Sözün Lənkəran ətri - Balayar Sadiq - Nostalji poema

Salam, yaşıl gözlü yaşıl şəhərim,

Yenə yazdı,

yenə bu yazın ürəyimi yaşıl-yaşıl yazdı,

yaddaşı üşüyən küçələrdə yaddaşım azdı...

Gəncliyimin ətrini qoxlamaq istəyirəm.

Ömrün küləyi uzaqlara aparır

arzumun əli uzanmış qoxunu...

Yaddaşımda yer yoxdu dəfn edim

bu yamyaşıl qorxunu...

Şeirimin unudulmuş misrasıdır

bu xiffət qoxulu küçə...

Dəmirağac yarpaqları

                        xəfif-xəfif yelpikləyir

ürəyi getmiş xatirələrin üzünü...

Daha yoxdu Cəlalın çayxanası

çoxdan solub gəlin xatirələrin xınası...

Sözlərim hürkə-hürkə boylanır misralardan

Qabağımda şair Vaqif Hüseynovun

                        həsrətiylə buğlanır

bir stəkan çay...

Burda edam olunmuş

                        ağaclara salavat çəkirəm,

sonra həsrətimin üstündən asfalt çəkirəm...

                        gözlərimdən damcılayır

bir misra Tərlan,

bir misra Nurəddin,

bir misra Cavidan

və bir cümlə Qafar Cəfərli...

Xəyalım uzaqlarda

baxışlarım Lənkəran yağışının

                        göz yaşını silir astaca...

***

Xatirə Xatun beyti kimi

                        xatirə küçələrinə su səpir

roman-roman Məmmədhüseyn,

sonet-sonet Şəkər Aslan,

sərbəst-sərbəst İltifat Saleh...

qəzəl-qəzəl Mirhaşim,

Mirsalam...

 

Bu yamyaşıl misranın ətrini qoxla,

nəfəsi tanı -

"Ay qonşu, bu evin yiyəsi hanı?"

Torpağın yaz pıçıltısı diksindirir məni,

Bu şəhər ruhunda gəzdirir

                        Camal Yusifzadəni...

 

Burda küçələrə dağılmış misralarımın içindən

gülümsəyir

qərib-qərib Baloğlan Cəlil,

zindan-zindan Tofiq Həsənli,

əruz-əruz Oqtay Zəka,

ziya-ziya Ziyafət Əkbərli

fəsil-fəsil Əli Nasir...

 

Burnumda yaşıllığın aprel qoxusu,

Yaddaşımın küçələrinə qar yağır

üşüm-üşüm, narın-narın,

könlümü isidir kövrək misraları

                        nakam Anarın...

Yəqin bu bahar oğlunun boyunu oxşamağa

sukmuk əlləri çiçəkləyər Həbib Səfərin...

 

Allahım, Məmməd Həbibin göz yaşlarına

"Lənkəran" şeirinin misralarını sərin...

 

Bu yaşıl şəhərin söz köynəyini

terset-terset bəzədi Elşad Səfərli...

Yadımdadı, hər səhər

dənizin könlünü almağa tələsərdi

                        Nadir Müzəffər -

qəzəl dolu bir ürək,

qaya kimi sərt, uşaq kimi kövrək...

 

Xatirələrin əlindən tutub gedirəm

                                   dənizə sarı,

bax bu küçələrin birində

şeirindən tanımışdım Vəliyev Etibarı...

Şükür hələ də yerindədir dostluğu, etibarı...

 

Xəbərin oldumu,

            dostum Əzizxanlı Qardaşxan? -

Xan evindən bir misra uzaq

qətl edilmiş ağacların

göz yaşı muzeyində gördüm

Qızılbaş Əlisa Nicatı...

 

Qara asfaltın qaranlığında

                        kişnəyirdi fələyin atı...

Bir köynək sevindim,

nə yaxşı

Bir Füzuli beytindən su içib

İdrakın şahmatı...

Demə unutdum Xanəhməd Nahidi...

Bir özgə aləm idi

bu yaşıl şəhərdə gəncliyin ləzzəti, dadı...

heç unutmaq olarmı,

"yanmış budaq üstə oxuyan"

                        Ağamir Cavadı...

 

Hələ də ağaclardan boylanır

Hacıməmmədin yaşıl təbəssümü...

Nə yaxşı Əliməmmədin ürəyi

                        "Məşəl"ə dönüb,

içində

hələ də yaşayır söz mövsümü...

və nə yaxşı işıqlanır vəfadarlığın küçələri...

Nə yaxşı Elxan Sovulunun

misralarında qımışır

naringi, mandarin qoxulu

                        Lənkəran gecələri...

***

Radio dalğalarında

ilk misralarımın gülümsədiyi günün

güneyindən boylanır

Mirhafiz Bahadır doğmalığı...

 

Yadımdadı,

Sərraf Talibin "Qaynaqçı qız" şeirinin

istisi vurmuşdu məni

ocaq-ocaq, tonqal-tonqal...

Könlün çəksə, bu yaşıl şəhərin

                        mətbuat tarixini

Azad Zülaloğludan xəbər al...

 

Bu yaşıl şəhərin ürəyinin başında

söz bayrağı kimi dalğalanırdı

Şəkər Aslanın

            "Leninçi" - "Lənkəran" qəzeti...

 

Yaddaşına misra-misra daş atıram zamanın.

Adını diksindirirəm Kamal Rəhmanın...

 

"Lənkəran"ın sözü bu imzalarla

                        açmışdı qanad:

Qüdrət Qüdrət, Etibar Əhəd,

                        Xudaverdi Cavad...

Sözə ürəyini verib,

qələm-qələm olmuş qələmlər...

hələ də üşüyür saralmış

                        qəzet səhifələrində

yaşıllığını qoruyan kəlmələr...

və daha nələr... nələr...

 

Rənglərlə danışan

            Adil Əsədlinin "Naxış"ında

naxış-naxış azadlıq nəğmələrini

xalça-xalça toxuyardıq...

Həyatı böyük

            Azərbaycan eşqiylə oxuyardıq...

Dopdolu söz boxçasıydı

Dədə Qorqud səbatlı Səfər müəllim...

Elm yollarında cürətlə addımlayan

                        Yədulla Ağazadə,

Ömür ağacından

vaxtsız yıxılan

            Gülməmməd Məmmədzadə...

neçə-neçə dostlar vardı... duyğulu və sadə...

daha kimlər... kimlər...

                        mühəndislər, həkimlər...

 

Adını çəkməsəm, misralarıma

                        kölgə salar tarixin ahı,

unutmaq olarmı,

bu torpaqda söz ağacı kimi bitən

şeirləri limon qoxulu Vəlişahı...

***

Üzü "Vağzal"a sarı başını tutub

                        gedən küçələrdə

hələ də asfaltı cırmaqlayır

                        ümidimin hıçqırıqları...

Mən unutmadım,

Allah da unutmasın

3.10.1996-cı il təvəllüdlü

                        şeirimin göz yaşlarını...

 

bax, yenə neçə illər öncə

göz yaşlarımın saxı sınmasın deyə

kədərimi ütüləyən küçə

 

bir qarasaçlı şairin ağrısına

ağacların pıçıltısını sərən küçə...

bir ürəyin əzab dolu

            harayını sükutuyla dərən küçə,

adamlardan vəfalı,

            adama üzünü döndərən küçə,

Allah kimi hamını bir gözdə görən küçə...

küçə... küçə... küçə...

 

sən - küçə,

mən - küçə,

o - küçə

bir də misralarımdan utanmadan

misralarımın haqqını yeyənlərin küçəsi...

 

Ağrılarım hələ də

təzə-tər qalıb bu küçələrdə,

mənim kimi talesiz birinə

                        Tanrı əmanətitək...

 

Hələ də kirpiklərimə çırpır özünü

o gün Allahın insafını

                        daşa basan misralarım:

İndi mən özüm

sənə sarı yüyürən bir küçəyəm,

üstümə dağılıb mənim kimi talesiz şairlərin

hıçqırıq dolu misraları...

***

Yaşıl gözlu şəhərim,

sənli xatirələr heç vaxt enməz qüruba,

sənin yaddaşının,

sənin qəlbinin iki kövrək misrasıdır -

Xan nəvəsi Ağa Mirhaşım,

Xan gəlini xanım Dilruba.

 

60-ci illərdən bəri,

ruhunda  söz sehri.

Yaşar Rzayev - Lənkəranın Folkneri...

Hirkan qoruğu bacımdır,

Bəlləbur qalası qardaşım...

İnsaf ağacından yıxılmaz yaddaşım;

Bu yaşıl şəhərin gözəlliyini, ağrısını

naringi ətriylə,

limon qoxusuyla hopdurur sözə,

yazıçı Hacı Hafiz Mirzə...

Yaşıl gözlü şəhərim,

sənin yaşıllığına atılan daşlar

xəcalət təritək qalıb tarixin yaddaşında...

Həzinin heykəli qeyrət bayrağıdır

sənin torpağında, sənin daşında.

***

Hər gün əzan səsiylə

alnını ovuşdurur bu yaşıl şəhərin

ovcundakı bazar.

 

Burda üzü qibləyə durmuş dükanlar

Allaha and içir hər gün manat dilində...

 

Bir dəllək dükanında namaz qılan cavanın

üzünün işığına salavat çəkdim,

məscidin xətrinə dəyməsin...

 

Səni sevmək pulsuzdu, Allahım,

pulsuzdu...

Səni xatırlatdım, xəcalətdən bir tacirin

əlində pul susdu...

 

Yaşıllığı sevən şəhərim,

                        yaşıllığına vurulub hamı,

yaşıl-yaşıl əskinaslarından tanıyır səni

qürbət qoxulu adamlar,

küçə-küçə keçdi səndən yuxulu adamlar,

qorxulu adamlar...

 

Sən isə yaşıllığı sevdin

peyğəmbər ətrinə bələnib deyə...

Bu ətrinlə vurdular səni,

bu ətrinlə vuruldular sənə...

 

Sən cənnət quşunun

dimdiyindən düşən yamyaşıl

                        bərəkət çöpüsən...

Kimisinə əzab dolu yaşıl zəhər,

Kimisinə arzulara uzanan körpüsən...

 

Baxıram bir üzündə -

Dəmirağacı kimi qoca bir adam,

bir üzündə -

Xəzərin sahilində yaşıl bələkdə

                        uyuyan körpəsən...

 

Görəsən, göz yaşıyla dəstəmaz alanların

namazına

niyə kölgə salır minarələrin fəryadı...

Burda ki, hər ocaqda

bərəkət təknəsidir Allahın adı...

 

Mənim yamyaşıl şəhərim,

yaşıl namazım...

İzn ver, sənin iman işığında

                        bir misra yazım...

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!