Batırın məni
Bir qaya parçasıyam,
duyğular mənə söykənib axan sular.
Hər dəfə çırpıldıqca sinəmə,
bir-bir qopur misralar.
Bəzən altından ovulan qaya parçası kimi,
bir misra özümdən aşıra da bilir məni.
Bəzən də
sənsizləyəndə,
uf demədən güllə kimi sıxıram gecəni,
sənə doğru xəyalımda.
O an çopur-çopur misralar
mərmi partlayışından qovrulan
torpağı xatırladır mənə.
Qəlbimdə duyğuların qaya söykənəcəyinə,
söykənirsən sən də o an.
Özüm sürüşüb yıxılıram,
sənə bağlı duyğularımdan.
Mənə bir şeir de,
sahildə balıq axtaran qağayı dilində.
Bəlkə,
onda bu qaya duruşumu,
sularda batıra biləm.
Özümdə batmaqdan yaxşıdır
sularda batmaq.
Ölüm
Ölüm,
Yaşamağın ən üst pilləsidi.
Yaşamaq Tanrının ən ağır şilləsidi.
Dözümlülər ölür,
Dözümsüzlər ölür,
Hər iki halda
Ölüm gülür...
Biri ayrılığa,
Biri barışığa ağardır dişlərini.
Ölüm,
Tanrının üzünə dik baxacağım o gün,
Mənim üçün
Səndən qorxduğum qədər
İkinci qorxduğum nə var ki -
Sevgi?!
İki ilk
Bir məndə iki mən var,
Biri Allaha tapınar,
Biri özünü Vətəndə tapar.
Biri-birinə Allahdı.
İnamı
Allah haqqı.
Biri-birinə Vətəndi
Vətəndaşlığıdır andı.
İki mən var bir məndə
Bir üzü özündən boy verir,
Bir üzü o biri üzünü geyir.
Beləcə yeriyir məndə mən.
Vətən - Allah,
Allah - Vətən!
Tənhalıq
Bilirsən, nə var?
Bir gün bu gün kimi gecə uzanar,
Dizlərini qucaqlayar əllərin.
Darayar tənhalığın saçını zülmət gecənin.
Qapını kimsəsizlik taqqıldadar,
Evdə yoxam deməyə
sözlər də sürüşər dilindən.
Oyanar bu səsə xatirələr,
Diksinər içində
Yatan o sən.
Görərsən, o sən də sən deyilsən.
Qaçmaq istərsən geriyə,
Ayaqların boy verməz boyuna.
Xatirələr səni soyuna-soyuna,
Səni də soyundurar.
Divarlarda əksini soyunduğuna
baxıb deyərsən,
Sən də?!
İnan
Qəbirlər səbirlərin pərdəsidir,
Səbir pərdəmizin altında
Bir ölü yatır, əslində.
Hər ölüm diriliyin başlanğıcı deyil, oğul!
Dirilmək sevilməkdir yoxluğunda da.
Sevməyi bacarmayanlar,
Ölməyi də bacarmır.
Ölüm o qədər ali mərtəbə ki,
Heç kim şax gedə bilmir o kürsüyə.
Üzümüzü özümüzə uzada bilək kaş ki.
Ünvana bu qədər gecikmişkən,
Qatarı yubatmayaq növbəti dayanacağa.
İnanıram bəxtlərin nə vaxtsa oyanacağın.
Kim inanmır, inanmasın.
İnam bir dam məsələsidir.
Damı deşik evlər,
Bünövrəsinə qədər mələr.
Adalar
Adalar,
Suların boğulan yeri.
Orda üzə çıxır yerin dibi.
Adalar üsyanıdır torpaqların,
Adalar sahilidir həm də suların.
Sahildə suların ləpə-ləpə
Öpüşündən başlayır ayrılığı həyatın.
Bu dəniz dünyada adalar
Qurtuluşudur gəmisi batmış kapitanın.
Adalar
Hər tərəfi su.
Suyun ortasında bir ovuc torpaq qurusu.
Bir ada ömrüdür ömrüm.
Suyun göbəyində susuzam.
Birinə xilas yoluyam,
Birinin üzünə ağam....
Suyun ortasında suyu bölən torpağam,
bu qədər.
Ey,
Məni kəşf etmək istəyənlər,
Bilirsiz?
Suları altından axıdan adalar,
Üstündə sulara tabut olar.
Dönə bilsəm
Bir gün dönə bilsəm,
unudacağam hər şeyi:
məsələn, ədəbiyyat dərsində
Leyli Məcnunu səhnələşdirdiyimizi,
özümüzü bir-birimizə öyrəşdirdiyimizi.
Küçənizi də çıxaracağam yadımdan.
Öz adımdan,
özümə məktub yazacağam:
bağışla!
Dönə bilsəm bu qışda,
sənə bürüyəcəyəm sənsizliyi.
Üşüyən qəlbində qızınacağam.
Kölgənə uzanacağam,
ey uzun ayrılıq heykəli!
Bu gecənin şeiri
Bu gecənin şeiri sənsizlik
misra- misra hönkürür tənhalıq.
Bənd-bənd sökülür gecə,
bir axın bürünüb sənə
xəyalın divarlarını yıxır.
Bu gecənin havası kimi ağır,
sıxıcıdır şeiri də.
Sən nə biləsən e,
olsaydın yerimdə,
yəqin, sən də
sıyrılardın içindən.
Gecə keçir,
Ay geri qayıdır biçindən.
Ulduzlar bir-bir sönür,
Günəş öz yuvasına dönür.
Mən də öz yuvamda,
öz havamda
öz mahnımı çalıram.
Bu gecənin şeirini yaza-yaza,
sənə sənsizlikdən salam da yollayıram.
Alsan da sağ ol, almasan da!
Rəngsizlik
Son vaxtlar ağı qaradan yaxşı seçirəm,
Qaranlıqdı çünki baxdığım hər yer.
Gözlərimə son dəfə eynək taxdığım
yadıma da gəlmir,
yadıma düşsə idi,
tarixini bilərdim
rəngsizliyin başlanğıcının.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!