Uşaq şairi
Sən məni yaz çağı, çiçək fəslində,
Nə gözəl bir vaxtda yaratdın, Allah!
Sevgin alovluymuş, bəlkə onunçün
Od saçan Yevlaxda yaratdın, Allah!
Böyüdüm üstümə gəldi Məmmədlər,
Biri Kəlbəcərdən, gədikdən gəldi.
Biri at belində, yarlı-yasaqlı
Tovuz dağlarından - Əsrikdən gəldi.
Doluydu onların söz silahları,
Bircə çəkiləsi nərə qalırdı.
Onların dalında dağlar dururdu,
Mənimsə ümidim Kürə qalırdı.
Göydən od tökürdü Yevlax üstünə
Bir sözlə, işlərim yaman şuluqdu.
Özüm də qapqara bir oğlan idim,
Zəncilər yanımda lap muştuluqdur.
Yaman qüdrətliydi dağ şairləri,
Mənə deyirdilər: Şeirdən vaz geç.
Axı bu şairlər cənnət quşudur,
Yevlax cəhənnəmdir, get bir sənət seç.
Hələ Ramiz Rövşən, Seyran Səxavət
Sözü qayalardan qoparırdılar.
Sonra minirdilər yel atlarına,
Əngin üfüqlərə aparırdılar.
Xınalıq tərəfdən Ələkbər Salah,
Gürcüstan elindən İsa gəlmişdir.
Zəlimxan Yaqub da Kəpənəkçidən,
Buynuzdan dağ kəli Musa gəlmişdir.
Gəncədən gəlmişdir, bir sakit oğlan,
Sülh quşu, can dostu Vidadi Məmməd.
Bir söz danışanda elə bilirdin
Sənin əvəzinə çəkir xəcalət.
Hələ Məmməd Araz, o böyük ustad,
Şeir meydanında dağdı, qalaydı.
Onun yazdıqları adi söz deyil,
Təzəcə kəsilmiş Şahbuz balıydı.
Onlar dağ şairi, boran şairi,
Mən isə od yığan Aran şairi,
Sözümü qurutdu Yevlax günəşi,
Suyu buxarlandı, şöləsi qaldı.
Çox yazdım, az yazdım deyə bilmərəm,
Yüz sözün bir damla şirəsi qaldı.
Dözüb inadına bu şairlərin,
Çevrilib olmuşam yazar, sən demə.
Bir də onu gördüm qarışqa kimi
Uşaqlar daraşıb şeirlərimə.
Məni qınamasın qoy Vahid Əziz,
Bir də Ağasəfa, o dağ şairi.
Körpə sevgisindən doya bilmirəm,
Onunçün olmuşam uşaq şairi.
Qudyalçay
Bu çay üçcə hərfdən,
Nağıl düzəldib: - Şır...şır.
Min ildir bu nağılı
Sahilinə danışır.
O nağılı dinləyir,
Göydə qartal, yerdə daş.
Ağaclar şirin-şirin,
Bir-birinə əyir baş.
Bu nağıldan min nağıl,
Qoşur körpə bulaqlar.
Heyrətdən donub qalır,
Qranit qayalıqlar.
Üç səsin möcüsəsi,
Milyon ildir yaşayır.
Dağlar öz sevgisini,
Dərələrə daşıyır.
Hər səhər günəş doğur,
Hər axşam günəş yatır.
Nə çay bir az dincəlir,
Nə nağıl sona çatır.
Ömrümün payızına gəldin ilk bahar kimi
Ömrümün payızına
Gəldin ilk bahar kimi.
Göyərdim, çiçəklədim
Cavan ağaclar kimi.
Yer ilə yeksan idim,
Qoydun məni taxtıma.
Qaranlıqda nur kimi
Düşdün mənim baxtıma.
İlk görüşdən
Qələbə bayrağı qaldırmısan.
Sən mənim ürəyimi
Sevgiylə doldurmusan.
Ruhumu titrədirsən
Ən şirin avaz kimi.
Qəlbimi dindirirsən,
Kaman kimi, saz kimi.
Hardan aldın bu qədər
Xoş ətirli rəngi sən.
Elə bil ki, qarşımda,
Bir çiçək çələngisən.
O qızılı saçların
Yanağını bəzəyir.
Əllərin ağ kəpənək
Qanadına bənzəyir.
Nə gözəl bəzənmisən,
Yanaqların narıncı
Sənin hər təbəssümün,
Bir sevgi ismarıcı.
Ürəyimin sevgisi
Kirpiyində sayrışır.
Dünyanın işıqları
Gülüşündə alışır.
Ömrümün payızına
Gəldin ilk bahar kimi.
Göyərdim, çiçəklədim
Cavan ağaclar kimi.
Qarşılaşdıq çəməndə
Qarşılaşdıq çəməndə,
Rəqs elədi çiçəklər.
Elə bil çiynimizə
Qondu bütün mələklər.
Kənd evləri sığındı
Dağların qucağına.
Bülbül nəsə söylədi
Meşənin qulağına.
Gəl biz yenə görüşək
Bülbüllər ötüşəndə.
Bizim dağın kölgəsi
Sizin kəndə düşəndə.
Qırmızı geyinərsən,
Yanağının rəngində.
Çiçəyə çevrilərik
Dünyanın çələngində.
Toyumuzu eliyər.
Kür nəğməli dağ çayı.
Bu görüşdən düşəcək,
Hər kəsə sevgi payı.
Qəfil toy sədasından
Diksinəcək qayalar.
Qarapapaq qayalar,
Yaşılpencək qayalar.
Elə ki bizim kənddə
İlk sevgidən toy olar.
Ortalıqdan çıxmazlar
Milyon yaşlı qayalar.
Yanaqları öpəcək
Dağ küləyi, dağ mehi.
Sırğaya çevriləcək
Qulaqlarda sübh şehi.
Ay heyrətlə susacaq
Göyün göy dənizində.
Bizi çimizdirəcək
Ağ işıq dənizində.
Biz mirvari olarıq
Bu dənizin içində.
Dünya hələ görməyib
Sevgini bu biçimdə.
Vağzalı çalınacaq
Bulaqların dilində.
Dağ toybəyi olacaq
Zoğal çomaq əlində.
Elə ki göy üzündən
Ağ günəş boylanacaq.
Şəfəqləri dünyaya
Şabaştək paylanacaq.
Gedər...
Bu dünya bir pilləkəndir,
Kimisi dırmaşar, kedər.
Kimi yollarda büdrəyər,
Kimi də sarmaşar, gedər.
Qoy başına eşq tacını,
Göyərt sevgi ağacını.
Şəkər eylə hər acını,
Kədərin quş olar, gedər.
Bu dünyanın, naz neməti
Səni çaşdırmasın qəti.
Görən zaman bir sərvəti
Çox nadanlar çaşar, gedər.
Dünya soba, ömür dəmir,
Həmişə eyni sözü demir.
Məhəbbətlə keçən ömür,
Uca dağlar aşar, gedər.
Yağış və duman
Yağış yağır Yer üzünü
Cənnətə döndərmək üçün.
Duman qalxır sevgimizi
Allaha göndərmək üçün.
Göyqurşağı yaranır ki,
Huriləri, mələkləri,
Torpağa endirmək üçün.
Mənə atılan daş
Niyə atdın, ay naşı?
Mənə sarı o daşı?!
Bəlkə o mirvariydi?
Bəlkə bir üzük qaşı?!
Mənə atılan daşlar
Qızardı, közə döndü.
Heç kəs bilmədi o daş
Sinəmdə sözə döndü.
Mənə atılan daşdan
Evlər tikmək olardı.
Göydələn qüllələri
Min illərlə qalardı.
Niyə atdın, ay naşı?
Mənə sarı o daşı?!
Ömrün sonuncu günü
yazılmalı olan şeir
Aç qoynunu, qara torpaq,
Üzün ağ olsun, gəlirəm!
Vaxt qurtardı, oyun bitdi,
Başın sağ olsun, gəlirəm.
Günlər keçdi külək kimi,
Ucaldım çərpələng kimi.
Bir şirindil mələk kimi
Keyfin çağ olsun, gəlirəm.
Məndən sonra yaşayanlar
Qursun min-min aşiyanlar.
Eşq yükünü daşıyanlar
Yüz budaq olsun, gəlirəm.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!