Mən dəli küləkdim, mən dəli tufan,
Sovurdum küçədən-küçəyə səni.
Sevdim dırnağından saçına qədər,
Ağladım sabahdan gecəyə səni.
Mən uşaq deyildim, onda bilirdim
Min dəfə günaha batır kişilər.
Sadiq qadınları cəzalandırır,
Aşiq qadınları atır kişilər.
Sinəm dar ağacı, həbs düşərgəsi,
Bitdi əsarətin, bəraət gəldi.
Vaxtında canını qurtara bildin,
Yaxşı ki, ardımca "səadət" gəldi.
Kəsdir saçlarını bu axşamçağı,
Tulla səkilərə son tumarımı.
Mən payız qadınam, xəzan qadınam,
Get, yaşa ömrünün ilk baharını.
Mən yalançı qadın, gözündən gülən,
Adamı özümə bağlamağım var.
Bunu heç kim bilmir, sən ki, bilirsən,
Gedəndə dalınca ağlamağım var.
Yaxşı ki, yuxudan ayıla bildin,
Bu mələk qadının qolları zəncir...
Bəlkə də gözündən düşmə səbəbim,
Mənim zəhlətökən sədaqətimdir.
Əhatə dairən mənim qollarım,
Bağışla, ürəyim bu ahla sevmir.
Gəl, öpüm alnından, get və xatırla;
Səni mənim qədər Allah da sevmir!
Mən sənin cavan ömrünə
Tufanla, yağışla gəldim.
İki damla göz yaşıyla,
Bir ilıq baxışla gəldim.
Mənsiz rahat, dinc ömrünü,
Uşaq tək nadinc ömrünü...
Kim qarğıdı gənc ömrünü -
Başına qarğışla gəldim.
Aşiqlik qəşəng yaraşır,
Ömrünə min rəng yaraşır.
Sənə gül-çələng yaraşır,
Ətəyimdə daşla gəldim.
Yazım iki sətir, gedim,
Ürəyimi götür, gedim.
Dur ömründən ötür gedim,
Bağışla, bağışla... gəldim...
Hərə birisini qəlbinə salır,
Hərə birisini qəlbindən atır.
Bu qız da bu tində ətir paylamır,
Növbəti ayrılıq jetonu satır.
Hamı başlığında "Vüsal" yazılan,
Ayrılıq filminin ardına baxır.
Atadan, baladan, yardan ayrılan,
Baxır, ayrılığın dadına baxır...
Küçələr, döngələr hamsı xatirə,
Adamlar itirə-itirə gəlir.
Bu qoca kişidən bir addım öndə,
O qızdan arxada xatirə gəlir.
Bəlkə də bu qızın pambıq əllərin,
Sıxan sonuncu kəs sıxır, İlahi!
O gedən oğlanın baxışlarından,
Min ildi tənhalıq baxır, İlahi!
Eynidir baxışlar, cismlər, canlar,
Geridə qoyduğu viranələri.
Gələnin dilində eyni yalanlar,
Gedənin eynidir bəhanələri.
Bu qız niyə gözəlləşib?
Görənlər əlifi çaşır.
Yanağından bahar öpür,
Saçlarında qış dolaşır.
Anlayıb ki, görüş yeri,
Ayrılıq yeri kimidir.
Kişilərin məhəbbəti,
Kəpənək ömrü kimidir.
Elə geyinir bəzənir,
Ömrün yazına tələsir.
Bütün ayrılıqlar da bu
Zalım qızına tələsir.
Bu dünyanın həsrətləri,
Onun telindən öpüblər.
Ayrılıb gedənlər hamısı
Əvvəl əlindən öpüblər.
İki damla göz yaşını,
Dünyaya satıb gediblər.
Bu qız niyə gözəlləşib? -
Onu da atıb gediblər.
***
Dedin, "En!", endim yerə,
Mələk kimi, İlahi!
Məni qəmə bürüdün,
Bələk kimi, İlahi!
Ömür nə qısa yoldu,
Ol dediklərin oldu.
Nə istədimsə, qaldı
Dilək kimi, İlahi!
Hansı sahilə atdın?
Hansı cahilə satdın?
Məni niyə yaratdın
Bəzək kimi, İlahi?
Mən səni ellərçün sevməmişdim ki,
Mən səni sevmişdim ömrüm-günümçün.
Əzizim, növbəti doğum günümdə,
Bir gözəl ayrılıq aldın mənimçün.
Elə ayrılıq ki, hər gün böyüyür,
Sığmır şəhərimin küçələrinə.
Elə ayrılıq ki, ulduza dönüb,
Səpilir Bakının gecələrinə.
Qatla barmağını, ikibir, üçbir,
Həsrətli günlərin sayı eynidir.
Başını götürüb qaçdığın yerin,
Ulduzu eynidir, Ayı eynidir.
Aldatma özünü, xoşbəxt deyilsən,
Yenə də o qəmli baxışdı, həmin.
Vallah buralar da heç dəyişməyib,
Külək də həmindi, yağış da həmin.
Məni ayrılıqla qorxudan həyat,
Mən nə alınlardan öpüb getmişəm.
Saçımın qarasın, günümün ağın,
Uzanan yollara səpib getmişəm.
Qızım üçün
Dağlar aşdım, illər keçdim,
Arzum üçün, arzum üçün.
İlahi, özünü danla
Mənim alın yazım üçün.
Kimi sözümdən söz seçdi,
Kimi qəlbimdən su içdi.
Kimi bir ömürdən keçdi,
Mənim bircə sözüm üçün.
Taleyimə girməyənlər,
Qədir-qiymət bilməyənlər,
Ürəyimi görməyənlər
Öldü qaşım-gözüm üçün.
Çox arzumu boğdum, ana,
Yollardan göz yığdım, ana,
Məni niyə doğdun, ana?
Qızım üçün?
Qızım üçün!!!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!