Ən çətini...
Çox soyuqlar görmüşük
Üşümüşük qarlı, soyuq havalarda
Amma o vaxt bilməmişik
Bir qadının qollarında üşüməkdi ən çətini
ən çətini bir qadının qollarında üşüməkdi
Nə gizlədək, qorxmuşuq da,
Qorxumuzdan susmuşuq da, ağarıbdı rəngimiz də
dən düşübdü, çallaşıbdı saçımız da
Amma o vaxt bilməmişik
Bir qadının saçlarında
dənə dönüb ağarmaqdı ən çətini
Ən çətini bir qadının saçlarında dənə dönüb ağarmaqdı.
Gecələri öpüşlərə qərq edərək yatızdırıb
Səhərləri sığallarla oyatmışıq
Uzatmışıq özümüzçün o xoşbəxtlik anlarını
Amma o vaxt bilməmişik
Bir qadının mürgüləyən kədərini oyatmaqdı ən çətini
Ən çətini bir qadının mürgüləyən kədərini oyatmaqdı
Boğazından belinəcən rəqs eləyib dodağımız,
Toxunmuşuq, yoluxmuşuq tər qoxulu bədən adlı bir mərəzə
Amma o vaxt bilməmişik
Bir qadının gözlərindən ruhunacan toxunmaqdı ən çətini
ən çətini bir qadının gözlərindən ruhunacan toxunmaqdı.
Sərt olmağa çalışmışıq
Alışmışıq ağır-ağır yanındayam söyləməyə
Amma o vaxt bilməmişik
Bir qadının dizlərində uşaq kimi ağlamaqdı ən çətini
ən çətini bir qadının dizlərində ağlamaqdı uşaq kimi...
Amma o vaxt bilməmişik...
Heç indi də bilmirik ki...
Sonranı düşünmək
Bir gün biz olmayanda... yəni... sakitcə
əlimiz cibimizdə, çantamızda kitablar
hər gün keçdiyimiz küçələrdən keçərcəsinə
bu həyatdan köçəndə
nəsə qalacaqmı bizdən...
Hər gün dayanacaqda rastlaşdığım,
qısa saçlı qızdan sonra boşmu qalacaq onun yeri?
Yoxsa başqa qızlar dolduracaq həmin qəhvəyi boşluğu?
Qısamı olacaq saçları, buruqmu
Bir payız səhəri necə olacaq hava
Yenə küləklimi, yenə soyuqmu?
Darıxacaqmı yollar bizimçün?
Avtobusun şeh tutmuş pəncərəsi darıxacaqmı
Ona söykədiyimiz alnımızçün, üzümüzçün?
Unudacaqmı əllərimizi oxuduğumuz kitablar?
Bir gün, biz olmayanda...
Qatarların yadına düşəcəyikmi cəmi bir stansiyalıq?!
Oturduğumuz kafelərin
yadında qalacaqmı elədiyimiz söhbətlər
Heç olmasa Millerin pyesləri, Səmədoğlu şeirləri...
"O qızı unutdum" yalanları, "romanımı bitirdim" cümləsi...
Bir gün mən olmayanda...
Eşidiləcəkmi kədərli bir qız səsi:
"ortabab yazıçıydı, yaxşı sevgili də ola bilərdi, amma
Vaxtı çatmadı...".
***
Bir-iki dost qalıb hələ künc-bucaqda
Bir-iki roman mövzusu var hələ -
vərəqləri saralmış bloknotda
Bir-iki xatirə də gizlənib,
bir-iki siqaret qalmış qutuda.
"Bir-iki"lərdə ilişib yerində sayır -
Köhnə kitab qoxulu qəhvəyi həyat...
Yorğun etiraf
Çiynimə qoy başını uyu, uyu, sarışın.
Getmə burdan oralar quyu, quyu, sarışın.
Çiynimə qoy başını ağla, ağla, sarışın.
Yuxulu gözlərini bağla, bağla, sarışın.
Parıldayır ümidlər sönür, sönür, sarışın.
Yağır yağış, buludlar ölür, ölür, sarışın.
Dərd adamı içindən yeyir, yeyir, sarışın.
Tükənirik günbəgün şeir-şeir, sarışın.
Qutudakı siqaret bitir, bitir, sarışın.
Unudulmur gedənlər itir, itir, sarışın.
Tökülmüşəm içimə xəzəl-xəzəl, sarışın.
Məni gəl nizama sal qəzəl-qəzəl, sarışın.
Çiynimə qoy başını uyu, uyu, sarışın.
Getmə burdan oralar quyu, quyu, sarışın.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!