"Səbirsiz anılar" silsiləsindən - Dəyanət Osmanlı

***

Məndə daha qış fəslidi,

qalın qar basdı yurdu,

erkən düşdü soyuqlar,

uçurdu gerçəkləri tufan.

Tələskən getdi dostlar da

daha isti ürəklərə.

Sığınıb son baxışın istisinə

təkcə vəfalı anılar qaldı

mənimlə qiyamətə...

 

***

 

Bir gün fələk durub sorar:

kimsə varmı yer üzündə,

acısını,

ağrısını,

yarasını sevməsin,

axır günün zəhmindən çaşmasın...

Gerçək qorxub bayılar,

xəyal susar,

nə ağlım bir şey kəsər,

nə də ruhum tərpənər…

 

***

 

Yerin qulağına pıçıldayıram:

bir səfər üstündə ölməyim gəlir.

Sümüyə dirənib qından çıxıram,

bir haqsız bəlaya düşməyim gəlir.

 

***

 

Həyatın ləkəsini

ölüm tək-tək təmizlər.

Qan ağladar dirisini,

ölüsünü əzizlər.

 

Məni bir gün sağ görürkən

gözlərinə inanmayıb

fələk cırar yaxasını.

Azadlıq yıxılırkən dilimdən

dualar da gileylənib

durdurar haqq davasını.

 

***

 

O yurdun adını

heç eşitmədim,

qibləsini seçmədim...

Heç bilmək istəmədim

ürəyimcə olacaqmı

torpağının ətri qəbrimin.

 

Başımın üstündən buludlar

ağlım tək uçacaqmı,

ayağımın altından sular

qanım tək axacaqmı.

Boşuna xəyal eylədim...

 

***

 

Öldüyüm an

bir görəydim

Tanrının gözünü aldadıb biri,

ruhumu gizlədə biləcəkmi.

Heç üzünü tanımadığım,

məni yaşatmaq riskini seçən

azad və ürəkli bir kabus

görəlim qürurundan keçəcəkmi...

 

***

 

Zor anlarımda

Tanrıya nə ünüm,

nə əlim yetməyəndə,

məcbur qalıb

imdada çağırmaq istərkən

səsim boğazımda ilişib qalar.

 

Yuxularda Tanrının surətini

bir doğma insan tək görürkən

ruhum tənimdə təntiyir,

gözüm üzümdə səyriyir...

 

***

 

Bilsəm də bütün yozumlar

bir qəddar təsəllidi,

yuxuda aldanmaq  həzzi

gerçəyin üzündən

məsum və təsirlidi...

 

Və hər şeyin

puç olan sonluğunda

O daha yoxdur deyə

zorunlu təsəllim

fürsət verməkdir acıya.

 

***

 

Hələ heç nəyin,

heç kimin

dözülməz itkisindən,

ölümcül yarasından

sarsılmaz könül,

sarsılıb öfkələnməz öz aqibətinə.

 

Və bir üzgünlüklə xatırlanan,

ər sinəsi dağlayan,

ana üzünü cıran bir acı belə

nə savaş,

nə də zəfər bəhanəsi deyil.

***

Öz yolumdan üşənirəm,

amma bəlli bir behiştə

inanmağa həvəsim də qalmayıb.

Başardım

yalandan sevinməyi,

acılar çəkdirməyi.

Ölüm düşüb izimə

qəbrimə catanadək

addımımı tovladı.

***

Adım kimi

tanıdığım o yolu,

getmədim qəzasız olduğu üçün

keçmişin intiharına şahid olan

bir vadidə dayanıb

səfər sonunu gözlədim...

***

Susdum,

əfəldi, - dedilər.

Dindim,

cığaldı, - dedilər.

Yaşamaq istədim,

hədərdi,

öldüm,

əcəldi, - dedilər...

 

Bir bilsən,

bir görsən,

könül,

bu zəvzəklər nələr söyləyib,

bir-birini necə qandırdılar

qarın doyurmaq üçün.

***

Yollar ünvanı tanıtmaz,

amma son məqama çatmaqçün

amanım kəsilincə qaçaram.

 

Yol uzandı,

vaxt daraldı,

həvəs də qalmadı getməyə,

nə dayanıb gözləməyə.

Yenə səfər üzüntüsünü

mən təxirə salmadım.

 

Həsrətdən,

arzudan

və qorxudan bezmədim,

Tanrı da öldürməkdən usanmaz.

***

Bakı-Tiflis yolu

qədər yolumdu,

uğuru pozulub yad ayağında.

Qatar dəmir qəlbim,

relslər qolumdu,

qəhr olub qürbətin doğanağında...

***

Dost qanında boğulmağa

və yenidən anılarda

yalan-doğru yaşamağa

daha mənim zamanım yox.

 

Bir ağır səfəri

ayrılıq fürsəti kimi

gözləməyə macalım,

üzülməyə canım var.

Qəza məni bulursa rahatlansın,

bulmasa könlü bulansın..

Ən betəri

ümidlərin tək-tək qırılması,

dostların ayaqları altında

xırçıltıyla əzilib

qanı havayı axmasıdı...

Və hər şey yaxşı olar inamı

dar macalda gizlicə

yenidən doğular,

imdada yetişmədən

hirsindən çatlayar hər gün.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!