Küləklər bir qəmli bayatı deyir... - Vahid Əziz - şeirlər

Nəvəmə atamın

adını verib...

İtkisi ömrümü alt-üst çevirib;

doyunca tutmadım ata əlindən,

nəvəmə atamın adını verib,

canımı qurtardım yetimçilikdən!

 

Dünyanın xoşbəxti baba olanlar;

ormanam, səhrayam, coşan dənizəm,

indi evimizdə iki Əziz var -

nəvəm də Əzizdi, mən də Əzizəm!

 

Şükür, qismətimmiş babatək yaşam,

artır həyatımın dadı ilbəil,

axı, mən özüm də nəvə olmuşam,

nəvəlik etmək də asan iş deyil.

 

Nənəli, babalı illərim - şəkər,

indi - gül ətirli xatirələrdi,

ata qəzəbinə sipər idilər,

ana tənələri boşa keçərdi.

 

Maşallah, günbəgün cücərir boyu,

bir azdan - üzündən qalxıb öpəcəm,

arzular zirvəsi - nəvələr toyu,

atamın toyunu görə biləcəm!

 

Bitəcək bağımda yeni gül, çiçək,

nəslimə baharlar qaytaracaqlar,

dünyaya yeni bir Vahid gələcək,

sonra da, Əzizlər boy atacaqlar...

 

Qalır...

Qış ora tez düşür, dağların qarı,

ayrılıq gətirən payızdan qalır,

qıvraq qədəmlərin ağırlıqları

"əlvida" - müjdəli kağızdan qalar.

 

Oylağı o qədər - hansında bitim?

anlamır, dünyada var ölüm-itim,

nə məndən əl çəkir biryolluq gedim,

özü də nə ərkdən, nə nazdan qalar.

 

Kaş bu il mənimlə bitə savaşı,

qəlbin ağrısıdır, başımın daşı,

Xəzər sularında mavi göz yaşı,

Kürdə doluxsunan Arazdan qalır.

 

Dağları soyumaz ölənə kimi,

qocaltdı qədrimi bilənə kimi,

güldən - "yox" - cavabı gələnə kimi,

qüvvədə: "gələrəm bir azdan" - qalar.

 

İndi, Vahid Əziz, kim qoçaq oldu?

qismət gen dolaşdı, bəxt qaçaq oldu,

qanlı savaşlardan qalan sağaldı,

qaysaq bağlamayan - o qızdan qalar...

Qaralandı...

 

Qələmlər içində qələmi çaldım,

tapdığım o qədər söz qaralandı,

sevgi dəftərinə adımı saldım,

qısqanan çox imiş, tez qaralandı.

 

Sabaha körpüyəm, adlayıb keçin,

solmayan çəmənəm, il  boyu biçin,

üzə vurulmazdı hər dərdi için;

saçlar ağardıqca, üz qaralandı!

 

Sevinc qətrə-qətrə, qəm udum-udum,

nahaq bu xəsisin mehmanı oldum!

Əynimi bahalı ipəknən tutun,

Üzüağ gedərəm, bez qaradandı!

 

Sevinc qətrə-qətrə, qəm udum-udum,

nahaq bu xəsisin mehmanı oldum!

Əynimi bahalı ipəknən tutun,

Üzüağ gedərəm, bez qaradandı!

 

Yazıqlar almaya, nara, armuda;

uydu içindəki zəhərli qurda,

hər dəfə "qurbanlıq" gərək olanda,

gendən Vahid Əziz tez qaralandı...

Ümid bağladım gümana...

Axı, olmalıydı qısa!

yar yolu bağlı, bağlımı?

Fələyin gözü kordusa,

kordu qaralı, ağlımı?

 

Ümid bağladım gümana,

dindi, ağladım kamana,

pambıq qalmaz bu zamana -

Füzulim hələ dağlımı?

 

Çiçək ola - dərəm, gülə,

yandırsa, dönərəm külə!

elə bir zamanə gələ

dəyəri ola ağlıma.

 

Vahid Əziz, bax küləyə,

qoyma qəddin səndələyə,

 mələklərdən safam deyə -

Şeytan sevər sığalımı...

 

Bəlkə naşı vaxtı

yazdığı sözəm...

Ömrün yoxuşunda bal kimi illər,

tutub əllərimdən yeridir məni,

qəlbim kövrələndə xoş xatirələr

körpə əmziyitək kiridir məni.

 

Get-gedə azalır gözlərin nuru,

hansı cavan ürək bəyənər koru?

o uzaq illərin atəşi, qoru,

içimnən şam kimi əridir məni.

 

Qəmi dərin olur erkən sevənin,

nə həmdərd tapılar, nə güvənənin,

cilovum əlimdə dəcəl nəvənin,

cavan köhlən kimi səyridir məni.

 

Daha zümzüməmdə qəm şikəstəsi,

qəlbdə nə bayatı, nə ney bəstəsi,

nə yar baxışları, nə gül dəstəsi?

getməli yerim var, o güdür məni!

 

Dinlə, gidi dünya, var bir sualım:

"hökmün itildibsə, nə cür korşalım?!

bir zaman həyata güldürən zalım,

özümü-özümə güldürür məni.

 

Nə olsun, tanınmış Vahid Əzizəm?

vaxt ola dünyanı yenidən gəzəm!

bəlkə, naşı vaxtı yazdığı sözəm,

həyat dəftərindən sildirir məni...

Küləklər bir qəmli

bayatı deyir...

Küləklər bir qəmli bayatı deyir,

ruhuma çökdükcə gözlərim dolur,

görünür - lələklə yazılan şeir

qələm yazdığından səmimi olur.

 

Ulu kitablarda ülvi diləklər,

açdıqca behiştar qoxusu gəlir.

Didərgin durnalar salan lələklər,

hər cür mürəkkəbə uyuşa bilmir.

 

Çırpındım misralar məngənəsində, -

şükür ki, qəddimi Fələk əymədi!

Üsyankar şairlər məhkəməsində,

Divan-tərəzisi gözə dəymədi.

 

O qədər igidlər köçdü dünyadan,

"Behişt" - dediyimiz Kişi yeridir!

Hərdən qələmləri gözlərdən salan

məddah şairlərin şeirləridir! 

 

Bu gidi dünya da bir ümman kimi;

burda balığın da irisi qalır,

böyük Nəsiminin indiyə kimi

tarixdə soyulmuş dərisi qalır.

 

Kaş ki, öləcəyim günümü billəm,

nə bilim, istəyim bəlkə günahdı?

qılınca bərabər tutulan qələm,

qorxaqlar əlində qorxunc silahdı...

 

Payızda saralıb enərik qışa...

Payızda saralıb enərik qışa,

cəmisi üçcə ay yay oldu, getdi.

Əllərim çatmayan barlar qurd-quşa,

yağan yağmurlara pay oldu getdi!

 

Ümid bağladığım getdi, gəlmədi,

yetim saxladığım qədir bilmədi,

alnımın tərini "ağam" silmədi,

zəhmətim, əməyim zay oldu getdi.

 

Ömür də bəlkə bir şıltaq həvəsdi,

xoşbəxt səadət nə boyda bəsdi?!

Hicran aramızı əbədi kəsdi,

Dünən o gözələ toy oldu, getdi.

 

Kiminin köksündə məhəbbət dağı,

kiminin yaş olar gözünün yağı,

igidin doğrandı əli, ayağı,

şairin dərisi soyuldu getdi.

 

Can çıxıb dağıdar dünya qəfəsi,

hamı eşqin qulu, övlad fəhləsi,

kəsdi hıçqırıqlar, ağlaşma səsi,

köç edən məzara qoyuldu, getdi.

 

Olsan da yaxşını-yamandan seçən,

yoxmuş, Vahid Əziz, gündüzün, gecən,

xoşbəxt o kəsdir ki, qəlbindən keçən

arzular, istəklər duyuldu, getdi...

 

Arasında...

Hara çıxsın bu kirpiklər?

qalıb sellər arasında,

dən düşənim gözə dəyər

qara tellər arasında.

Arzularım nakam qalıb,

burda bayquş qanad çalıb,

zalım olan qırğın salıb

qardaş ellər arasında?!

 

Bir az payız soyuyunca

qış buyurar qaça-qaça,

kaş ki, hərdən güllər aça

bu fəsillər arasında.

 

Çoxlarına gərək olub,

yaxşı ki, bu ürək olub!            

qocalığım dürmək olub,

dadlı illər-arasında!

 

Nəsil-nəsil soruşular,

söz yazar, nəğmə qoşular,

Vahid Əziz paylaşılar

çox sevənlər arasında...

 

Gedirəm...

Ayrılmağım ürəklərə damanda,

gözlər dollar: "hayıf, əldən gedirəm",

ölüm gələ ağlım kəsən zamanda,

başa düşəm-hansı dərddən gedirəm.

 

Dərd qanana əsirgəmə heç nəyi,

mərd bacarar təqsirlərdən keçməyi,

şiş burnuna keçirərək çeşməyi,

bir yaramaz gülər bərkdən: "Gedirəm!".

 

Təxəllüsüm "Vahid Əziz" bir dənə,

ömrüm boyu yandım elin dərdinə,

gedən mənəm, kimdir varan fərqinə:

"İncimişəm, yoxsa ərkdən gedirəm?".

 

Mən göylərin, torpaq yeyər bu canı,

utanmadan salar, ağır hicranı,

köhlənimə tapşıraraq qamçını,

pay-piyada düşüb tərkdən, gedirəm.

 

Durna kimi qanad açıb yuvadan,

ayrılmadan doğma eldən, obadan,

ay beşəlli yapışanlar dünyadan,

vəfasını bilərəkdən gedirəm...

 

Oralığam, qara torpaq çəksə də,

vaxtın hökmü dizlərimi büksə də,  

qəmli duman gözlərimə çöksə də,

ayıraraq tükü-tükdən, gedirəm...

 

Qayıtma...

Ayrıldıqca, bütün yollar qapandı,

hönkürərək yalvarsam da, qayıtma,

çıraq - sönən, şamlar - tirək yanandı,

əldə Günəş axtarsam da, qayıtma.

 

El içində qınanarıq qovuşsaq,

ev yıxarıq, qan salarıq vuruşsaq,

bədxahları sevindirər bu yanmaq -

kainata od vursam da, qayıtma.

 

Kaş bu alov sən gedərkən sönəydi,

mən neynəyim? - bəxtin üzü dönəydi!

bir halda ki, bu nəğmələr sənəydi -

çeşmə kimi qurusam da, qayıtma.

 

Vaxtın soyuq soraqları telimdə,

söndü eşqin çıraqları selimdə,

ümidimin barmaqları əlimdə -

yıxılmaram, kor olsam da qayıtma!

 

Xeyli olub bu çeşmədən içənlər,

Vahid Əziz gülşənindən keçənlər,

Yer sakini ola bilmir sevənlər -

səmalarda vurulsam da, qayıtma...

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!