"SÖZ" gözəlinin nazını çəkmək" (Füzuli) yalnız istedadlı adamlara qismət olan bir səadətdir. Həqiqi şeir bəstələnməmiş nəğmədir. "Söz yaradanın mədhi-sənası, nəğməsidir". "Sözə xor baxmaq olmaz, hər söz // Ərşdəndir gəlib hədiyyə bizə" (Füzuli). Mən həmişə demişəm; ədəbiyyatında Füzuli olan xalqın şairi olmaq çətindir. Şair dostum Ramiz Məmmədzadə deyir: "Bir var şairlər, bir də var şeiryazanlar". Bizdə şeir yazan çoxdur, şair isə tək-tük. Şeiryazanlar SÖZ əzabını yaşamır, dülgər taxta ilə məşğul olduğu kimi onlar da sözlə predmet kimi məşğul olurlar. Mən şair deyiləm, bəlkə də şeiryazanlardan biriyəm. Fəqət, hələ böyüməmiş bu çocuqları SÖZ işığına, ədəbiyyat ab-havasına çıxarmağa cəsarət etdim. SÖZ aşiqlərinə dərin hörmətlə Nizaməddin Şəmsizadə...
Dünya
Mən o mən deyiləm, dinlə, əzizim,
Məni məndən alıb apardı dünya.
Bir zaman bağçamda güllər əkərdim,
Gülümü köksümdən qopardı dünya.
Arzular qoşmuşdum, arzu dalınca,
Şəklimi qoymuşdun sən də balınca.
Dönüb rüzigara, iti qılınca,
Başımı bədəndən apardı dünya.
Qoşa çinar idik, gənclik çağında,
Boy atıb bitmişdik cənnət bağında...
Günəş gülümsərdi al yanağında,
Ömrü minib sürən çapardı dünya.
Axır ürəyimdə duyğular seli,
Şöhrətim, nüfuzum bürüyüb eli.
İllər yavaş-yavaş qatlayıb beli,
Məni bir də hardan tapardı dünya?
Gör necə şahlardan neçə tac aldı,
Ömrümü günümü məndən bac aldı.
Məni qocaltdıqca özü qocaldı
Bir tabuta qoyub apardı dünya.
İlahi, əlimdən alma dünyamı
Qoy yansın hələlik ömrümün şamı.
Bilmədi cavanam, ya qocayammı,
Məni bu dünyadan apardı dünya.
Avqust bayatıları
Dedin: - Söylə bayatı,
Dedim: - Qalıb boyatı,
Əlimi saza atdım,
Kişnədi türkün atı.
Əlimdə sazım telli,
Sevgilim incə belli.
Bir öpüş almaq üçün
Çıxardım ilan dili.
Saçları sinə üstə,
Qulacı dəstə-dəstə.
Mənə bir busə verdi,
Dərdindən düşdüm xəstə.
Həsrətim vuruşur xatirələrdə
Susub telefonun özündən əvvəl,
Çoxdandı əlimə dəyməyib əlin.
Həsrətim vuruşur xatirələrdə,
Nağıla bənzəyir ötən günlərim.
Saçlarına düzə bilmədiyimdən
Vaxtından çox qabaq solub güllərim.
Söyüdlər yenə də başını əyib,
Amma ki, əlinə dəymir əllərim.
Çoxdan unutmuşam nizim sözünü,
Gülüm də güllərlə bərabər solub.
On birdən on birə çəkən günümüz
İndi intizarla, həsrətlə dolub.
Xəyallarla yüklü tənha bir qayıq,
Üzür xatirələr okeanında.
Gecələr yuxuma girirsən yaman,
Yenə danışmırsan adam yanında.
Qəmli gözlərinə baxıb susuram
Tez yadıma düşür Leylinin sözü.
Özgə əlindədir bilirəm məhar,
Həsrətlə qapanır könlümün gözü.
Bəlkə utanırsan qocalığımdan?
Bəlkə çəkinirsən ucalığımdan?
Sənə ev qurmuşam xatirələrdə,
Mənə boy verməyən bu yad şəhərdə.
Əzəldən tufana düşdü güllərin,
Orda-burda keçdi gözəl günlərin.
Kimlərə qismətdir bilmirəm nəyin,
Mənə kifayətdir xatirələrin.
Xəyal bağçasında əkmişəm səni,
Xatirə bağıdır gülün məskəni.
Allaha əmanət qoyub gedərəm
Bir gün bu dünyadan aparsa məni.
Yaman
Yaman udub yaxşını,
Pozub gözəl naxışını
İgidlərin baxışını
Yenə çən-duman alıb,
Dünyanı yaman alıb.
Ümid yoxdu gümana,
Güman quldu yamana.
Üz tutsan da ha yana
O yan viran olubdu,
Yaman onu udubdu.
Yaxşı-yaman içində
Buğda saman içində
Güllər tikan içində
Təslim olub yamana
Dəyişibdi zamana.
***
Səndən ayrılmağın çarəsi ölüm,
İzin ver yenidən qoynuna dönüm.
Özünə qaytarım məhəbbətini,
Yaşayaq ilahi səadətini.
Şəkərə xitab
Dahi filosofların
Qalın kitablarını
Oxumaq istəyirəm -
Gözüm qoymayır.
Gözümün qarşısında
Əqrəb oynayır.
Göz yaşım
Yanağımla sürüşür,
Kitab əlimdən düşür.
Neçənci kərə
Lənət oxuyuram
Andır şəkərə.
Fikirlərim dağılır
Laxtalanmış qan kimi,
Qüssədən dartılır
Qəlbimin sarı simi.
Oxunur sonuncu
Ömür nəğməsi,
Gedir həyat həvəsi.
Gəlir ölüm nəfəsi
Bir də ki, Əzrailin
"Gəl gedək" kəlməsi...
Tərsinəmi axır
çayların suyu
Yaman kədərliyəm yenə bu axşam,
Titrəyir əlimdə ömür adlı şam.
Uçur xəyalımda ölüm qorxusu,
Gəlir pəncərədən halva qoxusu.
Nə tez dəyişildi sevginin donu?
İlğım tək görünür ömrümün sonu.
Nə tez cılızlaşdı böyük arzular,
Tərsinəmi axır çaylarda sular ?!
Ağlayıram
Ayaqlarım şişib, bir daş,
Üstündə qurmuşam bardaş.
Gözlərimdən axır qan-yaş
Öz ömrümə ağlayıram.
Günlər keçib gedir hədər,
Can sirdaşım olub kədər.
Dua edib axam-səhər
Allaha bel bağlayıram.
Adamların üzü bir daş
Xain çıxıbdı dost, sirdaş
Qapımı döyməyir qardaş
Dünyaya kin saxlayıram.
Daha qalmayıb səbrim,
Harada qazılıb qəbrim?
Yerini nişan ver, Allah!
Tez gedib içinə girim.
İsrafil sur çalanda
Avazla oxunan
"Yasin"in hər kəlməsi
Süzülür sevgilinin
Nəmli kirpiklərindən,
Ah çəkirəm dərindən
Allahın təbəssümü
işıq salır qəlbimə.
Ruhum qüdrət verir
dünyaya divan tutan
dözümümə, səbrimə
Uzanıram tabuta
Nuhun gəmisi kimi
Gəmi üzür dalanda
Gedirəm o dünyaya -
Bir də qayıtmaq üçün
İsrafil sur çalanda.
Qocalıram
İllər ötür yavaş-yavaş,
Yaş üstünə qalanır yaş,
Tökülür diş, ağarır baş
Nüfuz artır, ucalıram
Vaxt yetişir, qocalıram.
Artır ürəyimin qəmi,
Gedir sevgilərin dəmi.
Toplu görürəm aləmi
Hamıdan dala qalıram
Gündən-günə qocalıram.
Yuxum çəkilibdi ərşə
Bir qulp qoyuram hər işə
Giley edirəm gərdişə
Tez-tez xəyala dalıram,
Baba olub qocalıram.
Yuxu
Ölülər dəstə-dəstə
Gəlirlər qəbrim üstə.
Ağızlarında dua
Boğazlarında hava.
Biri baş əyib keçir,
Biri söz deyib keçir.
Biri bərəldir gözün
Biri gizlədir üzün.
Anamın qaş-qabağı,
Şirin sözlər deyirəm.
Eşitməyir qulağı,
Əyilib əzizləyir
Bir sarışın uşağı.
İyulsuz yay
Şair dostum
Ramiz Məmmədzadəyə
Bir qəribə yay idi
On yeddinin yayı.
Yox idi orta ayı
Günlər tələsərək
Alov kimi axırdı.
Günəş qəzəblə bizi
Yandırırdı-yaxırdı.
İyulsuz bir yay idi
Kimsə qəzəbləndirib
Bu il gələn yayı
Düşüb itmişdi yaydan
Ən isti iyul ayı.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!