Tənha bir evdə qorxular içində
ağlamağı bacarsaydım,
gözlərimi çıxarıb yeyə bilsəydim...
Sənin səsin naminə edərdim bunları,
səsin yaslı portağal ağacı;
sənin şeirin naminə edərdim bunları;
hayqırtıyla fışqıran şeirin üçün.
Bir bax,
mavi rəngə boyayırlar xəstəxanaları
sənin üçün,
sahildəki kənar məhəllələr
və məktəblər sənin üçün böyüyür, abadlaşır,
tük salırlar yaralı mələklər;
toy balıqları,
dəniz şabalıdları...
Göyə uçur
Qara tülləriylə dərzi dükanları,
qaşıq-qaşıq qanla dolur
sənin üçün.
Və ulduzlar canlarına qıyırlar,
öpüşə-öpüşə
bəmbəyaz geyinirlər.
Bir şaftalı ağacı
tülə bürünüb quş kimi səkirkən,
sən bir düyü gülüşüylə gülərkən
nəğmələr ötəndə,
nəbzin ritmini itirəndə,
dişlərin, qırtlağın,
barmaqların
bir-birinə qarışanda
necə də şirin idin sən,
mən onda məhv olurdum,
məhv olurdum mən.
Məzarlıqlar üçün
gecə səsi qısılmış zənglər arasından
nəhr kimi keçən;
nəhrlər sanki yaralı əsgər koğuşuydu -
içi adamla dolu.
Yaxınlaşan,
üstünə şığıyan nəhrlər vardı.
Gecə ağlaya-ağlaya
boğulmuş çarmıxların keçişini seyr edərkən sən,
məhv olurdum mən,
səni görə bilmirdim.
Bir bax,
ölüm nəhrinin önündə
pərişan halda ağlayırsan sən.
Dumanı, kölgəni, unutmağı
qara bir qıfla axıda bilsəydim
qatarların, gəmilərin üstünə,
gecənin sirrini açardım sənə,
sümüklərinə sarılan sarmaşıqdan
qoruyardım səni,
kifli soğan qoxusu gələn
şəhərlərdə gözləyirlər yolunu,
boğuq bir səslə
nəğmə söyləyərək
keçəsən deyə,
yaşıl qaranquşlar saçlarında yuva qururlar,
dilsiz nütfə qayıqları
arxanca üzürlər,
sümüklü böcəklər,
yelkənli gəmilər,
albalıqlar da sənə tərəf çevirir
solğun üzünü,
qanlı ağzın,
on beş gözlü başın görününcə.
Şəhərin otellərindən
yığa bilsəydim zəngli saatları,
əzik dodaqlarıyla yaz ayı
evinə necə dönəcəyini
görə bilsəydim,
yığın-yığın insanların
məlul-məhzun təntənələriylə
məzarçıların, süvarilərin,
qanlı xəritələrin,
planetlərin
evlərinə necə döndüyünü görə bilsəydim...
Uzun bıçaqlarla
dəlik-deşik olmuş
Məryəm ana təsvirlərini
sürüyə-sürüyə aparan maskalıları,
damarların, köklərin,
xəstəxanaların,
qarışqaların, su pərilərinin
evinə necə gəldiklərini görmək üçün
edərdim bunları...
İçinə qapanmış atlının
hörümçəklər arasında öldüyü bir yataq...
Tikanlar içində bir gülün,
sarıya çalan bir gəminin
küləkli bir gündə
bir körpənin evinə necə girdiklərini
görmək üçün edərdim bunları...
Mən, Olivero, Norah,
Viskente Alexandro, Delia,
Maruka, Malya, Marina,
Maria Luisa, Larko La Rubia,
Rafael Uqarte, Kotapos,
Rafael Alberti, Karlos,
Manolo Altobaquirre, Bebe,
Molinari, Rosabes, Konka Mendez
və unutduqlarım -
evinə necə gələcəyimizi
görmək üçün edərdim bunları...
Gəl ki, başına tac qoyaq,
gəl, sağlamların ən sağlamı,
gəl, kəpənək taxmış centlemen.
Sən eeey,
sonsuz, azad,
qara bir şimşək kimi parlayan insan,
madam ki, qayalıqlarda
gecəyədək qalmaq mümkünsüz,
onda öz aramızda danışaq,
gəl, həmişə birlikdə olduğumuz kimi
bu dəfə də birlikdə olaq.
Bir qanlı xəncərin bağrımıza sancıldığından
bəhs etmirsə, nəyə lazım bu şeirlər?
İnsanın ölümə hazırlandığı
bu viran künc üçün deyilsə,
nəyə yarar bu söz oyunu?!
Qiyamət günüymüş kimi
ulduzlar qəfildən səpilmiş irmağa
kasıb-kusubla dolu evlərin
pəncərələrindən...
onların evlərində
bir ölən var,
bəlkə də büroda, hansısa bir xəstəxanada
kimlərsə işlərindən oldular,
yaralarından qan damır,
acılar çəkirlər
bu məxluqlar,
hər yanda vay-şivən,
pəncərələr göz yaşıyla dolu,
eşiklər aşınmış göz yaşlarından.
Ulduzlardır axan
Ucsuz-bucaqsız nəhrdə.
Federiko, dünyanı görürsən,
yolları görürsən
daşlardan, relslərdən savayı
kimsənin qalmadığı bir küncdən,
əlvidaları görürsən
stansiyalardan...
Hər yerdə problemlər içində boğulan
Çeşid-çeşid insanlar var;
övkəlisi, ümidsizi var,
yoxsulu var,
onun-bunun çiynində
keçinmək sevdasıyla
Harami var.
Həyat budur, Federiko,
ey qoca igid,
ey qara sevdalı adam,
bu da sənə bir vəfa borcum.
Sən də çox şeyləri bilirsən indidən.
Yavaş-yavaş çox şeylər öyrənəcəksən...
Tərcümə etdi: Kənan HACI
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!