Vaqif Bayatlı ODƏR - Dünya söndükcə Sən görünürsən, İlahi... şeiri "1 şeir/2 rakurs" layihəsində

«Ədəbiyyat qəzeti»nin «1 ŞEİR 2 RAKURS» layihəsində Vaqif Bayatlı Odərin «Dünya söndükcə Sən görünürsən, İlahi» şeiri Nəriman Qasımoğlu və Əhməd Qəşəmoğlunun təhlilində

 

Min ildi, milyon ildi

Göylərdə ayaqyalın

Sənə sarı qaçıram,

ayaqlarım sevinir,

yolum sevinir, Allah,

Hər gün sənin göyünə

mismarlanır, dincəlir,

qolum sevinir, Allah.

 

Sevgin, ancaq sevgin var

bütün kainat boyu

qanrılan, qanı daman

qollarımın gözündə,

bəs nədən əzab gəzir

qolumu dəlib keçən

mismarların üzündə?!

 

Min ağrıyla, əzabla

Necə qıvrılır onlar,

Heç ağrı yoxdu mənə,

quş kimiyəm, İlahi,

yenə uçuram sənə,

Qolumdakı mismarlar

yalvarırlar ağrıdan,

yalvarırlar əzabdan,

Xilas elə onları,

Xilas elə, İlahi.

 

Xilas elə əzabdan

Boynumdakı kəndiri,

Altında dayandığım

Bu dar ağacını da,

xilas elə, İlahi.

 

Hər an bu göyüzünə,

həm də sənə tuşlanan,

yenidən dönə-dönə

məndən keçən gülləni

ağrılardan, əzabdan

xilas elə, İlahi.

 

Şükür, İlahi, şükür,

Min ildi, milyon ildi

Bağlayıb yollarımı

Bir-birinin ucuna,

Gəlib çatdım axırı

Sənin dar ağacına,

Kəndirin dartıldıqca

boynum dincəlir, Allah,

Boynum dincələn görüb

Tez vururlar boynumu,

Çiynim dincəlir, Allah.

 

Şükür, şükür, çox şükür,

Sən yenə göyüzündən

yerə enirsən, İlahi.

dünya gözümdə söndükcə

sən görünürsən, İlahi.

Nəriman Qasımoğlu

Eşq  elçisi

Vaqif Bayatlının bu yazısı artıq alayı bir aləmin, danışan aləmin tablosudur. Ahəngli sətirlərlə qafiyələnən sözlərin təyinatı uca gerçəkliyin məlumatını, sadəcə, şeir biçimində çatdırmaqdır. Mübarək çatdırışdır: eşitməmiz bütün kainatı yoxolmadan qoruyan ulu sevginin sədaları ilə oxşanır, gözümüz-bəsirətmiz Tanrıya açılır...

Tanrı görünürmü, yaxud görünərmi? Əlbəttə, yox! Musa peyğəmbər də bir zaman istəmişdi soydaşları imanlarında arxayınlıq tapsınlar deyə Tanrı Özünü göstərsin. Və günaha batmışdı. Tanrı qarşı yatan qara dağı dağım-dağım etmişdi. Tanrı Özünü, zatını yox, təcəllisini göstərmişdi. Və Musa bayılmışdı. Peyğəmbərlər vəhy dışındakı fəaliyyətlərində həmişə ideal görünmürlər, suç törətdikləri də olur. Yeri gəlmişkən, bunu yalnızca İsa Məsihə aid etmək mümkün deyil. Oxu (Quran) ayələri başqa peyğəmbərlərdən bəhs edəndə onların dünya həyatındakı suçlarına toxunur, İsa Məsihə dair ayrıntılarda isə bunu sadəcə istisna edir.

Qayıdıram Vaqifi oxuduğum sətirlərə.

Bəs o niyə şeirinin sonunda deyir "Sən görünürsən, İlahi"? Başqa bir şeiri də var: "İlahi yol". Həmin şeirində deyir "Allah görünməz, duyular ancaq". Haqlıdır. Birinci dediyi ilə bu dediyinin arasında ziddiyyətmi var? Əslində bir qədər dərindən incələnirsə, ziddiyyət yoxdur. "Sən görünürsən, İlahi" deyəndə, elə bilirəm, O-nun Özünü yox, işıq təcəllisini nəzərdə tutur. Çünki Vaqif Tanrını "dünya gözlərində sönəndə" görür. Hərçənd onun "Sən görünürsən, İlahi" bəyanını sanki birbaşa doğrulayan bir Oxu ayəsini (24:35) də sitat gətirə bilərlər. "Tanrı göylərlə yerin nurudur" kimi tərcümə edilən ayəni.

Elə məhz indi, yəni bu sətirləri yaza-yaza düşünürəm müqəddəs mətn bu ayədə fərqli vurğu və fasilə ilə oxunuş imkanı yaratdığına görə ifadəni Oxu məntiqinə uyğun daha doğru olardı ilahinin təcəllisini xəyal edərək belə verəsən: "Tanrı... Göylərlə yerin nuru..." Çünki məhz bu sözlərin ardınca söhbət hərfən O-nun Öz nurundan gedir və belədə daha aydın və məntiqli qavramalı olursan ki, göylərlə yerin nuru Tanrı təcəllisindən başqa bir nəsnə deyil.

Eşq olsun Vaqif Bayatlıya!

Vaxtilə Xəzər dərgisinin baş redaktoru qismində Quranın tərcüməsinə məndən ötrü vəsilə olmuş dostum indi baxıram bu yazıda da heç zaman bitməyəcək bu tərcümə prosesini təkmilləşdirməyimə vəsilə olur sanki. Və Vaqifi Oxu işığnda oxuya-oxuya düşünürəm şeir yazdığı müddətcə Tanrı nuru onunla hər zaman qolboyun olub. Bəzən isə, elə bilirəm və bəlkə inanıram gözünə görünüb. Fəqət ruhən onun da fərqindəyəm ki, ilahi nurun gözə görünməsi üçün gərək bu nurla qolboyun yox, iç-içə olasan, O-nun kənarda qalan parlaq zərrəciyi kimi qayıdasan O-na, O-nunla bütövləşəsən. Bu, elə bir ulu qarşılıqdır ki, qazanmaq üçün gərək bütün məhrumiyyətləri ilahi sınaq qəbilindən qəbul edəsən, əzab alətlərinə - fərq etməz kim olur, yaxud nə olur olsun - mərhəmət sərgiləyərək onların da keçirdiyi iztirablara yanmağı bacarasan.

Mənə elə gəlir və yenə də bəlkə inanıram, Vaqif məhz belə bir mənəvi fədakarlıq ovqatında və məqamında ikən "Dünya söndükcə sən görünürsən, İlahi" şeirindəki sətirlər onun qələmindən kağıza vəhy kanalı ilə süzülüb. Və olub Yazı! Daha doğrusu, Rəbbimizin Yazı silsiləsində saysız-hesabsız göndərdiklərindən, həm də ən oxunmalı və oxunaqlı olanlarından biri. Görünür, "Düşmənlərinizi sevin, sizə lənət oxuyanlara xeyir-dua verin, sizə nifrət edənlərə yaxşılıq edin, sizə əziyyət verib təqib edənlər üçün dua edin" - deyən İsa Məsih təlimini xristian olmayanlar üçün də zaman-zaman qüvvədə saxlamaqdan ötrü Vaqifsayağı poetik təlqinlərə ehtiyac varmış.

Vaqifin təlqinləri İsa Məsih təlimində düşmənlərə, təqibçilərə, lənətçilərə mərhəmət aşılanmasını əsaslandırmaqdan yana öncə çarmıx mismarlarının əzabını qabardır. Şeirdə sətirdən-sətrə "əzabkeşlər" dairəsinin genişləndiyini də görürük: dar ağacı, kəndirlər, düşmən güllələri... Bütün bunlar ona görə nidalanır, sədalanır və sadalanır ki, haqq olacaq o əzabların bütövlükdə İnsanlıq naminə bağışlanması üçün dua edək. Əlbəttə, hər adamın bacara bildiyi deyil. Heç insafdan da olmaz bunu əlahiddə davranış norması kimi hamıya yükləyəsən. 

Oxu-da yamanlığın yaxşılıqla dəf edilməsi hikmətinin açıqlamasında bu, yalnız ulu şəxsiyyətlərə aid özəllik kimi qeyd olunur (Oxu, 41:34-35). Vaqifin Tanrıya ünvanlı

"Qolumdakı mismarlar

yalvarırlar ağrıdan,

yalvarırlar əzabdan,

xilas elə onları.

Xilas elə, İlahi,

Xilas elə əzabdan

boynumdakı kəndiri,

altında dayandığım

bu dar ağacını da,

xilas elə, İlahi.

Hər an bu göy üzünə,

həm də sənə tuşlanan,

yenidən dönə-dönə

məndən keçən gülləni

ağrılardan, əzabdan

xilas elə, İlahi."

poetik duasında mahiyyətcə insanlara yönəlik bir dəvət də var. Dəvət mənəvi fədakarlığadır - böyüklərin, Vaqif kimi sevgi elçiliyi missiyası ilə yüklənənlərin qismətində olan fədakarlığa. Belə bir elçilik missiyasının qarşılığını Vaqif "dünya hələ gözlərində sönməmişkən" alıb: çoxları onu təkcə şair kimi yox, İnsan kimi də sevir.

Əslində "Dünya söndükcə sən görünürsən, İlahi" şeirindəki poetik nidaları İsa Məsihin sevgi təlimi ilə səsləşən müstəvidə ona görə qeyd etdim ki, vurğulamaq istədiyim mətləb daha yaxşı anlaşılsın. Hərçənd həmin sətirlərdə Məsihlə sadəcə anımsallıq yaradan vurğular öz yerində, ancaq bu qəbildən başqalarının yazdıqlarından fərqli olaraq Məsihə açıq istinad yoxdur. Heç Vaqifin "mən"ini də bu obrazda konkret görmək mümkün deyil. Çünki onun "mən"i təkcə çarmıxa çəkilən deyil, bütün zamanların cəza texnologiyaları ilə silahlanmış şərlə üz-üzə dayanan, ümumiləşən obrazdır. Bu mənada düşünürəm Vaqifin sətirlərinə teoloji dəstək aramaq istərsək, bunu Məsihin sevgi təliminin car çəkildiyi Müjdə-dən (İncil) daha çox həmin təlimin gerçəkləşməsi mexanizmini təqdim edən Oxu-da tapmaq daha asandır. Onu poeziya sələflərindən fərqləndirən teoloji özəlliyi məhz bu məqama aid edərdim.

Məsələn, ciddi tədqiqatçılar Nizamidə də, Füzulidə də, Nəsimidə də xristian teolojisinə müraciətləri rahatlıqla sezə bilərlər.

"Sirlər xəzinəsi" poemasında "Ədalətli və insaflı olmağa dair" söhbətdə Nizami  hökmdarları nəzərdə tutaraq onlara ağıllı, tədbirli, ədalətli olmağın, xalqın gözündə ucalmağın  yolunu dinlərdə ifadə edilən ilahi təlimatlara əməl etməkdə görür və deyir:

Dini sevib qorumaq sənin borcundur hər gün,

Bu yolda can qoyublar haqqsevərlər haqq üçün.

Və bu misraların ardınca peyğəmbərlər içində nümunə kimi İsa Məsihi xatırladır:

Hər kəs ki, İsa kimi duyub, sevib insanı,

İnsafı sayəsində tutub cümlə cahanı.

Müsəlmanlar İsa Məsihi Tanrı elçilərindən biri kimi qəbul edirlər və bu mənada onun şəninin islam etiqadlısı Nizami tərəfindən uca tutulmasını təbii qəbul etmək olardı. Ancaq burada söhbət "İsa kimi sevmək"dən gedir və İsa Məsihin sevgi təliminə işarə edilir ki, bunlar ənənəvi müsəlman deyil, xristian teolojisində yer alan təlqinlərlə bağlıdır.

Yaxud, Füzulinin "İsa kimi tifillikdə kamil olan" Qeysi körpə ikən dil açaraq deyir:

... Ey, cəfaçı dünya!

Bildim qəmini sənin ki, çoxdur,

Qəm çəkməyə bir hərif yoxdur.

Gəldim ki, olam qəmin hərifi,

Gəl, təcrübə eylə mən zəifi!

Hər qanda qəm ola, qılma ehmal,

Cəm' eylə, dili-həzinimə sal!

Həm ver mənə qəm yemək kəmali,

Həm aləmi qəmdən eylə xali!

Füzuli də bütün insanlığın günahlarını İsa Məsihin öz üzərinə götürməsilə dünyanın bütün qəmlərinə Qeysin sahib çıxmaq istəyi arasında paralel apararaq poetik məramını açıq-aşkar xristian teologiyası prizmasından təqdim edir.

Və bu mənada heç Nəsimi də istisna deyil:

Məsihizat ikən billah,

            nədən div olmaq istərsən?

Məgər cinnidurur əslin,

            deyilsən rəhmətə qabil?

Dostumu, ruhdaşımı sələflərindən fərqləndirən bu özəlliyin gözəlliyi fonunda sələfləri olan o ulularımız məndən ötrü poeziya, hikmət və intibah elçiləridirsə, Vaqif Bayatlı - sətirləri sadəcə şeirləşərək sevgi saçan eşq elçisidir.  "Min ildi, milyon ildi" göylərlə Yer arası cövlan edən eşq elçisi. Əslində, bəlkə də bizə məchul birisidir, əbədiyyət yolçuluğunda təkrar-təkrar bədənlənərək insanlığa zaman-zaman sevgi daddıran, insanları bir-birinə sevdirən mübarək ruhlardan biridir, indimizdə özünü sadəcə Vaqif Bayatlı qiyafəsində təqdim edir.

P.S. Qeydlərimə Vaqifin şeirləşdirdiyim portretini də əlavə edirəm:

Sən də oldun eşq elçisi,

yükün nə gözəl!

Göy üzündə süzür ruhun,

peykin nə gözəl!

 

Bu eşq alayı bir yazı,

dərgahdan gəlir avazın,

açırsan Tanrı qapısın -

ərkin nə gözəl!

 

Hey uçursan könlümə tuş,

mələklər sevgindən bihuş,

bu nə qanad, bu nə uçuş -

halın nə gözəl!

 

Qəlbindən nur qəlbilənir,

yanağında ləpələnir,

başında nur təpələnir -

halən nə gözəl!

Əhməd Qəşəmoğlu

Yolum sevinir, Allah...

Vaqifi yaxından tanıyanların hamısı bilir ki, o fərqli bir insandır.  Həm də bu fərq sirli, sehrli, işıqla dolu bir fərqdir. Söhbət etdiyi adamı daima müdrik bir aləmə, xoş ovqata, ruh yüksəkliyinə  kökləyir. Mən həmişə onunla danışanda elə bilirəm ki, onun səsi  xoş bir ovqatla hansısa okeanın sularından, göyün neçəncisə qatından süzülüb gəlir. Vaqifin şeirləri ilə yaxından tanış olanlar da bilir ki, o həm də fərqli bir  şairdir. Bu şeirlər də hansısa ənənəvi şeir formaları deyil. Hətta o şeirləri  ənənəvi şeir tələbləri ilə oxuyanda onlar adiləşə bilər. Vaqifin şeirlərini o adamlar daha çox sevir ki, onların qəlbi bir qədər o şeirlərin ovqatına köklənmiş olsun. Vaqifi yəqin ki, daha çox fərqli edən onun yüksək keyfiyyətlərə malik olan şəxsiyyəti ilə sonsuz kainata köklənən qəlb aləminin biri-biri ilə bu qədər həmahəng olmasıdır. Onu yaxından tanıyanlar bilir ki, o, yer üzündən çox öz qəlb aləmində yaşayır. Amma qəlb aləmində yaşamaqla yanaşı yer üzünün bütün qayğılarını duya-duya, bu qayğıların ağrısını çəkə-çəkə yaşayır. Yəni o öz qəlb aləmində bir zahid, guşənişin, əhli-kef insan kimi yox, böyük, ciddi, yer üzündə baş verənləri dərindən dərk edən, yer üzünə, insanlara əlindən gələn köməyi etmək istəyən bir şəxsiyyət kimi yaşayır. Ona görə də Vaqiflə ünsiyyətdə olan adam özü sanki hansısa bir sehrli aləmin möhtəşəmliyini, həmin aləmin ab- havasını duyur.

Vaqifin hər şeiri o möhtəşəm aləmdən xəbər verir. Elə, "Dünya söndükcə sən görünürsən, İlahi!" şeiri də.

Min ildi, milyon ildi

Göylərdə ayaqyalın

Sənə sarı qaçıram,

ayaqlarım sevinir,

yolum sevinir, Allah.

Elə bu bənd göstərir ki, şair yer üzünə özünün nə zaman gəlməsinə əhəmiyyət vermədən min, milyon illərdir ki  özünü kainatın bir  varlığı olan insan kimi hiss edir.  Həm də bu kainata nizam verən, bu kainatı gözəlləşdirən Allahın qüdrətini duyan bir insan kimi. Özünün əsas işini, xoşbəxtliyini Allaha doğru  getməkdə, Allahı daha yaxından duymaqda görən bir varlıq kimi. Körpə uşaqlar ayaqyalın, ayrılığına dözə bilmədikləri öz anasının, atasının yanına qaçan kimi Allaha doğru qaçan bir məsum körpə kimi. Və körpə uşağın qəlb aləminin duyduğu ki, hiss edir ki, o Allaha doğru qaçdıqca,  onu aparan yollar da sevinir, onun öz ayaqları da. O Allaha doğru qacdıqca  yollar da rahatlanır, onun öz ayaqları da. Çünki Allaha doğru qaçdıqca onun qəlbindəki nur, işıq çoxalır, bu nur yollara bir gözəllik, rahatlıq gətirir. Bu nur onun ayaqlarına qüvvət verir. Bu sözlərin arxasında insanlığın mənəvi aləminin keçib formalaşdığı bir aləm, bir tarix dayanır. Bu sözlərin arxasında qədim insanların Allaha səcdəsi, min-min əvvəlki dövrlərdə ehramlardakı kahinlərin üzünün nuru, sufilərin, təsəvvüf alimlərinin irfan dünyası dayanır. Şair o aləmlərin bir nümayəndəsi, bir daşıyıcısı, amma yeni ovqatlı, öz sözü, öz aləmi olan bir nümayəndəsi kimi görünür…

Əsl şair heç vədə şeiri fikirləşə-fikirləşə yazmır. Onun qəlb aləmi sirli bir aləmə köklənir. Həmin aləmdən sözlərin, sətirlərin özü axıb gəlir. Bu sözlər haqq dünyasından gələndə və şairin özünü də heyran edəndə ortada olan poeziya həqiqi poeziya olur. Şair yalnız müəyyən bir hal yaşayanda, mənəvi yüksəliş məqamında olanda həqiqi şeir yaranır. Bir neçə dəfə Vaqifin şeir yazdığı zamanlar kənardan müşahidə etmişəm. Bu zaman o ətrafda heç kimi görmür, öz dünyasında olur. Sifətindən sirli kölgələr, işıqlar keçir. Növbəti misralar, növbəti şeir yaranır. Amma Vaqifi əksər şairlərdən fərqli olaraq bu qeyb aləmindən gəlmiş sətirlərinə qarşı çox tələbkar olur. Qəlb aləminin ortaya qoyduğu sətirləri idrak aləminin tələbkarlığı ilə götür-qoy edir, onları dəfələrlə danışdırır müəyyən düzəlişlər edərək oxuculara təqdim üçün hazırlayır. Bütün bunlardan sonra, ata öz övladını səfərə  yola saldığı kimi, növbəti şeirinə xeyir-dua verir.

Məsələn, mən inanıram ki, bu şeirdə o:

Hər gün sənin göyünə

mismarlanır qollarım,

mismarlanır, dincəlir,

qolum sevinir, Allah -

yazanda, qəlbindən keçən duyğuları ifadə edib. Amma nədən məhz bu sözlərlə ifadə edib, heç özü də bilməyib. Amma bir qədər sonra, idrak aləmi canlanıb tələbkar bir münasibətlə bu misralara baxanda, sözlər onu qane edib. Hiss edib ki, bu sözlər onun duyğularını ifadə edib.  Qol Vaqif üçün bir rəmzdir. O bu qol ilə uça da bilir, nəsə edə də bilir. Hər gün bu qollar Allahın göyünə mismarlandıqca - bir qədər ağrı ilə də olsa, o göylərə bənd olur, rahatlıq tapır. Bəli, bu qollar adi qollar deyil. "Bütün kainat boyu qanrılan, qanı daman" bu "qolların gözündə" ancaq və ancaq Allah sevgisi var. Allahın -  bütün kainata nizam verən, bütün kainatın bir aləm kimi fəaliyyətini təmin edən çox doğma bir qüvvənin sevgisi var. Və sonra şair sual verir:

Bəs nədən əzab gəzir

qolumu dəlib keçən

mismarların üzündə?!

Amma o, həm sual veir, həm də nida işarəsi qoyur. Şairin özü rahatlandığı, "quş kimi" olduğu  halda, onun qollarındakı mismarlar "min ağrıyla, əzabla qıvrılır". Uçan qolları bəndə salan mismarlar ağrı çəkir, əzab çəkir, bu əzabdan qurtarmaq üçün yalvarırlar. Bu mismarlar şairi saxlaya bilmir, o yenə Allaha doğru uçur, Allaha tərəf çan atır. Eyni zamanda qıvrılan, inləyən mismarlara da yazığı gəlir. Şair Allaha yalvarır ki, bu mismarları əzabdan, ağrıdan xilas eləsin. Eyni zamanda şair yalvarır ki, "boynumdakı kəndiri, atında dayandığım bu dar ağacını da xilas elə, İlahi!"  Bu misraları oxuduqca onun həyatını yaxından tanıyanlar duyur ki, bu mismarlar, bu dar ağacı, bu kəndir ona uçmaqda mane olan əngəllərdir. Bu əngəllər  doğru yolda deyil. Bu əngəllər dünyanın nizamını, ahəngini pozurlar. Şairə də öz arzuları yolunda zirvələrə qalxmağa maneə olurlar. Bu manelər təkcə insanlar deyil, həm də müxtəlif başqa əngəllərdir. Amma Vaqif ürəyinin böyüklüyü ondadır ki, o Allaha yalvarmır ki, bu əngəlləri məhv elə. O Allaha yalvarır ki, sən onları bu xislətdən, bu əzabdan xilas elə. Qoy onlar da sənin yolunda olub bu dünyanın ahənginə kömək etsinlər. Şair deyir ki, dünyanın nizamını pozan belə maneələr həm də, eyni zamanda "göy üzünə, Allaha tuşlanan güllələrdir". Bu nizamı pozan güllələrin hamısı dönə-dönə onun özündən keçir...

Amma şair eyni zamanda sevinir, şükür edir ki, bu maneələr nə qədər çox olsa da, özü o maneələri aşa bilib. Min, milyon ildi Allaha doğru  gedən bu yolları o nəhayət ki, "biri-birinin ucuna bağlayıb" Allahın hüzuruna gəlib çıxa bilib. Təbii ki, o bu yolları Allahın qismət etdiyi öz əzmi, mətanəti, ilhamı ilə keçib gəlib. Bu yolu keçib gəlmək bütün şərq fəlsəfəsinin ana xəttidir. Şərqdə yaranan saysız-hesabsız kitablar, əsərlər bu yolun vacibliyindən, müqəddəsliyindən danışır. Bütün dini kitabların mənəvi qatı bu yoldan danışır. Bu yolu hər adam keçə bilməz. Bu yolu keçmək üçün Şərq düşüncəsi müxtəlif yollar fikirləşib. Amma bütün bu yolların əsas tələbi insanın daxilən təmizlənməsi, nəfsdən uzaq olması, dünyanın ahəngini artıran əməllə məşğul olmasıdır. Vaqifi yaxından tanıyanlar bilir ki, o, bu yolda övliyalardan da artıq bir məqamdadır. Ona görə də o, həqiqətən özünü Allahın hüzurunda hiss edə bilir.

Amma bütün varlıqların eyni zamanda yer üzündən getməyi də var. O da bu dünyanı tərk edəcəkdir. Amma qəlbinin yüksəkliyində tərk edəcəkdir. Allahın yanına üzüağ olaraq gedəcəkdir. Bu getmək anı yaxınlaşdıqca - Allahın özünün dar ağacının kəndiri dartıldıqca, Allah qarşısında üzü ağ olan şairin boynu dincəlir. Amma bu məqamda da şər qüvvələr məqam gəzib onun boynunu bir daha vururlar. Boynu vurulan şairin artıq bu boyundakı yükdən xilas olan çiyinləri dincəlir. Bu yer üzündəki ömrü sona yetdikcə, o can atdığı uca Allah onun yanına gəlir.  Yalnız özü ona hayan olur. Bütün bu dünya qayğıları sona yetdikcə, şair bu qayğılardan silkinib daha da arındıqca, Allahı daha aydın görməyə, duymağa başlayır:

Dünya gözümdə söndükcə

sən görünürsən, İlahi!

Bütün şeir, Allahın insana verdiyi ömrü şərəflə yaşamaq fəlsəfəsinə həsr olunub. İnsan anadan olandan özünü böyük kainatın bir zərrəsi olaraq duymalı, kainatın nizamına, ahənginə uyğun ömür sürməlidir. O hələ uşaqlıqdan elə tərbiyə olunmalıdır ki, qəlbində o kainatın - göy üzünün qüdrətini hiss etsin. Həyatı anladıqca o qüdrəti duymağa, onun nizamı ilə yaşamağa can atsın. Bu yolda nə qədər əzab-əziyyət olsa da ona dözmək, onu dəf etmək lazımdır. Elə bir əməl sahibi olmaq lazımdır ki, bu maneələrin azalmasına kömək edəsən, insanlara, yer üzünə daha çox kömək edəsən. Sən Allaha doğru ketdikcə, dünyadakı heç bir əzab sənə ağrı verə bilməz. Məhrumiyyətlərin olsa da qəlb aləmin daha zəngin olar. Ömrü daha gözəl bir qəlblə başa vura bilərsən. Doğma kainata, doğma qüdrətə daha rahatlıqla qovuşa bilərsən.

Bu deyilənlər Vaqifin bir şeiri ətrafında bir neçə söz idi. Əslində elə tək bu şeir ətrafında xeyli danışmaq olar. Təbii ki, hər oxucunun qəlbində bu şeirlə bağlı başqa fikirlər də yaranır.  Amma Vaqifin hər şeiri barədə xeyli danışmaq olar. Vaqifdə təsadüfi şeir, təsadüfi misra yoxdur. Onun şeirlərinin bir gözəlliyi də ondadır ki, bu şeirlərdə artıq olan heç nə yoxdur. Onun şeirləri ucuz pafosdan uzaqdır. Oxucu ilə hər zaman olduqca səmimi danışır. Öz qəlbindəki aləm barədə oxucu ilə sevgi ilə danışır.

Poeziyamızda insanlığın, cəmiyyətin ehtiyacı olduğu, milli ruhumuzdan doğan, mənəvi zənginliyə səsləyən nurlu bir zirvə var. Vaqif Bayatlı zirvəsi!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!