Nə zaman səni düşünsəm... - Heydər ƏRGÜLƏNİN şeirləri Dilsuzun tərcüməsində

Tanınmış türk şairi Heydər Ərgülən 1956-cı il oktyabr ayının 14-ündə Əskişəhərdə anadan olub. İxtisasca sosioloqdur. 1982-ci ildən etibarən İstanbulda nəşr olunan müxtəlif dərgi və ensiklopediyalar üçün materiallar hazırlayır. Şairliyə olan marağını belə şərh edir: "Əslində, oxucu olmaq istəyirdim. Oldum da. Çox kitab oxudum və günlərin bir günü hiss etdim ki, oxuduğum kitablardan mən də yaza bilərəm. İlk şeirim 1978-ci ildə Afşar Timuçinlə Eray Canbərkin çıxardıqları Fəlsəfə dərgisində çap olundu və o qədər bəyənildi ki, yazmamağı ağlımdan belə keçirə bilmədim. Ləqəb götürməyi xoşlayırdım. Hər şeir bir adla... bu mənə maraqlı gəlirdi... Amma kitabım çap olunanda öz adıma və soyadıma üstünlük verdim. Çünki bir kitabda onlarla ləqəb qəribə görünərdi..." Heydər Ərgülən "Ölüm bir qalmaqal", "Zərf", "Yağış cemi", "Nar", "Küçə şahzadəsi" və s. şeir kitablarının müəllifidir. Bir sıra şeir müsabiqəsinin qalibidir. Yazıları azərbaycan dilində ilk dəfə çap olunur.

 

Annə

Mən

    doğrudanmı

         səndən doğuldum,

                                  annə?

Yollar dura-dura,

dənizlər dura-dura,

ağaclar dura-dura

bir insandanmı

            doğular bir çocuq?

 

Doğrudan da,

            məni sən doğdunsa, annə,

niyə

            bu qədər sevdim

                        çiçəkləri,

niyə

            bu qədər sevdim

                        quşları,

niyə

            bu qədər sevdim

                        boynusap

                                    bənövşələri?

Nə olar,

            bir dəfə də

                        dağlar doğsun məni,

                                    annə!

Sən də

            ilıq yağış ol,

yu,

            yu yaralarımı,

buludlar dura-dura,

bulaqlar dura-dura,

irmaqlar dura-dura...

 

Yuxu kimi

Bu gecə

            bir qonaq

                        gələcək sənə,

Yorğun təbəssümdən

            tanımasan da,

sürgündə söylənmiş

            türkü kimi,

ürəyinə

            səssiz-səmirsiz

                        bir yağış çiləyəcək -

bu gecə

            yanına

                        bir qonaq gələcək...

Günün

            bir ucundan

                        həyat girir,

bir ucundan ölüm...

Biz ikisindən də yapışdıq -

öldük-dirildik,

dirildik-öldük...

 

Qorxma

            ölüm sazağından -

əllərin üşüsün,

ayaqların üşüsün,

böyür-başını

            eşqlə basdır,

üstünü sevgiylə ört -

            ürəyin üşüməsin...

Ağrıların,

            acıların,

                        nisgillərin

                                    üstündən xətt çək,

bu gecə

            yanına

                        bir qonaq gələcək...

 

Gözlərindən

            bəmbəyaz yuxu süzüləcək,

bax,

            o vaxt yanına

                        bir qonaq gələcək,

dərd çəkməyi,

            üzülməyi bacaranım -

                        qadınım mənim,

qar sazağı

            o zavallı, sadəcə,

qızınmaq istəyəcək...

Adam

İdilə

 

O şəhərə

            olduğun kimi ol

                        mənə də,

o şəhərə

            necə gedirsənsə,

                        mənə də elə gəl -

uça-uça,

            enə-enə,

                        qona-qona,

tək olduğum zaman

əl salla:

            "Əlvida, mənim kiçik adamım!"

Uşaqlıqdan

            bir şəhəri

                        necə adam etdinsə,

                                    necə sevdinsə,

məni də

            elə adam et,

                        sev!

Mənim də

            körpülərim var,

çıx üstünə,

            seyr et -

                   ürəyinin əlində qalmış

                          bir dəliqanlı görəcəksən,

dalğınmı, dalğın,

çarəsizmi, çarəsiz...

Mənim də

            gecələrim var -

sənin olsun ulduzları,

sənin olsun Ayı,

sənin olsun buludları...

Mənim də

            şəhərlərim var -

nə telefon,

            nə qapı zəngi

                        oyatsın məni,

yıxılmaqdan

            dizləri qanamış

bir velosipedli qız

            pəncərəmdən səsləsə,

                        yetər!

Mənim də

            parklarım var,

bir çəmənimdə uzan,

bir budağımdan tut,

mənim də

            yarpaqlarım var -

üstündə bahar,

üstündə günəş!

Amma,

            ən önəmlisi,

mənim

            şeirlərim var,

                        şeirlərim -

sənin

            o şəhəri sevməyinə bənzər...

 

O şəhəri qısqanıram,

            mənim elə nəyim var ki?

***

Sabah gecə

            gedəcəyəm bu şəhərdən,

yolçuyam,

            bir irmaq

                        çağırır məni.

Ürəyimdən başqa

            götürməyə yüküm yox,

havadan düşən

            quş ölüləri sayılmazsa...

 

Bu mənim üzüm,

            bu da şəhərin,

bir

            suçum varsa,

                        desin,

susqun xatirələrimdən savayı...

 

İçimdə ağrı-acı

            keçib gedirəm

çoxdan

            üzülüşdüyüm

                        bu şəhərdən.

Yorulsam da,

            bir daha minmərəm

                        qatarlarına,

kimsə

            qarşılamasın

                        vağzallarında məni.

Bu

            mənim üzüm,

                        bu da bu şəhərin,

bir suçum varsa,

            desin,

susqun xatirələrdən savayı...

 

Quşlarsız

            bir şəhər var,

                        gizli-gizli uzanan

                                    saçlarımda,

sevgidən

            xatirələrdən qalma

                        bir ovuc küləm,

uğur diləyə-diləyə

            arxamca axar

                        kiçicik çaylar -

onların duaları

            aparır məni

                        böyük irmağa...

 

Bu

            mənim üzüm,

                        bu da şəhərin,

bir suçum varsa,

            desin,

susqun xatirələrimdən savayı -

yığa bilmirəm

            qırıq aynalarından

                        xəyallarımı...

 

 

İdilə

 

Gözlərin

            buluddan

                        indicə qopubmuş kimi

ipiri,

            ipisti,

                        həm də çocuqluqdan

                                    qalma...

Sən

            ya bir şəhər olmalısan,

                        ya da bir nar,

bəlkə al-yaşıl,

bəlkə lacivərd,

bəlkə mor,

bəlkə qırmızı...

 

Hüsnün

            ruhunun yay gecəsimi, nə,

bəlkə

            çöllərə düşmüş eşq,

bəlkə dəniz,

bəlkə külək?..

 

Çocuqluğun tutmuş,

            yenə aşiq olmusan

sanki mənə,

sanki mənə,

aaa... olarmı belə şey?..

 

Eşq belə verə bilməz

            bəzi aşiqlərin yerini -

illah da ki,

            iyun ola,

                        iyun ola...

Meyl,

            həvəs tükəndimi,

                        ruh çırınçılpaq gəzər -

sirr bunda,

sirr bunda...

 

Gözlərin

            yuxudan

                        yeni ayılmış kimi -

bir az doluxsunmuş,

bir az ürkək,

bir az sözlü...

 

Hadi,

gəl,

            bir eşq bir eşqlə

                        unudulur ancaq...

 

İlhan BERK

1919-cu il

Mən

            bir xəstəxana

                        lampasının işığında

                                    dünyaya gəldim,

Yer üzü

            Birinci Dünya müharibəsinin

                        acıları içində qıvrılırdı.

Başımın üstündə

            məndil boyda

                        bir bulud vardı...

 

Bir dağın təpəsindən

            yanan şəhərləri seyr etdim,

bir köynəkdə qaçan

            insanları seyr etdim.

İlk dəfə

            top gördüm,

                        təyyarə gördüm,

anam,

bacım,

bir də mən -

            üçümüz də ayağı yalın...

Bazarlarımıza,

qapısı bağlı dükanlarımıza

                                    qar yağırdı.

 

İnsanlarımız

            dağlara qaçırdılar.

O yanğından

təkcə dənizlərmiş

            çaylarımız,

                        çeşmələrimiz

qurtara bildi.

Yandırılmış

            talanmış şəhərlərimizə

bir axşamüstü

            əsgərlərimiz gəldilər -

qursaqları bomboş...

Amma

            geri aldılar

                        nəyi vermişdiksə...

Bir-bir dağdan endik,

dünyanı tanıdım

            ilk dəfə

                        qorxudan deyil,

qürurdan ağlamağı

            öyrəndim...

Ayrıq otu

 

O

            səssiz-sədasız

                    bir ayrıq otu idi Anadoluda

                                    quraqlıqdan öncə.

Ən

            kiçik şeydən

                        hirslənərdi:

məsələn,

            bir quş uçmasın

                        Qızılırmağa sarı.

(Bir quş

            bir irmaqdan

                        nə qədər su

                                    içə bilər ki?)

Kökünə

            su sızmış kimi sevinərdi

üstündən

            bir bulud

                        keçdiyi zaman -

yox olardı dərdi,

dünyanı,

            dünyanı heç nəyə

                        dəyişmərəm deyərdi...

 

O

            səssiz sədasız

                        bir ayrıq otu idi Anadoluda

quraqlıqdan öncə,

quraqlıqdan öncə,

quraqlıqdan öncə...

 

 

Bir sahil qəhvəxanasında

 

Bilmirəm,

            çaylarımızı

                        sifariş vermişdikmi?

Üç dost

            bir qıraqda əyləşib

                        tor yamayırdıq.

Kimimiz

            türkü mızıldayır,

kimimiz

            siqaret üstünə

                        siqaret çəkirdi.

Sanki dünya durmuşdu.

Unutmuşduq özümüzü.

Bir sürü qaranquş

            keçdi pəncərənin önündən.

Bığları

            üzünə qarışmış

                        bir adam

birdən:

- Dəniz çəkildi! - dedi.

Yerimizdən qalxdıq -

            o zaman gördük

                        çəkilən dənizi...

 

Çöldə

            bir dilim

                        çörək kimi idi

                                    Göyüzü...

Güneydə bir irmaq

Bir sünbül

            böyüyürsə Türkiyədə,

sevgiylə böyüyür.

Sevgiylə böyüyür.

lavanta çiçəkləri,

            xaşxaşlar,

                        kəklik otu,

qarğıdalı,

            düyü, yulaf...

Min illərdi

            belə gördük.

Mən

            balıqlarla,

                        yosunlarla danışdım -

dünyanı görməyən qalmamış...

İndi

            güneydə

                        bir yonca böyüyürsə,

                                    məni kimi

daha gözəl

            bir həyat üçün

                        böyüyür.

Pambıqlar

            daha dümağ açılırsa,

səbəb budur!

Bir orman

            o biri ormanları

                        düşünərək böyüyür

                                    Türkiyədə.

Elə

            bir zamana

                        gəlib çatdıq ki,

indi

            bir adam

                        o biri adamdan

                                   az sevmir dünyanı.

Mən

            Amerikadakılardan,

                        İngiltərədəkilərdən

az sevmirəm

dənizləri,

            ormanları,

                        həyatı -

indi sarmaşıqlar,

            lobyalar,

                        asmalar

daha

            sıx sarılırlar

                        bir-birlərinə.

İndi

            çöllər də

                        o çöllər deyil,

indi

            dağlar da

                        o dağlar deyil -

sevmirlər yalnızlığı...

İndi

            dünyada

                        heç kim

                                    tənhalığı sevmir,

indi

            İranda

                        Misirdə,

                                    Sudanda

ormanlar

            nədən ötrü böyüdüklərini

                        bilirlər...

 

 

Hacı Bəktaş Vəli

Bir rəsmdə

            bardaş qurub,

                        oturub Hacı Bəktaş Vəli.

Evi kimidi Yerüzü.

 

Qucağına almış

            bir ceyranla bir aslanı.

Üçü də eyni şeyi düşünür kimidi.

 

Nəyi sevərdi,

            nəyi sevməzdi

                        Hacı Bəktaş Vəli?

Bilmirəm.

Amma

            həmişə açıq olurdu

                        evinin qapısı.

Üzü?

Üzü uzun və saqqalı idi.

Vird edirmiş kimi

            önümə baxardı hər zaman...

Yanında idi kainat:

yəni Yerüzü,

yəni Göyüzü,

yəni

            hər səhər salamına durduğu aləm...

 

 

Nə belə sevda gördüm,

Nə belə ayrılıqlar

 

Nə zaman səni düşünsəm,

bir ceyran su içməyə enər,

çəmən zümrüd rəngi alar.

 

Nə zaman səni düşünsəm,

bir yaşıl zeytun dənəsi,

bir mavi dəniz

alıb götürər könlümü

            kim bilir haralara...

 

Nə zaman səni düşünsəm,

gül əkərəm

            əlim dəyən hər yerə,

dən verərəm göyərçinlərə,

su səpərəm çiçəklərə,

sevərəm

            sevdiyin dağları...

 

İstanbul

 

Budur,

            qurğuşun qübbələr səhəri

                        İstanbuldasan.

Havada

            pərən-pərən düşmüş

                        buludların xışıltısı.

Qaraköy çarşısından keçən

            tramvayların şüşələrinə

                        yağış yağır.

Yenicami,

            Süleymaniyyə kürəklərini

kirli səmaya söykəmişlər -

            qımıldanmırlar heç.

Ayasofya

            əlləri ilə üzünü örtmüş,

                         sanki səssiz-səssiz ağlayır.

 

İnsanlar küçə-küçə,

            çarşı-çarşı,

                        ev-ev

çiyin-çiyinə verib dayanmışlar,

boyunları bükük,

üzləri kədərli, yorğun,

heç danışmırlar,

körpünün açılmasını gözləyirlər.

Hamısı da

            dəli kimi

                        sevir həyatı -

kimisi rəngsazdı,

            kimisi gəmidə işləyir,

Dünyada

işinə-gücünə gedən insanları

            seyr etməkdən gözəl nə ola bilər?

İri bir bulud

            dayanıb başımızın üstündə -

toxunsam,

            Sanki İstanbul ağlayacaq...

Tərcümə etdi: Dilsuz

© Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! 

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!