Hələ sağıq, yaşayırıq... - Valentin Qaftın şeirləri Həmid Piriyevin tərcüməsində

 

Köpək

Niyə belə vəfalıdır bu Köpək?

Hüdudsuzdur sevgisi, etibarı.

Amma gözlərində daimi sual -

Sahibi də onu sevirmi barı?

 

Çünki bilir o qəfəsin dadını.

Çünki Köpək dəfələrlə döyülüb.

Çünki yoxdur insanlara etibar

İnsanlardan necə pisliklər görüb.

 

İndi dolaşıram küçələri mən.

Diqqətimi cəmləyirəm hər şeyə.

Yaxşı-yaxşı baxıram adamlara,

Köpək kimi aldatmasınlar deyə.

 

Xuliqanlar

V.Vısotskiyə

Anacan, qorxub-çəkinmə, o, xuliqan deyil ki,

Hücum etməyəcək sənə yarımstansiyada.

Belələri atılırdı bombayla tank altına,

Malaxov yüksəkliyində, qan-qadalı davada.

 

Qazıyıblar şaxtaları, xəndəkləri, arxları,

Belələri körpü tikib, yol düzəldib, salıb iz.

Ömrü boyu işdə, gücdə, gərgin əmək sərf edib,

Özləri palçıq içində, ürəkləri tər-təmiz.

 

Nəyə lazım o dəqiqə tapançaya əl atmaq?

Nəyə lazım diz çökdürmək, nəyə lazım qəddarlıq?

Ölüb gedib bu dünyadan o xuliqan Yesenin.

Xuliqan Mayakovski də ölüb gedibdir artıq.

 

Qəpik-quruş qabağında alçalmayaq biz deyə,

Axmaq kimi, sarsaq kimi yaşamayaq biz deyə.

Ölüb getdi bu dünyadan Vısotski xuliqan,

Xuliqan Şukşin də öldü, ruhu çəkildi göyə.

 

Hələ sağıq, yaşayırıq, onlar isə ordadır,

Ağrımız da, acımız da, onlar ilə qeyb olub…

Göy üzündə parıldayır, yanır təzə-tər ulduz,

Əmin ol, onu, əlbəttə, xuliqanlar yandırıb.

Tərcümə etdi: Həmid Piriyev

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!