Bacımın xatirəsinə
Yoxsan...
Yoxluğu ovutmağın tək çarəsi
şəkillərə baxmaqdı,
ən pis tərəfi gəlməyəcəyini bildiyin halda
dəli kimi darıxmaqdı.
Yoxsan... yoxluğundayam mən...
Yoxsan, uçub gedən nəfəsim kimi,
batan səsim kimi.
Hərfləri naməlum söz təki səssizəm indi.
Nə qədər tək olduğumu bilsən...
Bilsən nə qədər tək olduğumu.
Üzümü göz yaşlarımla yuduğumu bilsən,
geri qayıdarsanmı görən?
Ən azı bir çiçək, bir quş şəklində qayıt,
kəpənək şəklində qayıt ən azı,
sığal çək baxışlarıma.
Ya da yağış kimi yağ,
islat saçlarımı, yanaqlarımı.
Sonra da bağışla, bağışla məni,
günahım olmasa da bağışla,
yağan yağışınla bağışla,
kəpənək şəklində toxunuşunla.
Dönüş bileti
Qara-boz stansiyanın
divarlarından boylanar həsrət.
Əl edən vidalaşmaların ardınca
ötürülən ahın içindən keçər
çıxıb gedən qatarların kölgəsi.
Vaqonun pəncərəsindən
uzanan çiçək dəstəsi
həyatın solmağa məhkum olduğunu
xatırladar adama.
Dönüş bileti almayacaq qədər
ümidsizəm indi,
susacaq qədər çarəsiz.
Getdiyim məkanın bir adı var
"Naməlum istiqamət".
Qara-boz stansiyanın divarlarından
boylanar həsrət,
qara-boz dünyanın qatarlarından boylanar.
Yoxam daha,
axtarma məni
yuxularıma belə əzab vermək üçün
gələn adam.
Unutmağı öyrən artıq,
saymağa başla, bir gün, iki gün, üç gün...
Uzaqlaş qatarlardan...
İntihar yerindən reportaj
Daha çox ağaclardan keçir intiharların yolu.
Bir ovuc kəndir,
bir nəfəs adam.
Bir nəfəs adam...
Ağaclardan və eyvanlardan keçir
intiharların yolu.
Kəndiri daşımağa yetməyən qollar
quş olub uçur eyvandan.
Quş olub uçur eyvandan...
Ağaclardan, eyvanlardan,
bir də dənizlərdən keçir
intiharların yolu.
Yarpaqlara qıymasa, eyvanlar uzaq görünsə
dənizə köçür adam,
dənizi geyinir əyninə,
basır bağrına.
Dənizi içir adam...
Dənizi içir adam...
İnsan xatirələri ilə bütövdü
Uzaqlarda qaldı
divarlara adımı yazdığım günlər.
Həyat bəzən elə qəddar olur ki...
Unutduğum anları gündəliklərdən oxumağın
qəribə hissini yaşayıram indi.
İnsan xatirələriylə bütövdü,
xatırlaya bildiyi qədər bütöv.
Adımı yazdığım divar kağızımızın
rəngini unutmuşam, ana,
Bəlkə sən xatırladasan.
Yenə ümid verəsən bəlkə -
"unutmaq ən yaxşı dərmandı" deyə.
Baxıram gündəliyə
unutmamaq ücün nə yazım, kimi yazım...
"02.05.2017 -
Hərfləri tanımır hələ
divarları yazan balaca qızım..."
Qələbəlik
Şəhəri dolduran
növbəsiz avtobusların
təkərləri altında qalar
ciblərinə qədər təkliklə dolu adamların
yarıölü ümidləri.
Hamı zamandan gileyli -
"intihar etməyə belə
vaxt yox artıq".
Əslində hamı bir-birinin təkrarı
adamlar,
yollar,
ağaclar.
Toxlar,
aclar,
toxlar,
aclar.
Mənsə öz səssizliyimə qapanaraq
addımlayıram
ovucları səfilliklə dolu cocuğun
acı-acı ağlayışları arasından
və bilirəm bu şəhərin harasından keçsəm
qaçsam
uçsam (!)
qələbəlik görəcəyəm yenə -
yəni üzləri insan,
içləri sirlə dolu adamları.
...Yuxuma da qələbəlik girmişdi
bu gecə
və qatar səsi gəlirdi
hər kəsin içindən...
Salam, dostum
Hər gün günləri saymaqla,
hər gecəni uyumaqla,
hər şeiri uydurmaqla başlayırsansa
səni tanıyıram, dostum...
Bu sənsən -
arzularının şəklini
axtaran adam.
Hər səhər açaraq pəncərəni
zəhərləyirsən həyatla
otağı
havanı
zamanı...
Sevməməyi öyrənirsən dünyanı...
Səni tanıyıram
güzgüdə baxışlarından,
masa arxasındakı
yalqızlığından.
Bil ki, bir gün sən də mənim kimi
elə hey uçacaqsan
qoşularaq küləyə,
qucaqlayaraq taleyini.
Küləksə itirəcək səni,
səsini,
nəfəsini.
Bil ki, "tapmaq" sözü yoxdu
küləklərin nəfəsində...
7 misra
Yuxudan ayılıb saata baxırsan,
qorxursan və bilirsən
bu günün də
dünənki kimi adi olacağını.
(beləcə hazırdır günün şeirinin adı)
Pəncərəyə qaçırsan...
qonşu kişi
məhlə pişiyini döyür yenə,
havanı cırmaqlayır pişik səsinin ''mi'' notu.
(ilk və uğursuz misra)
Gözünü yumub keçirsən süfrə başına,
masanda ehtiyacın gileyli baxışları,
deyəsən evdən çıxmağın tam zamanıdı.
(üç misra hazırdı)
İşdəsən və darıxırsan...
Qalxıb pəncərəyə yaxınlaşırsan.
İçini döyəcləyir üzüntünün əlləri.
Əlini qaldırıb pəncərənin
şüşəsini döyəcləyirsən
1... 2... 3...
(üç sözlü bir misra daha).
Şam yeməyi...
masa arxasında fikirli oturuşun,
gözlərində hüzn.
Əslində fikirləşməyə bir şey yox,
sadəcə şeirin ardını yazırsan.
(sadəcə bir misra qaldı)
Gecələr böyüyür otağın,
divarlar geri çəkilir sanki.
Ay işığını otağa buraxan pəncərənin
həyatı göstərən gözləri ilə baxırsan
gecəyə,
sükuta...
Qonşu evlərin pəncərələri ilə baxışırsan,
''danışırsan''.
(son misra və 3 nöqtə)
''danışırsan''...''danışırsan''...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!