Arama
Sən sevda dəlisisən,
Mən sözün mübtəlası.
Mən günü gündən keçən,
Sən Allahın bəlası.
Sən duyğusu təzə-tər
Xumargözlü bənövşə.
Mən ruhu bəndə düşən
Qəlbi qırıq bir şüşə.
Sən nazı nazdan şirin,
Gözəllərin gözəli.
Mən ağacı bar verməz
Bir bağçanın xəzəli.
Onunçün də sən məni
Arama son ümidtək.
Get, öz bəxtini ara,
Sən Allah, məndən əl çək.
Şeirlərimi səpdim
Şeirlərimi səpdim
toxumluq dənlik kimi
zamanımın, xalqımın
əbədi yaddaşına.
Baharına, yayına,
payızına, qışına,
Bir də -
Şəhid qanı çilənmiş
torpağına, daşına.
Bəlkə, beşi göyərdi,
Bəlkə, üçü, ikisi,
Bəlkə, biri göyərdi,
Bəlkə də heç birisi...
Ancaq zamanında mən,
Səpdim o toxumları -
gerçəkli gümanları,
gələcək arzuları.
Bacardığı bu oldu
Əvvəl-axır ömrümün,
Zülmət gecələrimin,
Ümid dolu günümün.
Nə ağac əkə bildim,
Nə də yol çəkə bildim,
Nə daş üstə daş qoyub
Bir daxma tikə bildim...
Sözü sözlə yaşatdım
Özümü yaşadantək.
Nəyim var, nəyim yoxdur,
gələcək göstərəcək.
Aparsam, bəlkə...
Mənsiz açılacaq bir gün bu səhər,
Günlər də yenidən yeni olacaq.
Buludlar gözündən yağacaq qəhər,
Təkcə bu dünyaya sevgim qalacaq.
Sevgim yaşadacaq məni mənsiz də,
Ona bir döyünən ürək vermişəm.
Haraya sevgimlə getmişəm qoşa -
Orada duz-çörək, ülfət görmüşəm.
Nifrətim əriyib yaz qarı kimi,
Kədərim sevgimlə tapıb təsəlli.
Hərdən dindirəndə qəm sarı simi,
Sevgim sipər olub qəmə beşəlli.
Sevmişəm daşın da daş yaddaşını.
O yaddaş kimliyim, nəçiliyimdir.
Sevdim bulaq adlı yurd sirdaşını,
O sirdaş saf sözüm, duz-çörəyimdir.
Mənim sevgi dünyam bütöv bir ölkə,
Onunla ümmana, dəryaya vardım.
Aparsam, aparsam, aparsam, bəlkə...
Vətəndən vətənə vətən apardım.
Saz havası
Saz havası,
min illərdir ruhumuzun
can sirdaşı!..
Beşiyimin nəğməkarı,
laylamın ilk əlifbası!..
Vətənimin, millətimin
sənsiz bir an olmayıbdı
nə düyünü, nə də yası!..
Sənə vurğun ola-ola
nədən belə qərq olmuşuq
şirin-şirin röyalara?!.
Bəlkə elə onunçün də
Vətənimiz, millətimiz
min illərdir yad əllərlə
bölüklənib olub para?!.
Sənin ruhun yüz illərdir
ayıltmadı niyə bizi?!.
Yüz illərdir Cənubumun,
Şimalımın - o tayımın,
bu tayımın yollardadır
hələ gözü?!..
Niyə sənin hər pərdəndən
qopan nalə, düşən yanğı
kor etmədi gözümüzü,
qaytarmadı özümüzə-özümüzü...
Bəlkə, bizi ayıltmaqçün,
özümüzə qayıtmaqçün
bir ilahi möcüzəyə var ehtiyac?!.
İnanmıram... inanmıram
səndən özgə bir möcüzə
ruhumuzun havasına
ola əlac!..
Saz havası!..
Dədəm Qorqud urvatının xatirinə,
Qaytar bizi Şah Xətai qeyrətinə,
O qeyrətin
düşmən bağrı çatlatdığı
bir dünyalıq heyrətinə!..
Dünya mənim ovcumdadır...
Oturmuşam kameratək cansıxıcı
dörd divarlıq otağımda
təkcə-tənha.
Ancaq hələ
ümid ilə baxıram mən
hər axşama, hər sabaha.
Həmdəmimdir acı-şirin xatirələr,
Yada düşür nələr... nələr...
Gah fikrimin aran yeli
qanad çalır zirvələrdə,
Gah dağların sərin mehi
ləpə vurur pəncərəmdə -
pərdələrdə.
Gah ahıla, gah dəliyə
dönürəm mən
bircə anın içindəcə.
Yaşım da o yaş deyil ki;
nə gündüzdür, nə də gecə.
Ömrüm, günüm alatoran çağındadır,
Cismim Cəhənnəm odunda,
Ruhum "Cənnət bağındadır".
Xəyalımın qanadında yol gedirəm
dünyanın lap o başına.
Yol boyu da bələnirəm
milyon-milyon məzlumların göz yaşına...
Sığınsam da dörd divarın arasına,
dünya mənim ovcumdadır nöqtə kimi.
Olubdu ki, o nöqtənin
nöqtəsinə agah üçün
tər tökmüşəm sübhə kimi.
O nöqtədən yol almışam,
yol gəlirəm
içimdəki özümə mən -
"Özüm" adlı sözümə mən.
O nöqtədən yol almışam
əyrimə mən, düzümə mən.
Mən də kiçik bir nöqtəyəm
nöqtələrin sırasında -
qələm tutan, söz üyüdən
xiridarlar arasında.
Mən nə sonun başlanğıcı,
nə başlanğıc sonundayam.
Kainata nur çiləyən
bir nöqtənin donundayam.
Bu nöqtədə cəmlənibdir
bütün küllü zərrəciyim -
həm dünənim,
həm bu günüm,
həm əbədi gələcəyim...
Tanrı müjdəsi...
Dünyasını vaxtsız dəyişən
dostlarımın xatirəsinə
...Dostlar durna qatarıtək
verib qanad-qanada
üzləri suluikən
köçdülər bu dünyadan.
Bu qəfil köç karvanıyla
mat qoydu bəndəsini
əzəmətli yaradan.
Rəsul Rza demişkən:
"Su oymuş qaya kimi
uçulur dörd bir yanım",
Onunçün də qaynamır
dünyaya daha qanım.
Əllərim üzülür ta
dünyanın yaxasından.
Baş aça bilmirəm heç
dostlarımın yasından.
Görünür, ta vaxt-vədə
gəlib döyür qapını.
Vaxtlı-vaxtsız xəbərlər
pıçıldayır mənə də:
"Sən də əl-ayağını
yığışdır yavaş-yavaş,
sahmanla köç atını.
Onsuz da nə yazmağa
tutarlı sözün qalıb,
nə tutuşub yanmağa
ocaqda közün.
Nə də bir dost qapısı,
nə doğma ünvanın var
dar gündə gülsün üzün".
Dostlarsız, doğmalarsız
insana yad olur
dişiylə, dırnağıyla
çatdığı od-ocaq da.
Qısılıb qalır adam
gözdən, könüldən iraq
küncdə, bucaqda.
Nə Haqqa çatır əlin,
nə dərdi deyir dilin.
Qovrulursan içində
odu içində olan
qov qovlanan kimi.
Sevincin göy əskidə,
üzə bilmirsən qəmi...
Başlayır yavaş-yavaş
ömrün sərgərdan dəmi.
...Səfil, səy yaşamaqdan,
vaxtsız ölüm yaxşıdır.
Ayıb örtəndir ölüm -
O Tanrı müjdəsi kimi
insanın son naxşıdır...
Çətindi...
Bir dərənin suyunu
ayırma min dərəyə.
Çalış ki, min dərənin
suyunu yığ bir yerə.
Onda dağlar dağı da
diz çökəcək önündə.
Çağlayacaq səadət
ömrünün hər günündə.
Bir damlanın gücündə
yatıb ümman ləngəri.
Ən dərin ümmanda da
var damlanın öz yeri.
Damla-damla böyüyüb
dənizlər olur ümman.
Kainat dediyin də
yaranıbdı damladan.
İnsan da bir kainat -
Böyüyür damla-damla.
Yaşayır bu həyata
Tükənməz bir inamla.
İnsanın böyüklüyü
Onun vüqarındadır.
Nə "şan-şöhrətli" adda,
Nə sərvət, nə vardadır.
Vüqar incə bir şüşə,
Qırılsa, ələ gəlməz.
Nadan min il yaşasa,
Onun dəyərin bilməz.
Cəhənnəm əzabıdır
Ömür sürmək vüqarla.
Çox ağırdır yaşamaq
Namusla, etibarla.
Ancaq yenə təmiz ad,
Namus, qeyrət qalacaq.
Zaman çox "ölməzləri",
"Əbədi sönməzləri"...
Öz taxtından salıbdı,
Öz taxtından salacaq...
Bəlkə də inanmırsan
Bu həqiqətə indi.
İnamsız yaşamaqsa,
İnsan, sənə çətindir!..
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!