Bir gün səhər-səhər...
Gültən Akının ən çox sevdiyi sevgi şeiri
Bir gün
səhər-səhər
qapını döysəm,
yuxudan oyandırsam səni:
ki, daha sis qalxmamışdır
Xaliçdən,
gəmilər fit çalmaqdadır,
ətraf alacaqaranlıqdır,
körpü açıqdır hələ...
Bir gün
səhər-səhər
qapını döysəm,
yuxudan oyandırsam səni...
Bu dəfə
yolçuluğum
uzun çəkdi
olduqca,
gecə
dəmir körpülərdən
keçdi qatar...
Dağların başında
beş-on evli kəndlər,
yolboyu
teleqraf dirəkləri -
biz gedirik - gedirlər,
biz dururuq - dururlar...
Türkülər
zümzümə etmişəm
pəncərədən,
ya da,
uzaqlara baxıb,
xəyallara dalmışam.
Bileti
ümumi vaqona almışam -
kasıblığın üzü qara olsun...
Zümrüd gərdanlığa
gücüm çatmadı,
sənə
Sapancadan
bir səbət
alma aldım...
Ver əlini
Heydərpaşa vağzalı
dedim,
budur,
gəmi artıq limandadır,
pırıl-pırıl.
Hava yüngülcə soyuqdu.
Dəniz
qətran və
balıq qoxusu verir,
körpüdən
qayıqla çıxdım sahilə,
birnəfəsə qalxdım
sizin dikdiri...
Bir gün
səhər-səhər
qapını döysəm,
yuxulu səsinlə:
- Kimdir? - desən...
Saçların dağınıq...
Kim bilir,
nə gözəl görünürsən...
Bir gün
səhər-səhər
qapını döysəm,
yuxudan oyandırsam səni:
ki,
daha sis qalxmamışdır
Xaliçdən,
fabrikalar fit çalmaqdadır...
Cüyürlü gecə...
Kaan Murad Yanıkın ən çox sevdiyi şeir
Halbuki
qorxulacaq heç bir şey
yoxdu ortada -
hər şey
sünii və saxtadı, vəssalam.
Və
ölüncə -
beş, on, min kişi -
birdən ölürdük,
gün doğhadoğda,
amma
cüyürlü gecəni
bulmadan öncə.
Hamımız
uşaq kimi qorxurduq.
Bəzən gizlədə-gizlədə,
bəzən döyüşə-döyüşə
qoruyurduq
cüyürlü gecəni
böyük şəhərlərdən,
qladiatorlardan,
dişləri olan hər şeydən...
Bəli,
kimsəsiz idik,
amma
ümidsiz deyildik.
Harda
üç ev görsək,
bir səhər sanardıq,
harda
üç göyərçin görsək,
Meksika gələrdi ağlımıza.
Axşamüstü
caddələrdə gəzməkdən
xoşlanardıq,
sonra
şərab içərdik,
qırmızı, yaxud bəyaz,
cüyürlü gecənin üzündən...
"Cüyürlü gecənin
arxa yanı ağaclıq,
ayağının
suya dəydiyi yerdə
göyüzü,
çatal buynuzlarında
soyuq Ay işığı..."
İstər-istəməz,
eşqi xatırladır.
Əskidən
gözəl qadınlar
və
gözəl eşqlər olmuş,
indi də var, sözsüz.
Bir bilsəniz
necə sevinirəm
düşündükcə
cüyürlü gecələrin ən gözəlini...
Heç nə
gözümdə deyil,
eşqdən və ümiddən başqa.
Bir anda
xəyalımda
iki qədəh,
iki yeni türkü
və
cüyürlü gecə,
tükləri hamar-hamar,
tükləri yumşaq-yumşaq...
Nə vardısa,
cüyürlü gecədə idi,
ovuclarımızın
içi tərləyərdi
həyəcandan,
bir də baxırdıq
axşam düşüb:
səkilərə,
neon lampalarına,
çılpaq qadın çiyinlərinə, -
büllur otellərin önündə
qəribsəyirdik,
sanmayın ki,
böyük şeylərə görə
kədərlənərdik -
məsələn,
üç bakal
şərab içsək,
qüssədən qurtulardıq,
yaxud
bir adam bıçaqlamaq,
yaxud
küçələri zibilləmək,
amma,
ən yaxşısı,
çıxıb getməkdi,
çıxıb gedərdik
cüyürlü gecədə uyumağa...
Bədri Rəhmi ƏYYUBOĞLU
Çaxmaq daşı
Nərmin Yıldırımın ən çox sevdiyi sevgi şeiri
Səni düşünərkən
bir
çaxmaq daşı
isinir içimdə,
bir quş
gəlib qonur
ürəyimin ucuna,
bir lalə açılır qəflətən,
bir lalə
sinsi-sinsi qanayır...
Səni düşünərkən
bir ərik ağacı
təpədən-dırnağa
çiçək açır
və
sevdalılar kimi
fır-fır fırlanır
qarşımda,
fırlandıqca,
çərdəyi
təzə-təzə
süd bağlamış
gömgöy meyvəsinin
dadı qalır damağımda
və
dodağım od tutub yanır...
Səni düşünərkən
bir
çaxmaq daşı
isinir içimdə,
bir quş
gəlib qonur
ürəyimin ucuna,
bir lalə açılır qəflətən,
bir lalə
sinsi-sinsi qanayır...
Ümid Yaşar OĞUZCAN
Mənə bir şərqi söylə
Camal Sürəyyanın ən çox sevdiyi sevgi şeiri
Səsindən ötrü qəribsədim,
nə olar, danış -
bir gül açsın
keçmişin bağrında!
Zülmət içindəyəm,
qapqara qaralmışam,
gəl,
bu gün gəl,
göy mavisindən,
dəniz mavisindən
mənə bir şərqi söylə!
İçimdə
bir şey qımıldanır,
yorğunam,
yuxusuzam -
gözlərim qan çanağı,
baxsana
nə haldayam -
dəli-divanə...
Həm yaralı,
həm çarəsiz,
həm ümidsizəm,
mənə bir şərqi söylə.
Yağış ol - yağ üstümə,
günəş ol - isit,
yar qaranlığı işıqlar kimi,
al,
götür məni uzaqlara,
lap uzaqlara,
səsin
axsın içimdən
irmaqlar kimi!
Mənə bir şərqi söylə -
bir-birinə qat
bütün rəngləri,
içindən
buram-buram
bir turuncu gətir,
ötən yazdan.
səsin
axsın içimdən
irmaqlar kimi!
Mənə bir şərqi söylə -
astadan,
ağappaq səslə,
qar
necə həzin-həzin yağarsa,
elə.
Budur,
zülmət içindəyəm,
qapqara qaralmışam
halım ağlamalı,
gəl,
indi gəl,
hüzünlü səsinlə
mənə bir şərqi söylə...
Sezai KARAKOÇ
Mona Rosa
Ali Lidarın ən çox sevdiyi sevgi şeiri
Mona Rosa, siyah güllər, ağ güllər.
Geyvənin gülləri və bəyaz yataq.
Qanadı qırıq quş mərhəmət istər.
Ah, sənin üzündən qana batacaq,
Mona Rosa, siyah güllər, ağ güllər.
Gecə Aya hürər axmaq köpəklər,
Ürkək-ürkək baxar dovşanlar dağa.
Mona Rosa,
bu gün məndə bir özgə hal var,
Yağış iri-iri düşər torpağa,
Durmaz, Aya hürər axmaq köpəklər.
Açma pəncərəni, pərdələri çək,
Mona Rosa, səni görməməliyəm.
Bir baxışın ölməm üçün yetəcək.
Anla, Mona Rosa mən bir dəliyəm,
Açma pəncərəni, pərdələri çək.
O zeytun ağacı, söyüt kölgəsi
Məndəcə çıxarlar gün işığına.
Bir nişan üzüyü, bir qapı səsi
Səni xatırladır hər zaman mənə
O zeytun ağacı, söyüt kölgəsi.
Zambaqlar ən səssiz yerlərdə açar,
Hər yabanı güldə taparsan qürur.
Bir şamın ardında gözləyən rüzgar
İşıqsız qəlbimi titrədib durur,
Zambaqlar ən səssiz yerlərdə açar...
Zaman nə də tezcə keçirmiş, Mona,
Saat on ikidir, söndü işıqlar.
Uyu ki, durnalar girsin röyana,
Baxma tuhaf-tuhaf göyə bu qədər,
Zaman nə də tezcə keçirmiş, Mona.
Hər axşam gələndə əncir quşları
Daraşırlar bağın meyvələrinə.
Birinin rəngi ağ, birinin sarı
Ah, məni vursunlar o quş yerinə,
Hər axşam gələndə əncir quşları.
İnan, Mona Rosa, tapıram səni
Əncir quşlarının baxışlarında.
Gəl, həyatla doldur bu süst yelkəni.
Üzdüyüm dənizin göy sularında
İnan, Mona Rosa, tapıram səni.
Artıq inan mənə, qəriban qızı,
Dinlə və qəbul et etirafımı.
Bir soyuq, bir mavi, bir qərib sızı
Alov-alov sardı cümlə canımı,
Artıq inan mənə, qəriban qızı.
Mona Rosa, siyah güllər, ağ güllər.
Geyvənin gülləri və bəyaz yataq.
Qanadı qırıq quş mərhəmət istər.
Ah, sənin üzündən qana batacaq,
Mona Rosa, siyah güllər, ağ güllər.
Camal SÜRƏYYA
Eşq
Ece Təməlqızının ən çox sevdiyi sevgi şeiri
İndi sən qalxıb gedəcəksən.
Get.
Gözlərin qalacaqmı?
Onlar da gedəcəklər.
Getsinlər.
Halbuki
bilirsən
mən sənin gözlərinsiz
yaşaya bilmərəm...
Bir olan
Allah şahiddi ki,
yuxudan pis durmamışdıq -
xoşbəxt idik,
eşq daşırdı gözlərimizdən.
Bir quş
qonmuşdu barmaqlarıma,
uzun-uzun türkü söyləmişdi,
bir eşq gəlmişdi
və
bir daha getməmişdi,
qeyb olmuşdu
dünənki,
srağagünkü
yoxsulluğumuz,
sanki heç olmamış kimi...
İndi sən qalxıb gedəcəksən
Get.
Gözlərin qalacaqmı?
Onlar da gedəcəklər.
Getsinlər
Halbuki
bilirsən
mən sənin gözlərinsiz
yaşaya bilmərəm...
İndi
açsam pəncərəni,
gözləsəm,
sən gəlsən,
heç bir şey soruşmasam,
heç bir şey söyləməsəm,
sussam,
sussan,
sussaq.
Sükutun anlatdıqlarını
dinləsək,
arxa-arxaya otursaq,
hönkür-hönkür ağlasaq,
soruşmasaq bir-birimizdən
səbəbini,
sarılsam,
sarılsan,
sarılsaq.
Və
yenə heç nə danışmasaq,
amma anlasaq,
nə vardı yəni,
olsa,
nə olardı yəni,
xəyal-məyal,
xəyal-məyal...
Can YÜÇƏL
Hər şey səndə gizli
Şükri Erbaşın ən çox sevdiyi şeir
Yer səni çəkdiyi qədər ağır,
Qanadların çırpındığı qədər
xəfifsən...
Nəbzin vurduğu qədər canlı,
Gözlərin
uzağı gördüyü qədər
gəncsən...
Xoşladıqların qədər
zərif,
incə,
Nifrət etdiklərin qədər kobudsan.
Nə rəng olursa-olsun
qaşın, gözün,
Qarşındakının gördüyüdür rəngin.
Yaşadıqlarını qazanc sayma,
Yaşadığın qədər yaxınsan sonuna...
Nə qədər yaşayırsan yaşa,
Sevgin qədərdir ömrün.
Gülə bildiyin qədər xoşbəxtsən,
Üzülmə,
bil ki,
ağladığın qədər güləcəksən.
Sevdiyin qədər seviləcəksən,
Günəşin doğuşundadır
təbiətin sənə verdiyi dəyər.
Və
qarşındakına
dəyər verdiyin qədər
insansan.
Bir gün
yalan söyləyəcəksənsə əgər,
Qoy qarşındakı
sənə qüvəndiyi qədər
inansın.
Ay işığındadır
sevgiliyə duyulan həsrət,
Və
sevdiyinə həsrət qaldığın qədər
yaxınsan.
Unutma,
yağışın yağdığı qədər islaq,
Günəşin isitdiyi qədər istisən.
Özünü yalnız hiss etdiyin
qədər yalnızsan,
Və
güclü hiss etdiyin qədər güclü.
Və
budur həyat!
Bunu
unutduğun zaman
aldığın hər nəfəs qədər
üşüyərsən,
Çiçək sulandığı qədər gözəl,
Quşlar oxuduqları qədər sevimli,
Uşaq ağladığı qədər uşaqdır!
Və
hər şeyi
öyrəndiyin qədər bilərsən,
onda,
sevgilim, bunu da öyrən:
sevdiyin qədər sevilərsən...
Behcet Kamal ÇAĞLAR
İstəyirəm
Əhməd Arifin ən çox sevdiyi sevgi şeiri
Bir çiçək istəyirəm
Mən baxmadan solası,
Bir qanad istəyirəm
Məni yerdən alası,
Bir günəş istəyirəm
Gecə məndə qalası.
Bir mərmər istəyirəm
Arzumca oymaq üçün,
Bir qadın istəyirəm
Ruhunu soymaq üçün
Bir cüt diz istəyirəm
Başımı qoymaq üçün.
Biz zəncir istəyirəm
Hirsimi bağlayacaq.
Bir yanğın istəyirəm
Ruhumu dağlayacaq,
Bir ana istəyirəm
Üstümdə ağlayacaq.
Bir alınmaz qalanı
Fəth etmək təkbaşına,
Vurulub düşmək birdən
Son bürcün son daşına,
Uzanan bir cüt dodaq
Gözlərimin yaşına.
Bir ilham istəyirəm
Bir gün vəhyə erəcək,
Bir cüt göz istəyirəm
Can evimi görəcək,
Bir sevgi istəyirəm
Ömürlərcə sürəcək...
Bir mehrab istəyirəm
Önündə diz çökməyə,
Bir az yer istəyirəm
Yazda fidan əkməyə,
Bir toxum istəyirəm
Boş tarlanı əkməyə.
Bir bina, təməlinə
Əlimlə daş qoyacaq,
Bir sevgili, hər dərdin
Gözünə yaş qoyacaq,
Bir iman istəyirəm
Uğrunda baş qoyacaq...
Tərcümə etdi: Dilsuz
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!