Bir bülbül ömrünü vursam da başa,
Bir bülbül nəğməsi oxumamışam!
***
"Eşq" sözündə səhv elədi makinaçı,
- Sən birinci deyilsən ki, - dedim - bacı!
***
Kəndimizə yollanardım quş qanadında,
Vardı çəkən həsrətimi ana adında.
Ana
Başını qaldırıb üzümə baxdı,
Gözümü gizlədim... ağlayacaqdı.
***
Gecələr yuxuda görürəm yarı,
Mənsiz də ötüşmür yar yuxuları.
***
Bu çöllərin yaraşığı - yam-yaşıl oba...
Bir də qoyun, bir də quzu, bir də xan çoban.
Ana gözləri
Üzüldü qaldı -
Bir cüt xəyaldı...
***
Qadın - əllərindən... qız - ürəyindən...
Qocalıq deyil ki, saçındakı dən!
***
Arı yuvası -
Xəyal dünyası...
***
- Çalış-çarpış, nə fayda, ömür qalır yarıda!..
- Kəpənək də fırlanır gül başına, arı da!..
Rəsul Rzanın xatirəsinə
Söz-söz, misra-misra yanıb töküldü,
Çay kimi kükrədi, gül kimi öldü.
***
Bacım Kifayətin xatirəsinə
O qəlbi saf, eşqi dərin bir gözəldi,
Gözəlliyi bədr olmamış, gözə gəldi.
***
İki sözlə bir lövhə çək -
Bənövşədə belədi ləçək.
***
Ürək olub bir gözəlin əsiri,
Nə dostu var, nə həmdəmi, nə sirri.
***
Çalışsam da görməyirəm xeyrin-barın,
Səməd Vurğun olmaq olmur, balalarım!
***
Qoymayır məni gözündən yana,
Yardımı bu qız, yoxsa ki, ana?!
***
Kəhərimin iz saldığı yollar uyuyur,
Hayandasa xatirəmi göz yaşı yuyur.
***
Misralarım qəlbimin oğlu-qızıdı,
Şeirlərim arzumun yaş kağızıdı.
***
Özündən müştəbeh adam görəndə,
Bir rəğbət oyanır özümə məndə!
***
Ağacın böhranı - çiçək, çiçəyin böhranı - bardı,
Eşqim qəlbimin böhranı, barını illər apardı.
***
Bir az ötkəm oldun, qeylü-qalın var,
Bir az yazıq oldun, sataşacaqlar.
***
Astaca sancdılar, yandı... bağırdı...
Dedilər: - Məlumdu, günahı vardır!
***
Bu balaca yanğılar xislətindi,
Bu yanğıyla şair olmaq çətindi.
Oğlum Anara
Yarı bələkdə -
Bir güldü ləkdə.
Professor
Rizvan Piriyevin xatirəsinə
Bir tikə çörəyi beş yerə bölər,
Bir tikə sevincə sevinə bilər.
***
Açılan səhər - bar-bəhərindi,
Tale - əllərin, bəxt - hünərindi.
Məhəbbət
O ağac deyil ki, qala barından,
Asıla qış boyu budaqlarından.
Ustadım Məmməd İsmayıla
Taleyi ömrünə qəmmi arıdıb,
Gülüşü elə bil göz yaşlarıdı!
***
Yaza bilməyəndə sığındım qəmə,
Yazdım... sığınmadım elə-aləmə!
***
- Yaman günlərin ömrü az...
- Ömürdən ki, uzun olmaz!
***
Sözünə qul olub dünyanı gəzdi,
Canına getsəydin, əsirgəməzdi.
Hicran
Bir ay da getdi -
"Ax-vay"da getdi.
Vüsal
Günlərin ömrü qardandı,
Arzularım bahardandı.
***
Budağa sığına bir bala sərçə,
Ötə... dinləyəsən sübh-səhərəcən.
***
Bir zəmi də bir dəndi,
Bir gün də ömürdəndi.
***
Zaman -
An...
***
Qar yağıb qaşa, bax!
Yaşa bax, başa bax!
***
Yol ver yoldaşa,
Yol tut, yollaşaq.
Müəllimim
Budaq Budaqova
Könlü-gözü arzuma, eşqimə açılan dan,
Yeridiyi yer belə inciməyibdir ondan.
İlk kitabını görməyən
Məşədi İsmayılın xatirəsinə
O arzuydu, o taledi ömrün qaynağı,
Kimsə şirin təsəlliydi, kimsə göz dağı.
***
Qucağa öyrətmə oğulu,
Qarışıqdır ömür yolu.
***
Dərələrdə sel daranır, təpələrdə al günəş,
Ömür - payız, payız -həzin,
həzinlik - xəyal günəş...
***
Bu yellər bir yel deyil, son baharın payıdır,
Bu günlər bir gün deyil,
qəmə dönüb qayıdır.
Qardaşım Tofiqin xatirəsinə
Sən məndən böyükdün boyda-buxunda,
Mən kiçik qardaşdım sənə baxanda.
Avtoportret
Oğlum oldu - təkrarım var,
ömrüm artdı dünyada;
Ölüm nədi, itim nədi -
düşməyəcək day yada!
Oğluma
Tale gün sınıb adına;
Ata sığınıb adına.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!