xatirəylə başlayır ölümün əlifbası… - Mətləb Ağa - şeirlər

 

 

Bax - yenə də bürküdür,

şəhərin hər qarışı...

külək də yox, biləsən,

ağaclar nə danışır...

 

Saatı da gün vurub,

tərpənir ağır-ağır...

nə vaxt yatsan, görərsən

bir sərin yağış yağır...

 

...özünü inandırıb,

yaşayarsan bax belə...

nə desələr, deyərsən:

“Bilmirəm, Allah bilər...”

 

Havanı təzələyər

arabir köhnə şəklin...

...o zaman da beləydin,

elə onda da təkdim...

 

...məndən məktub alarsan,

bu axşam tək bir sətir:

“Havalar lap çox qızır,

yenə bir şəkil gətir...”

Yağış kəsdi deyəsən,

küçələr də susdular...

işıqlar yenə bir-bir

gecəyə uduzdular...

 

…stol üstündə şəklin

düşüb üzüstə qalıb...

otaqda nəfəsindən

hələ də isti qalıb...

 

…yəqin sən də bilirsən;

üç gün, beş gün…bitəcək…

sonra eyni şey olur,

ya adam ol, ya böcək…

 

…tökülür üst-başından

sonda illərin pası…

xatirəylə başlayır

ölümün əlifbası….

 

…bu gün bağışlanarsan,

sabah əfv öyrənərsən…

o verdiyim kitabı

hərf-hərf öyrənərsən…

 Təzə xəbər - filan yox;

avqust bitdi... yay çıxır...

yenə həmindi yer-göy;

günəş batır, ay çıxır...

 

...vaxtımızı öldürür

yenə cansız saatlar...

eynidi - dəyişməyib,

familiyalar, adlar...

 

...qumlu sahildən yenə

külək hər şeyi silir...

yenə torpağa yazır

yağışlar, nəyi bilir...

 

...yenə on altı edir

dördü vuranda dördə...

eyni sözlər düzəlir

köhnə şəkilçilərdən...

 

...diksinir otağımız

hər səhər eyni səsdən...

yenə ölüm gizlənir

aldığımız nəfəsdə...

 

...sonra ya zəng vurarsan,

ya qapını döyərsən:

“Mən də dəyişməmişəm,

sən də busan” deyərsən...

Səhər səndən açılır,

gün batır sən tərəfdən...

nə yazsam, sən çıxırsan

otuz iki hərfdən...

 

...bir tək sənə yaraşır

bu yay bütün geyimlər...

nə oxusam, sən haqda;

hekayələr, şeirlər...

 

söhbətlərdə birinci

sənin adın çəkilir...

rəssamlar nə çəkirsə,

tək bir qadın çəkilir...

 

baxıram - hər yerdəsən,

sənsən bu boyda ölkə...

elə o əsən külək,

ya da bu isti bəlkə...

 

...amma bir söz demişdim,

anlamadım deyirsən:

“Bir - güzgüdə gördüyün

o qadın sən deyilsən...”

* * *

Sənə yazmışdım dünən;

şəhər yenə soyuqdu...

bir küləkdi, bir yağış;

ayrı bir kimsə yoxdu...

 

...hərdən çıxır səhərə

gecələrdən qalanlar...

bir-birinə qarışır

həqiqətlər, yalanlar...

 

...bu şəkildi, deməli

həm sənsən, həm deyilsən...

döyən olsa qapımı

bilirəm sən deyilsən...

 

...bu otağı sən heç vaxt

bu gündə görməmisən;

çünki heç vaxt sən məni

öləndə görməmisən...

***

Çöldə yağışlı hava,

evdə buz kimi külək...

indi ki, gedəcəksən,

götür bir şəklini çək...

 

...nə vardısa, topladım,

cəmi - bir xatirədi...

sevinci oldu, keçdi,

qəmi - bir xatirədi...

 

o fağır xatirə də

indi burda üşüyür...

bir üşüyüb qurtarır,

sonra bir də üşüyür...

 

...sonra bir gün dönərsən,

heç nə olmamış kimi:

“Səninçün gəlməmişəm,

hara qoyum şəklimi?”

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!