Bu gün hər şey sənə bənzəyir... - Oğuz AYDIN - şeirlər

 

Sən olmaq üçün...

Bax, gör necə sığal çəkir sahilə dalğalar,

Əllərinə bənzəmək istəyən dalğalar...

Bax, necə sərxoşdur külək...

Qucaq-qucağa olanda nəfəsimə dəyən

nəfəsin kimi...

Ağuşuna alır mavi dənizi qara buludlar,

Qolların da tapdığım qəfəsin kimi...

Ya da bax necə tutqundu göylər,

Mənim kimi...

Bu gün hər şey sənə bənzəyir,

Bircə dağılmış... xaraba qalan yerlərdən başqa

Təkcə onlar içimə bənzəyir...

Qalan hər şey sənə...

Sənə bənzəmək istəyir.

Təbiət də.

Şəffaf sular təmizliyinə

tələsir.

Sonsuz yollar gözlərinə.

Bütün gözəlliklər sənə tələsir...

Yox... Mənə tələsənlər də var,

Heç narahat olma...

Bu qara kədər, bu qara günlər,

Tələsir saçımda dən olmaq üçün.

Sənsə... kədər sənsən... sən sərxoşluqsan...

Mən şərab içirəm sən olmaq üçün...

Həmişə ürəyimizə

tuş gəlir mərmilər

Kimsəsizliyin içində,

Bir dost təlxəkliyi,

Bir qadın gedişi,

Ya da ac körpənin

Baxışlarından boylanarsa qanlı tarix,

Bəs edər ümidi satın almağa.

Bəs edər

Ümidi satın almağa

Bəs etməz, qardaşım,

Bəs etməz bizə zaman.

Sulara qoşulub axır zaman,

Kiminsə göz yaşına qoşulub axır.

Kiminsə göz yaşı olur.

Mərmiləri necə də sıxır illər,

Xatirələrin silahları ilə.

Həmişə ürəyimizə tuş gəlir,

Mərmilər.

Ölürük hər xatirədə.

Dirilirik yenə.

 

Külək nəfəs

Əsrlərdir içimdə qonaq bürkülər,

İçimin otaqlarında havasızlıq var...

Sən yoxsan deyə,

Bağlıdı bütün pəncərələr, qapılar...

Arzularım da küsüb məndən,

Hərəsi çəkilib öz otağına,

Onlar hava istəyir,

Onlar külək istəyir...

Yəni onlar nəfəsini istəyir...

İndi bircə sənə,

Sənin nəfəsinin bircə mehinə,

Həsrət fəsillər var içimdə...

Gəl...

Qayıt...

Əsdir nəfəsini bədənimə,

Bir az titrəyim,

Bir az hürküm,

Duyğularım sərinləsin bir az...

Bir az da ocaq qalasın nəfəsin...

Bədənimin tarixində cizgilər qoyan əllərin,

Qayıtsın geri...

Əllərinin vətəni əllərimdi,

Dodağının vətəni dodaqlarım...

Bilmirsən... Qürbətdədilər...

Amma bilirəm əsəcək yenə,

Əsəcək nəfəsin...

Külək kimi...

Gecikmiş tezlik

Gözlərin gözümdən eşq dilənməsin,

İçimi, çölümü soyub-taladın.

Sonra da üşüyüb soyuqluğumdan,

Arzumu yandırıb ocaq qaladın.

Qayıtma dünənə, xatirə gəzmə,

Sən ona sabahla xəyanət etdin.

Sıxılıb indi də həsrətdən bezmə,

Bəs necə bu qədər dəyanət etdin?

Dağıtdın kədərə çəkdiyim bəndi,

Gözünün selində qalmısan, gülüm.

Ürəyim bu sevdadan zəhərləndi,

Onu aparmağa utandı ölüm.

Xərcləyib üzümün sərvətlərini -

Gülüşü, sevinci sənə vermişəm.

Mən öz ovcumdakı tale xəttini,

Sənə bənzətmişəm, sənsən bilmişəm...

Qurumuş dibçəyə su səpmək kimi,

Səpmə sözlərini bu eşq gülünə.

Susuz səhralara gül əkmək kimi,

Əkirsən ümidi sevda çölünə...

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!