Dünya elə həmin dünyadı... - Rafiq YUSİFOĞLU - şeirlər

Amerika dəftərindən

 

Yurda bənzər

yurd gəzirik

Məsafə belə yaxınkən,

Yurd niyə uzağa düşüb?

Dədə-baba ocağına

Gedən yol sazağa düşüb...

 

Tab etmirik qəm yükünə,

Bir-bir torpağa çökürük...

Dərd hamımızın dərdidi,

Ağrını tək-tək çəkirik!

 

İçimizdəki nisgili

Parçalayan qurd gəzirik.

Düşmüşük diyarbədiyar,

Yurda bənzər yurd gəzirik...

 

Yaramızdakı zoqqultu,

Göynərti heç ara vermir...

Doğulduğumuz torpağın

Yerini heç hara vermir...

11.08.2018

Los Anceles, Venis

 

Üzümə bağlı yollar

Yol var, küçə var - adam

Ayağına həsrətdi.

Mən ömrümü sənətə,

Məhəbbətə həsr etdim...

 

Gəzdim diyarbədiyar,

Döndüm əsl səyyaha.

Bəyaz elə bəyazdı,

Çarə varmı siyaha?

 

Xiffət, nisgil qəlbimdə

Dönüb qara kölgəyə! -

Doğma yurdumdan başqa

Yolum var hər ölkəyə...

 

Yuxumu ərşə çəkib,

Sinəsi dağlı yollar...

Mənə rahatlıq vermir

Üzümə bağlı yollar...

30.08.2018

Los Anceles, Venis

Macalımız da yoxdu

Ağrımızı udmağa...

Tanrı möhlət verəydi

Arzumuza çatmağa.

 

Ulu yurd olub talan,

Nə qədər olar yalan!

Haqqım yox, bizsiz qalan

Torpağı unutmağa!

 

Gözəl meyvələr çoxdu,

Demə gözümüz toxdu,

Taqətimiz də yoxdu

Hər nemətdən dadmağa.

 

Yol çəkən gözlər doldu,

Ümid gülləri soldu,

Hara baxırsan yoldu,

Yer yoxdu üz tutmaga...

19.08.2018

Los Anceles, Venis

 

Bu boyda dünyada

özünə yer tapmayan adam

Darıxırsan bu yer üzündə

Təyyarəyə minib

göy üzündə süzürsən,

Gəmiyə minib dənizlərdə,

okeanlarda üzürsən...

Yerdə darıxırsan,

Göydə darıxırsan,

Okeanda, dənizdə darıxırsan, -

nəyin çatmır ki,

özünü bu qədər üzürsən?!

Özgələri isidən ocağından,

közündən narazısan,

Özündən narazısan,

sözündən narazısan...

Sərsəri küləklər kimi əsirsən,

Dünyanın bu başından

o başına tələsirsən...

Ürəyin dağdan-dağa,

dərədən-dərəyə səsləyir sənu.

Heç özün də bilmirsən

qarşıda nələr gözləyir səni!

Elə bil dünyanın üstünə

hirsini, acığını tökməyə

bəhanə gəzirsən,

Bu da Amerika,

Hollivud, Sakit okean -

Daha nə gəzirsən?!

02-07.08.2018

Los Anceles, Venis

Dünya elə həmin dünyadı

İstəyir quru üzü olsun,

istəyir su üzü...

Dünya elə həmin dünyadı,

İstəyir o üzü olsun,

İstəyir bu üzü...

Bu balaca dünyanı

nə qədər gücümüz yetir

zaman-zaman yaralamışıq.

Onu ölkə-ölkə,

diyar-diyar,

vilayət-vilayət,

şəhər-şəhər,

kənd-kənd,

məhlə-məhlə paralamışıq.

Unutmuşuq ki,

bizim yaratdıqlarımızdan

daha mükəmməldi,

dəyişməzdi

həyatın qanunu...

Unutmuşuq ki,

dünya bizim deyil,

biz dünyanınıq!

08.08.2018

Los Anceles, Venis

 

Qürbət

Mən qürbətdə

vətənin bir parçasıyam,

Vətəndən əsən yellərə qoşulub,

quş kimi qanad açasıyam -

Okeanların, dənizlərin üstündən

Vətənə uçasıyam!

Qəlbimdə Vətən eşqi olduğu üçün

Ucaların ucasıyam...

08.08.2018

Los Anceles, Venis

Təkrar

Eyni yerdə hər il gəzə bilərsən,

Eyni güldən hər il üzə bilərsən,

Eyni dənizdə, çayda

hər il üzə bilərsən...

Ancaq əslində nə sən

ötən ilki adamsan,

nə o yer həmin yerdi,

nə o gül həmin güldü,

nə də o dəniz, çay eynidir...

Ömrün ömrümüzdən

qopan illəri, ayları, həftələri

adamı göyüm-göyüm göynədir...

Ancaq necə deyə bilərik ki,

bu hisslər təzə deyil, köhnədir?!

Özümə əminəm,

fikrim qətidir:

ömürdə hər şey, hər şey

müvəqqətidir:

sevgilər də,

əzablar da,

həyat da...

Eyni işi dönə-dönə təkrarlasaq da,

əslində təkrar heç nə yoxdu həyatda...

09.08.2018

Los Anceles, Venis

 

Salam, Mark Tven

Salam, Mark Tven!

Sənin sözün mənim ölkəmdədi,

mənim özüm sənin ölkəndəyəm!

Gərək indən belə

sənin ölkənə də

ölkəm deyəm!

Ona görə ki,

bütün yaradıcı insanlar

bir-birlərinə oxşayırlar!

Ona görə ki,

mənim övladlarım da

sənin ölkəndə yaşayırlar!

Hərdən şirin xəyallara dalıb,

yumuram gözümü…

Sənin özün mənim ölkəmə

gedə bilməzsən,

mənim sözüm sənin ölkənə gələ bilsə,

xoşbəxt sanardım özümü!

15.08.2018

Los Anceles, Venis

 

Xatirə ağacının kölgəsi

Xatirələr -

ömrün yaddaşa hopan izləridi,

Xatirələr -

arxamızca baxan

mehriban ana gözləridi,

Xatirələr -

sönən ocağın arabir

kül altda işaran közləridi...

Doğmalarını, əzizlərini itirən insan

bəzən azır həsrət dumanında,

əzab çəkir xiffət tənhalığında.

Xatirələr -

yalnız öz gözümüzə görünən

sehrli bir ağacdı elə bil,

kölgəsinə sığınırıq

bu günün iztirab günəşi

bizi yandırıb yaxanda...

09.08.2018

Los Anceles, Venis

***

Sakit okeanın  "sakitliyi"ni görəndə

Adam öz sakitliyini tərk eləyir.

Sakit okeanın nəhəngliyini görəndə

İnsan öz kiçikliyini,

Allahın böyüklüyünü dərk eləyir...

10.08.2018

Los Anceles

***

Ayrılıq əzablarına

bu qədər sinə gərmək,

yurd xiffətinə könül vermək

özü də bir hünərmiş!

Vətəndə qədri bilinməyənlər

Qürbətdə vətənin

bir parçasına dönərmiş!

11.08.2018

Los Anceles

***

Qarışqa üçün bir qaşıq su ilə

bir vedrə su arasında

fərq olmadığı kimi,

adi insan da okeanla dənizin

fərqini görmür...

Nə Xəzər Sakit okeanın,

Nə Sakit okean Xəzərin

yerini vermir! -

Belə olmasa okeanı yaradan dənizi,

Dənizi yaradan gölü,

Gölü yaradan bulağı yaradardımı?

10.08.2018

Los Anceles

Çadırdan boylanan

nisgilli gözlər

Bu gün gözümdən qaçmadı

Qəribə bir mənzərə...

Baxdım çadırdan boylanan

nisgilli gözlərə...

O baxışların önündə elə bil

boşa çıxan arzular,

ümidlər yanırdı...

Küçənin ortasındakı

zibilxanaya bənzər

səfil çadırının üstündə

güvəndiyi ölkənin

bayrağı dalğalanırdı...

16.08.2018

Los Anceles

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!