Kədərin şəkli
Yorulmaq növbəti bir səhərin
və ya gecənin gəlməsini gözləməkdi.
Ümidsizliksə heç birinin olmadığını düşünmək.
Bəzən ümidlər bizi yorur,
Bəzən də biz, arzuları intihara sürükləyirik.
Bir də,
...əslində kədərin yeganə şəkli
bizə göstərdikləri klon yox,
Luver eşqiylə doğulub
Ucuz pivələrlə
kafe divarlarından asılan qadındı.
Radioda sevilməyən akademik musiqi
kasıb sevgilərinin reytiqinə bərabərdi.
Toplananların yerini dəyişdikdə
doğrudanmı cəm dəyişmir?!
Şübhə hər zaman etibarını itirmiş uşaq deyil,
şübhə bəzən də
illər öncə valideynini itirən kövrək qocadı.
"Bəzən"lərin sayı az olmasa da
hesaba gəlmiyəcək qədər deyil.
Hesaba gəlməksə işin axırına çıxmaq
ya da işinə hesab qatmaqdır.
Yəni nə az, nə çox -
aldığın sığal qədər
sevgi verməkdi, torpaq misalı.
Qəlbi qırılmış pəncərələr
Nigar İsmayılqızının əziz xatirəsinə
Sən ey pəncəsiylə qanadlanıb,
məchuldan əl uzadan dost,
gərək tələsməyəydin.
Çinarları saxladığın kimi
heç olmasa
ayaqlarının birini saxlayardın.
Axı o günəş
hələ dəyməmişdi, gülümsəməmişdi.
Xəbərin varmı,
özündən əvvəl
qəlbini qırdın pəncərələrin.
İçinə düşmüş adamlar
həyata
içinə düşmüş
pəncərələrdən baxacaq?!
Xəbərin varmı,
sadəcə baxacaq...
Gəlinlik donlu yağış da,
qar da yolunu
yenə buralardan salacaq;
Bir baxışla pəncərə olmuş insanlar
onları nə qarşılayacaq,
nə də yola salacaq...
...və
beləcə dünya
çərçivəsiz pəncərəylə dolacaq,
amma
daşmayacaq...
Dua
Əfv buyur,
mən sən olmaq istəmirəm.
Rica edirəm, məni özünə oxşatma.
Axı insanam;
bir az torpaq, su
və sairə.
Yaxud da
mən yaradılanam səndən fərqli...
Bir sözlə, təklik
mənim yox,
sənin bacardığın işdi.
Yaşamaq sözü
bəlkə də hardasa
inanmaq mənasına gəlir.
Bilmirəm.
Bax, mən
qar adamın xatirlərə dönmədiyi,
ümidin inasanla əylənmədiyi
və həmin o bəlkənin olduğu yerdə
adam kimi,
sadəcə, adam kimi
yəni, sənin yaratdığın kimi
ölmək istəyirəm!
Yorğun körpülər
Hər nə qədər zəhərli olsa belə
Sonra siqaret yandırdım
Qaranlıqlar tənha qalmasın deyə
Fəqət, bu bir məsum istəyiymiş, sən demə.
Sən demə, qaranlıqlar çoxdan quruyub qan içində
körpülər isə yorulub yellənmir daha intihar ipində.
Mən isə bir sonsuzluq qədər gecikmişəm...
Torpaqların boyu damlalardan,
güzgülərin təmizliyi isə ona baxan
tanrılardan asılıdı.
Əvvələr cansız olsa belə,
birinci şəkillər, sonra çərçivələr gəlirdilər.
İndi doğum evlərində uşaq yox, çərçivələr bələyirlər.
Bilirsiniz, dünənin ədəbi tərcüməsi xatirədir.
Xatirələr isə şirin olsa belə səhvlərə bənzəyir -
Hər zaman kədərlidi.
Demokratlar, meritokratlar,
texnokratlar, aristokratlar -
hamınız sırayla gecikmisiniz.
Çün Günəşə gedən yol qarışqa olmaqdan keçirdi.
Sizsə ayaqlarınızdan üz çevirmişdiniz
hərçənd, ayaqlarınız hər dəfə ilk sizə baxırdı.
Dadaist şeir
Bir sarışın qadın,
bir qaradinməz piano,
bir də mən.
Heç birinnən...
Yəni, nə pianonu düz-əməlli dindirdim -
hərçənd, unutsam da adını -
nə də o qadını...
Doğrusu,
sarışını uydurdum,
pianomsa əzəldən olmayıb.
Deyirlər,
zəncilərin orda da bəxti gətirməyib
yenə bəyazlar qalib gəlib...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!