli bənövşətək nəmləndi gözüm,

Ürəyim qovuşdu Məcnunluğuna,

Ürəkdir, neyləsin, yatmır ki yatmır...

Bu gecə əllərim özümə çatmır.

Məktubdu

Səni candır əzizləyən,

Könlüm imiş yol gözləyən...

Kirpik yazıb, qəlb gizləyən

Demədin necə məktubdu.

 

Söylədin ki, həsrət azdı,

Gözlərində həsrət azdı.

Ayaqların nəsə yazdı,

Getdiyin küçə məktubdu.

 

Yanağına yaş toxundu,

Üzündə işıq oxundu

Şəhər qarışıq yuxundu,

Evlər iç-içə məktubdu.

 

Ürəyim heyrandı ona,

O da baxsın heyranına

Bir sevginin ünvanına

Bir aylı gecə məktubdu.

 

Oxudun

A quş, qədrini bilmədik,

Bizə bir nəğmə oxudun.

Dimdiyindən sınıb düşən,

Yaralı kəlmə oxudun.

 

Gözlərindən qəmmi qaçdı?

Qurumayıb, üzü yaşdı

Bəlkə ömrün bir naxışdı?

Sən ilmə-ilmə oxudun.

 

Ürəyim durdu qəsdimə,

Endi buludlar üstümə

Göylər büründü tüstümə,

Baxıb külümə oxudun.

 

Göz-göz oldu...

Göz-göz oldu qaranlığın sinəsi,

Kim səpibdi ovuc-ovuc göyə zər?

Heyran oldum bu dünyanın sirrinə,

Ulduz nöqtə, gecə vərəq, göy əsər.

 

Ürəyimin yalanı yox, xəbər düz,

Buludların gözlərindən xəbər süz

Gəlib keçsən ürəyimdən xəbərsiz,

Dünya qopar, Yer titrəyər, göy əsər.

 

İl dolanır, zaman ötür, çarx hanı?

Sıxıb gedir sinəsinə çarx anı

Kim fırladır bu nizamın çarxını?

Şimşək döyür, təpələri göy əzir.

 

Bu qismətin qışı çovğun, yazı su,

Saleh, bumu ömrümüzün yazısı?

Qırışlanan alnımdakı yazı su...

Günəş doğur, sıx canını, göyə sər.

Bəlkə...

Bəlkə ömrümdən qabaq,

Ovunmaz qəm olmuşam...

Kim atıb yer üzünə,

Görəsən kim olmuşam?

Əllərimin ağrısı

Qabar-qabar böyüyüb.

Dərdim oyaq səhradı,

Cadar-cadar böyüyüb.

 

İllərdi yaddaşımda

Yer beləcə qalıbdı,

Göy beləcə qalıbdı

Üzü tutqun göylərdən

Sabaha oyaq açan

Bir bilməcə qalıbdı.

 

Kimdi susan canımda?

Yoxdu hələ ad-sanı

Seyr edir gözlərimdən,

Karvan yüklü dünyanı.

 

Bir cana toxuyan var

Bu dünyanın sirrini.

Kimsə məndə axtarır

Məzarının yerini...

 

Axşamı

O ki qapısıdır bir köhnə yasın,

Sıxın, sinəsindən bir addım basın...

Yol açın, özünə qoy addımlasın,

Gərək görməyəydim mən bu axşamı.

 

Buluddan sıyrılan Ay sarı şamdı

Sübhədək əriyib gecəyə damdı

Dərdimi yığdığım qapqara camdı,

Gərək görməyəydim mən bu axşamı.

 

Fikrim dar ağacı, qəlbi qəm asdı,

İldırım şığıdı, göy yeri kəsdi

Yel qopdu, üzümə qaranlıq əsdi,

Gərək görməyəydim mən bu axşamı.

 

Qovur payız məni, qovur qaracan,

Canımda dolaşan gecə qara can

Sıxım gözlərimi axsın qaradan,

Gərək görməyəydim mən bu axşamı.

 

İşığa qarış

Yanaqların şehlənib,

Boyan işığa qarış.

Ay dolaşıb saçına,

Oyan, işığa qarış.

 

Ayılmır dağ yuxudan,

Gəlmir bulaq yuxudan

Gördüyün ağ yuxudan,

Boylan, işığa qarış.

 

Getmə, önümdən getmə,

Əylən, canımdan getmə

Yandım, yanımdan getmə,

Dayan, işığa qarış.

 

Aşağı

Təpələnib buludlar

Baxır dağdan aşağı

Bir yarpaq kölgə düşüb,

Bir yarpaqdan aşağı.

 

Külək ovunmaz dəlim,

Əlinə çatmaz əlim

Nə baxır payız-ölüm

O budaqdan aşağı.

 

Dərd oyanıb bol gəlir

Ürək dərddə dincəlir

Qaraya bax, yol gəlir?

Gəlir ağdan aşağı.

 

Çəkin üfüq hasarı

Nədir daşsız o barı?

Torpaq məndən yuxarı,

Mən torpaqdan aşağı.

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!