Marafondan qələbə xəbəri
Ürəyimin səsi qoşulub saata nəsə bəstələyirlər birlikdə,
Hərdən qonşumun qışqırığı qırıq-qırıq edir simfoniyamı.
Yalnızlıq belə bir şeydi
Sinəmi döyüb sevgi
Qapımı vurub duz istəsən
Tapılmaz heç biri...
Qaçıram, tənhalıqdan, qaçıram...
Ölmədiyimin xəbərini çatdırıram sabahıma
Qaçıram tənhalıqdan qaçıram
Marafondan qələbə xəbəri gətirən əsgər kimi...
Gömgöy divar kağızında dəniz,
Dənizdə gəmi
Gəmidə qızıl saçlarını dalğalara yastıq etmək istəyən qız,
Və qağayılar qoşulub mənə
Gedirik...
Gedərik...
Ayrılığın paytaxtında sərgərdan
Sən məni anlamazsan, gözəl gözlüm,
Sonluğu olmayan kitabam sənə.
Mən nə sual kimi sualam indi,
Nə də cavab kimi cavabam sənə.
Sümüyünə düşməyən küskün havayam
Baxıb anlamadığın hansısa şəkiləm
Rənglə, boyayla yox,
Ümidsizliklə çəkilmiş şəkil…
Bənd olur insan bəzən anlamadığı adama,
Sən məni sevsən də özündən çıxa bilməzsən.
Qorxu filmindən bir kadrdır həyatım,
Gəlib yetişdiyimiz bu yolun hər tərəfi ayrılığa aparır.
Mən sərgərdan qalmağa öyrəşmişəm
ayrılıqların paytaxtında
Sən məni unut, gözəl gözlüm
Necə ki, yuxularını unudursan,
Necə ki unudursan hər yox olanı.
Və gecənin bu saatında...
Yəqin küçələrə xalça kimi sərilmiş səssizlikdən hiss edirsən,
Ya sabahı bilinməyən xəstələr,
Ya da həyatı iyirmi dörd saata sığmayanlar oyaqdı indi.
Üstünə ört yorğanı
Elə bil ki, atanın evə cibi dolu gələn günlərindən
yapışıb həyatına qaytarırsan
İtlərin hürüşməsinə qarışan bütün səsləri sənindi
Küçələrinə ölüm qaranlığı çəkilmiş küçənin
Bir-birinə qarışmış budaqlar
Ölümü salamlayan dəli qadının qarışıq saçlarına bənzəyir.
Küçənin zülmət üzünə ləkə kimi düşən
Günəş rəngi işıq
İntihar edir işıq dirəyindən.
Pəncərənin önündə ard-arda canlanır keçmişin
Atanın intiharı,
Ananın dəli olması...
Və gecənin bu saatında
Ulduz kimi bir bədən sürüşür göy üzündən.
Ac mərmilər
Dodağından qaçan təbəssümünü
Əliylə gizlədirdi
Kədərli görünürdü tökülən dişlərindən qalan boşluqlar.
Ən çox da güləndə
Qaranlıq məzarı xatırladırdı
Bəlkə nə qədər gözəl hissləri sözə çevrilmədən ölmüşdü orda.
Gözlərində gəzdirirdi
Müharibə illərinin güllələrlə deşik-deşik olmuş xatirələrini
Pencəyinin bir qolu ondan xəbərsiz
Tuturdu adamlardan,
Tuturdu ağaclardan.
Küləkdən yapışırdı,
Hərdən-hərdən sınıq bir xəyal tapıb,
Hərdən solmuş diləkdən yapışırdı.
Bəlkə ən çox onun bədəninə yaraşırdı güllə izləri,
Günün hər saatında
Həyəcan siqnalı vardı həyatında.
Sanki indi
Yenə güllələr atılacaq,
Yenə bir neçə saat əvvəl birlikdə yemək yediyi adam
Ac mərmilərə qonaqlıq verəcək bədənində.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!