Məğlub oluram, İşğal edirsən məni... - Məhəmməd Şəms Ləngərudinin şeirləri Ümid Nəccarinin tərcüməsində

 

Pis şey deyil müharibə

Pis şey deyil müharibə

Məğlub oluram

İşğal edirsən məni.

 

Yazıram elə gözəlsən ki!

Yazıram elə gözəlsən ki

Dənizə yollansın deyə

Suya dönür qayalar yollarında.

Yanında qalsınlar

və dənizin qucağına düşməsinlər deyə

sığınır qayalara qayıqlar.

Yazıram elə gözəlsən ki

Dənizin qarşısında dayanır bütün sular

Ki görsünlər sənin gəlişini

Ey axar çay,

Ver mənə barmağını

Şeirlərimin sahilinə ayaq bas!

Bilmirəm səni necə vəsf edim ki,

şeirlərimin dəftəri islansın.

Ver mənə barmağını,

Dəftərimin pillələrinə ayaq bas

İstəyirəm şeirlərimdə çiçəklər açsın

Ki hiss edəsən barmaqlarımın ucunda

alovlu saçlarını.

 

 

Darıxmaq

Darıxmaq

qara üzüm salxımıdır.

Ayaqla!

Ayaqla!

Qoy ağzı bağlı bir qabda qalsın

Sərxoş edəcək səni

bu kədər!

 

Gecə keçməkdədir

Gecə keçməkdədir

Gecə gözlərində keçməkdədir

Bir başqa yuxu məni oyadan.

Sənin varlığında tapdım

Yaranışın həqiqətini.

Sənin yanında bir səhərdir ki,

Gecələrin ağrısını unutdurur.

Qoy səhərimi sənlə açım  ki,

Yaddan çıxarsın pərişanlığımı.

 

Mənə çox rahatdır

Ki küçələri büküb yerləşdirəm çantama

Ki səndən başqa kimsə

                        duymasın yağışın səsini.

Deyəm nar ağacına

Öz əlilə narı gətirsin qapıma.

Mənə rahatdır,

Üç gün üç gecə dənsiz-susuz buraxım

Günəşi.

Və halsız gündüzü

Çəliklə Xəzərin göyündən

                        yuxarı çıxaraq görüm.

Rahatdır ki, sərçələrin cəhcəhindən

Toxuyam sənə yuxu köynəyi.

Mənə rahatdır

ümidsizliyin daşına əmr edim ki,

gəldiyi yerə qayıtsın.

Rahatdır

suların yumuşaqlığında söz söyləyim

Və qayanın ürəyini yarım.

Rahatdır

mümkünsüzləri mümkün edim

Və planet qulağıma desin ki,

bəsdir dostum!

Amma heç də rahat deyil

Ölümü anlamağım

Sən həyata "hə" dediyin zaman!

***

Mən bir yolam

Gəlmədən öncə gəlirəm,

Çatmadan öncə çatıram,

Yolların ucqarlarına baxırsan

Sənin ayağın altındayam...

***

Məndən yalnız sən qalmısan

Qanad açıram

Qanadımı göy üzünün qürubuna sürtürəm.

Gecə olur

Dünyanın qaranlığında yalqız gəzirəm

Küləkdən, qaranlıqdan qorxmadan

Məndən

Yalnız sən qalmısan

 

Gecikmisən

Qəzet köşkünün üstünə

Yağış

yağır əlifba şəklində.

Sevirəm bir neçə hərf,

Bir neçə gül tutaraq

dimdiyimdə

intizarını çəkim.

Günorta yağışı

ahəngdarlığı ilə

yağır,

yağır,

yağır...

Və sən

gecikmisən.

Çiçəklər,

tələyə düşmüş quş kimi çırpınır əlimdə.

Sən gəlməyəcəksən...

Və şeir

uçmağı sevən,

lakin qanadı olmayan

bir quşun hekayəsidir.

Bitməyəcəkdi

mənim hekayəm

 

Bitməyəcəkdi mənim hekayəm,

əgər sənin ətrin oturacaqdan qalxmasaydı,

əlimi tutmasaydı

və küçəyə aparmasaydı...

 

Yediyimiz düz-çörəyin hörmətinə

Çörəyi sən apar,

Yolun uzundur,

səbrin isə az.

Duzu mənə saxla,

istəyirəm

bu yara

həmişə təzə qalsın!

***

Söz söyləməkçün deyil əlifba

Sənin adını yazmaq üçündür...

Ədədlər...

Sənin doğum günündən öncə sıralandılar

ki doğum gününün sirrini bilsinlər.

Əllərim

səni axtarmağa yarandı.

Ağzım

sənin ağzının kəşfidir.

Ey odu kəşf edən,

Ürəyimin göyündə qar topası var,

Ki ürək verib sənin gülüşlərinə.

***

Bir nəğmə olmaq istərdim

Ki əzbərləsin məktəb uşaqları

Dəniz eşidir,

Fırtınasını arxasında gizlət

Və otların yarpaqları

Darmadağın musiqi notlarını

Mənim səsimdən yazsınlar.

 

Bir nəğmə olmaq istərdim

Ki zümzümə etsin bir bulaq

Şəlalə

Zəng və nağarayla oxusun.

 

Amma kədərli bir nəğməyəm

dəniz və qürub

toplayır uşaqlarını ki duymasınlar səsimi.

 

Notlarım bitmədən

Niyə buraxdın məni?!

 

Tərcümə etdi: Ümid Nəccari

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!