Bir qorxunc oyunda ortaya çıxar şeir - Məmməd İsmayıl yazır

 

Bu, mənim Qaradağa (Çernoqoriyaya, Monteneqroya) ikinci gedişim olacaqdı. Səksəninci illərin əvvəllərində SSRİ Yazıçılar İttifaqı Xarici Əlaqələr şöbəsinin xəttilə getdiyim zaman, elə indi də qeyri-ixtiyari fikrimin qocalıq alatoranında Aşıq Ələsgərin bir bəndi sağa-sola gedişlər etməyində idi. Bu misralar aşığın 1956-cı ildə çap olunan yaşılüzlü kitabından hafizəmə ömürlük pərçimlənmiş misralardı:

Necoldu Serbiya, Çernoqoriya?!

Əl-ayaq altında itdi İtalya.

German bir bom atdı, qan oldu dərya,

Qırıldı, dünyada insan qalmadı...

Təbii ki, ilk oxuduğum vaxtlarda zamanın amansız diktəsindən yoğrulmuş bu misralardakı ölkə adlarından mənə yalnız İtaliya, ya da, hardasa, Serbiya tanış gələ bilərdi. Çernoqoriya (Qaradağ), German (Almaniya) adları isə... Ölümsüz aşıq Birinci Dünya müharibəsi zamanı Avropada, xüsusilə də, Balkanlarda baş verən amansız hadisələri cəmi  dörd misraya beləcə sığışdıra bilmişdi.

Səksəninci illərin əvvəllərində gəldiyim bu yerlər hələ Yuqoslaviya adlanırdı. Və biz Özbəkistandan, Qazaxıstandan, Gürcüstandan, Ukraynadan, sözüm ona, Ermənistandan olan, altı nəfərdən oluşan yazıçı "desant qrupu" Yuqoslaviyanın üç respublikasında -  Bosniya və Herseqovinada, Qaradağda və Serbiyada olmalıydıq. Zaman başqa zamandı. Yuqoslaviyanın da Tito adlı öz Stalini vardı... Stalinqradlar olduğu kimi, Titoqradlar da olmalıydı. Qaradağın başkəndi də Podqoriça yox, Titoqrad adlanırdı. Bosniya və Herseqovinanın paytaxtı Sarayevodan -  bəlkə dünyanın ən uzun tunellərindən keçən dəmiryol ilə Titoqrada gələcəkdik. Ondakı Titoqrad, indiki Podqoriça dağlarla əhatə olunub. Sanki yeri, göyü yaradan kişi bu yerlərin insanlarına rəhm edib əlinin mayasıyla bir sıra zirvələri yerləbir edib və beləcə, uca dağların arasında sehrli, insanların yaşaya biləcəyi bir vadi yaradıb. Podqoriça adı da bu vadidə yerləşən şəhərə elə-belə verilməyib ki?

Uzun illərin və hətta rejimlərin arxasında qalan o ilk səfərdən unudulmaq istəməyən hadisələrdən bəzilərini də yeri gəldiyindən xatırlayıb unudulmamasını istədim. İlk səfərimizdə əvvəlcədən hazırlıq görüldüyündən yerli qəzet və jurnallarda  şəkillərimiz, haqqımızda qısa məlumatlar və Qaradağ dilinə tərcümə edilmiş şeirlərimiz yer almışdı. Səfər boyu hər yerdə çox yüksək səviyyədə qarşılanırdıq. Onda yaz Qaradağ dağlarına yenicə gəlməyə başlamışdı. Gecəni şirincə bir dağ qəsəbəsində qalacaqdıq, ağacların, yenicə çiçəkləriylə gələn yaza xoş gəldin deyən zamanıydı. Səhər aprelin dördünə açılacaqdı. Amma gözümüzü açanda yenicə çiçəkləməyə başlayan ağacların üstünə qar yağdığını görüb çaşıb qalacaqdıq, qar işığı gün işığına qarışmışdı. Təəccübümüzü görən tərcüməçimiz gülüb bura Qaradağdı, onun təbiətindən hər şey gözləmək olar, deyəcəkdi. Əslində, Qaradağ dili slavyan dil qrupuna aid olduğundan danışılanları tərcüməçisiz də anlamış olacaqdıq. Qarlı yolların təmizlənmədiyinə təəccüblə baxanda tərcüməçimiz zarafatından da qalmayacaqdı - qaradağlılar yaxşı dolanırlar, bir az tənbəl olmasalar, daha da yaxşı dolanardılar, - deyəcəkdi. Bizi XIX əsrin ən önəmli Qaradağ şairi Petar II Petroviç Njeqoşun adını daşıyan zirvəyə aparacaqdılar ("Njeqoş zirvəsi" şeirim də orada yaranmağa başlayacaqdı). Aşağıda Adriatik dənizi, onun dünya şöhrətli Kotor körfəzi, yuxarıda başdan papaq salan dağlar... Amma heyif o  gözəllikdən. Dedim axı, qrupumuzda, sözüm ona, Metakse adlı bir erməni qadın da vardı. Səfər bələdçimiz hər abidənin, kilsənin önündə geniş məlumat verir və hər yeri işğal etsələr də, türklər bu yerləri ala bilməmişdilər deyirdi. Erməni xisləti burada da ortaya çıxacaqdı. Metakse bu deyilənlərdən zövq alır və gizli-aşkar şəkildə bələdçiyə mənim türk olduğumu fısıldayırdı. Yəqin ki, bu abırsız qadın kişi olsaydı, əlimdən xata çıxacaqdı. Nümayəndə heyətinin rəhbəri Ukraynanın önəmli şairlərindən olan və ədəbiyyatımızın yaxın dostu İvan Draç idi və İvan Draç Metaksenin atmacalarından cana doyduğumu və bu canadoymuşluğun da sonunda bir xata çıxara biləcəyimi hiss edib Metaksenin ağzını yummağa çalışacaqdı (əslində, o həyasız qadına cavab vermişdim, amma yox, bu cavab, sadəcə, sözlə veriləcək cavab olmamalı idi...). Axşamı doğru Njeqoş zirvəsinin yamaclarında yerləşən mübarək bir qəsəbədə, indi təəssüf ki, adını, soyadını unutduğum yaşlı bir arxitektorun qonağı olacaqdıq. Ziyafət-görüş beşmərtəbəli villanın pəncərələri Kotor körfəzinə açılan sonuncu mərtəbəsində təşkil olunmuşdu. Nə gizlədim, bu erməni qadının canfəşanlığı, ikidəbir dolaylı da olsa, mənə sataşmaları və mənim də bu erməni həyasızlığına layiqincə ürək soyudan cavab verməməyim qanımı qaraltmışdı. Çox geniş, bərəkətli süfrə açılmışdı. Sovetlər dönəminin əksər məclislərində olduğu kimi, bu məclisin tamadalığını ələ alan gürcü yazıçı Arçil Sakauridən başqası deyildi. Müxtəlif sağlıqlar deyir, anekdotlar söyləyir, dil-boğaza qoymur, məclisi şənləndirirdi. Həqiqət budur ki, əvvəlki vərdişlərimin əksinə, bəlkə də məclisin ən passiv və sakit iştirakçısı məndim. Məclisin bir yerində ev sahibi, yaşlı arxitektor üzünü mənə tutub - bəs bizim azərbaycanlı dostumuz niyə bir sağlıq demir, - deyəcəkdi. Gözləmədiyim bu qəfil çağırış məni diksindirəcək, bir az da, sözüm ona, erməni qadının acığına İ.Şıxlının bir hekayəsindən yadımda qalan bir məsəli sağlıq kimi deməyə başlayacaqdım. Yəqin oxucularımız xatırlamış olar o məsəli: Dünya dünya olmamışdan öncə torpaq, su, od, hava yol gedirmiş, vicdan da onlara qoşulur, deyirlər ki, dünya işidi, birdən bir-birimizi itirsək, necə tapışacağıq? Hər kəs öz variantını söyləyir; su - harda yaşıllıq görsəniz, məni orda axtarın, od - hardan tüstü çıxsa, bilin ki, mən ordayam, hava - qardaşlar, siz mənsiz mövcud ola bilməzsiniz, siz hardasınızsa, mən də ordyam, - deyir. Sonunda torpaq - məni də itirə bilməzsiniz, çünki hamınız mənim üstümdə qərar tutacaqsınız, o zaman vicdan sakit-sakit dilə gəlmiş: dostlar, özünüzün dediyiniz kimi, siz itirsəniz də, bir-birinizi tapacaqsınız, çalışın, məni itirməyin, itirdinizmi bir daha tapa bilməzsiniz, içək dünya malına görə vicdanını itirməyənlərin - vicdanın sağlığına, - deyəcəkdim. Yaşlı arxitektorun üzü işıqlanacaq və "bravo" - deyib sağılığımla bağlı xoş sözlər söyləyəcəkdi. İş bununla da bitməyəcəkdi, aradan bir müddət keçdikdən sonra evin xanımı işdən qayıdacaqdı, ağsaqqal arxitektor qadınını qonaqlara təqdim etməklə qalmayacaq, üzünü mənə tutub - yaşlıyam, hafizəm elə də yerində deyil, qoy azərbaycanlı dostumuz o sağlığı - tostu qadınımın yanında bir də təkrar etsin, birimiz unutsaq da, o birimiz unutmayaq, -  deyəcəkdi. Sağlığı yenidən təkrar edəcəkdim. İş bununla da bitməyəcəkdi, axşama doğru yaşlı arxitektorun gəlini də  işdən dönəcəkdi və bu dəfə də arxitektor sağlığı təkrar etməyimi ikinci dəfə də məndən xahiş edəcəkdi. Əlbəttə, mən ev sahibinin arzusunu  gəlinin iştirakilə yenidən təkrar etməli olacaqdım. Bu təklifi eşidən məclisin tamadası, gürcü Arçil Sakauri - mən bir sağlığın üç dəfə təkrarladıldığını görmədim, yoxsa Qafqazda tost birinciliyini azərbaycanlılar gürcülərdən geri alır, - deyib məclisi şənləndirəcəkdi... Əlbəttə, erməni virusunun yoluxdurmağa çalışıldığı bir məclisdə bu mənim uğurum deyildi, Azərbaycan sözünün, dünyagörüşünün, İsmayıl Şıxlı dühasının uğuru idi.

O zamankı Qaradağla bugünkü müstəqil Qaradağı müqayisə etmək doğru olmaz. Bugünkü Qaradağ, hardasa, inşaat meydançasını xatırladır. Kiçik (Hələlik, əlbəttə) təyyarə meydanından Podqoritçaya uzanan yolların hər tərəfində yenidənqurma işlərinin sürətlə getdiyini görmək sevindiricidir. Azadlıq bir başqa şeydir, görünür, hətta azad olan daş belə çiçəkləyir. Budəfəki səfərimin səbəbi,  Qaradağda  təşkil olunan Dünya şeir festivalına dəvət edilməyimlə bağlı idi. Festival Rumıniya və Qaradağ Mədəniyyət və Turizm nazirliklərinin, eləcə  də  mərkəzi ofisi Rumıniyanın Krayova şəhərində yerləşən Beynəlxalq Mixail Eminesku  və  Qaradağ Dukla Elm və Sənət Akademiyaları tərəfindən dünya ədəbiyyatının önəmli klassikləri arasında yer alan rumın Eminesku və qaradağlı Petar II Petroviç Njeqoşun şərəfinə təşkil olunmuşdu. Yeri gəlmişkən onu deyim ki, bu festival Qaradağda bir ilkdi və hər il keçiriləcəyi nəzərdə tutulur. Festivalda Yeni Zellandiya, İrlandiya, İtaliya, Ukrayna, Türkiyə, Moldova, Macarıstan, Albaniya və Kosovodan gələn şairlər iştirak edirdilər. İştirakçıların demək olar ki, hamısı əvvəlki şeir festivallarında tanış olduğum sənətkarlardı. Festivalın əsas fikir atası Qaradağ ədəbiyyatının  canlı klassiki Dukla Elm və Sənət Akademiyasının  prezidenti, akademik Sreten Petroviçlə ilk görüşümüz Podqoriçanın mərkəzində, Hilton otelində olacaqdı. Sonradan öyrənəcəkdim ki, "Tanrı bilər", "Biz dörd nəfər idik" və "Unutduğun yerdəyəm" şeirlərimi də Qaradağ dilinə Sreten Petroviç tərcümə edibmiş. Yüksək səviyyədə keçən bu görüşdən sonra məni xoş bir təsadüfün gözlədiyindən də xəbərsizdim. Bayıra çıxanda görüşdə iştirak edən xanımlardan biri mənə yaxınlaşıb əlinin işarəsilə qarşı tərəfdəki parkı göstərəcək və - orda sizin böyük şairiniz Hüseyn Cavidin büstü var, - deyəcəkdi. Və beləcə, özümü qarşıdakı parka çatdıracaq və o böyük sənətkarın ruhu qarşısında səcdədə bulunacaqdım. Böyük şairin adına layiq olmasa da, orda - Balkanlarda belə bir büstün olması, həm də H.Cavid kimi tale şairinin büstünün olması qədərin nələrə qadir olduğunun bir ayrı sübutudur.

Oxucularla ilk görüşlərimiz Podqoriçadan başlayacaq, sonra ölkənin başqa şəhərlərində davam edəcəkdi. Xüsusilə, Qaradağın ilk paytaxtı XIX Petar II Petroviç Njeqoşun vətəni Çətinədə, sonra Bar, Budva və Ulcinjeyə və Adriatik dənizi Kotor körfəzi sahil şəhərlərində keçirilən həyəcanlı görüşlər unudulmazdı.

Bizə iki rahat mikroavtobus ayrılmışdı, sərt eniş-yoxuşlu dolanbac dağ yollarını bu çağdaş mikroavtobuslarla keçmək elə də problem yaratmırdı. Macar şairi Atilla isə Slovakiyadan festivala öz maşını ilə gəlmişdi... Çətinədən Budvaya enən yollar elə Çətinə adı kimi çətin yollardı. Atilla, nədənsə, şairlər içindən məni özünə yol yoldaşı seçib maşınına dəvət edəcəkdi. Maşında rahat olacağını düşünüb razılaşacaqdım. Atilla ilə Rumıniyada keçirilən şeir festivalından tanışdım, amma, doğrusu, sonralar bir çox şeir şölənlərində birlikdə iştirak etsək də, özündənrazı kimi görünən bu macar oğlu ilə (nə də olsa, Atilla adını daşıyır axı!) tanışlığımız dostluğa çevrilməyəcəkdi.

Və, beləcə, ümumi dəstədən ayrılıb yola düşəcəkdik. Atilla maşının naviqatorunu işə salacaqdı. Amma başa düşdüyüm qədərilə naviqatorun (naviqatordakı bələdçi macar dilində məlumat verirdi) göstərdiyi yönə doğru yox, Atilla maşını dar meşə yoluna salacaqdı, neçə dəfə ölümlə burun-buruna gəldiyimizi və ayaqlarımı vərdişdən gələn bir davranışla əyləcə basdığımı saysam, sayılmazdı. Amma sükan Atillanın əlində, əyləc isə ayaqlarının altında idi. Nə isə, əsas briqadadan - mikroavtobuslarda olanlardan hardasa saat yarım əvvəl  bu təhlükəli yollardan sağ-salamat  mənzil başına çatacaqdıq. Qardaşını tanıyırsanmı, sualına yoldaş olmamışam, cavabını bilməyən yoxdu. Atilla ilə dostluğumuz o çətin yollarda başlayacaqdı. Macar-türk oğlunun şeirlərini Azərbaycan oxucularına çatdırmaq istəyi də, beləcə, o dolanbac yollarda oyanacaqdı.

Macar şairi, yazıçısı, tənqidçi, naşir Atilla F.Balaj 15 yanvar 1954-cü ildə Transilvaniyanın Tırqu Mureş şəhərində doğulmuş, 1973-1977-ci illərdə Alba Yuliya İlahiyyat kollecini, 1982-ci ildə isə Buxarest Unversitetinin Ədəbi tənqid və kitabxanaçılıq fakültəsini tamamlamışdır. 1990-cı ildən Slovakiya Respublikasında yaşayır. 1990-1991-ci illər arasında "Nar" qəzetinin baş redaktoru olmuş və eyni zamanda slovak radiosunda proqramlar hazırlamışdır (1990-1995). 1994-cü ildən AB-ART nəşriyyatını yaratmış və indiyə qədər də həmin nəşriyyatın direktorudur. Atilla F.Balaj eyni zamanda Slovakiyada çap olunan "Szaryrös K" ədəbi jurnalının baş redaktorudur. Ədəbiyyat dünyasındakı başarılarına görə bir çox beynəlxalq ədəbi mükafatlara (Madech, Lucian Blaga, Arghezi, Eminescu) layiq görülmüşdür. Slovak, macar, rumın Yazıçılar birliklərinin üzvü, macar PEN Klubunun vitse-prezidentidir. Şeir və hekayələri  ingilis, Rumıniya, çex, slovak, sloven, türk, serb, makedon, alban, ispan, Portuqaliya, hind, İsveç və fransız dillərinə tərcümə edilmişdir.

Qaradağ-Türkiyə

 

Atilla Balaj

Ölümün qohumu

Artıq nə yaşayıram,

nə də öldüm

otun diliylə öyrənirəm

qarşı çıxmağı.

iki dəfə öləcəyəm kaş ki ölüm də

mənimlə ölsə -

Ən uzun röyam mənim.

Qohumu olmaq ölümün dünyada

hələ tezdi, sevgilim.

 

Qorxunc oyun

Düşüncələrin onları ən qaba

                        qüvvətlə qavradıqları

dönən güclü duyğuların

                        yüksəklərə fırlatdığı

daha sonra sirli dərinliklərdə

                        onları əzdikləri yerdə

bu qorxunc oyunda ortaya çıxar şeir.

 

Sonsuz gözləyiş

Döşəməli yanlızlığımda

bir nəğmə kimi doğularam

qaralmış aynanı buxarla örtər səs

Surətim çıxar ortaya - baxaram

Aya

işıq ağlımı acıtıncaya qədər...

 

 

Kölgələrimiz böyümədiyi zaman

Qədəm basmalısan eşqə

Günəş kimi: geri dönmədən

oxşamalısan

titrəyən kövrək bədənini

dalğaları kimi dənizin

bir divar hörər qərarsızlığın

qəlblərimiz arasında

sevə bilirəm səni

yalnızca ağlayan göyün altında

kölgələrimiz böyümədiyi zaman...

 

Sizif xəyanət etdi

Alnımda tər damlaları

tumurcuq verir inadçılıq

başdan başlamağı neçə dəfə dilədim

tumurcuqlanan atəşli bir əllə

qovğa edəcəyəm daşla

dərimin altında işıq axır

Əzilməm önəmli deyil

bu axmaq şöhrətdən qurtarmaq üçün

harda o qaya,

o dağ harada?

Şair öldü

Şeytani dairəsi xurafənin

dalğın nəzəriyyəsi

çox uzun zaman öncə öldü şair

ölümündən öncə

etibarlı və şifrəli

tək-tək hər sözcüyü

yalnızca qəlbləri zəhərlədi

önünü kəsdi mesajın

yüksəldərək bir heykəli

bədbəxt  xoşbəxtliyə.

 

On bir

Heçlik

oturur masamızda

gözlər məni

gözlər səni

Gözləmərik biz əsla

Bir-birimizi.

 

İyirmi

Qaralmış

göydə

yalnızca dəliklərdir sözcüklər

işarətlər mənalarını

itirər

bir başlanğıc olacaq sonda...

 

İyirmi doqquz

Çöl öyrətdi mənə

Səbrilə yağışı gözləməyi

altında qumu

ayrıtmağa başlar

səssizcə.

 

Otuz üç

Aldatmaq istədin

özünü

döndüyündə

ayna belə tanımadı səni..

 

Qırx səkkiz

Şəhər çalır

gəcənin zəngini

sıxışdırılmış quşlar

beton qəfəslərdə

umidsizcə çırpırlar qanadlarını

pəncərə kənarında yığılan

hisi süpürmək için...

 

 

Qordi düyünü

Lənət olsun tələsikliyə

gec qaldım hər yerə

Müşahidə edirəm  sirləri

Mən özüm Qordi düyünü

izn verirəm qafamın yerə düşüb açılmasına

hər kim baxarsa məni görsün deyə

Əgər Tanrı sevirsə məni

nədən məni bağışlamalı?

 

Tərcümə etdi: Məmməd İSMAYIL

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!