İndi sənə qədər kim varsa - itgin payızdı... - Emil RASİMOĞLU - şeir

 

Bakirə otaqların üz tutduğu adamlardısa tənhalıq,

bütün qovuşanlar ayrılmağı bacarmayanlardı...

Çünki hələ də hamı ölür,

hələ də

fəsillərin çöl tərəfidi həyat...

 

...Əllərinin bətnindən hər gün ölü doğuluram

islanmış ağaclara balıqlar aldandıqca.

Daha qorxma,

tək adamlar qarımaz ki, dostum,

çək gözlərini saatdan,

bax, qollarına bükülən küçələrə...

 

...Sən demə,

bağışlamaq da xəyanət imiş,

qadın olmaq da,

elə azadlıq da...

Qəbirlər də diş çıxartdı görüş yerimizdə

Axı şəkillərimizin arxasından başladı uzaqlar...

 

...Bağışla,

bağışla qara paltarlı kibrit dənələrini!

İndi sənə qədər kim varsa - itgin payızdı...

...Səndən o yana bir qanad göy üzü də yox,

tərk etməyə vətən də,

gecələməyə bir kirayə adam da...

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!