Mini sonetlər çələngi
Sevgi məktubudu sənin gözlərin, -
Mənim gözlərimə yazılıb, ömrüm.
Quran ayəsi tək hər kirpiyindən
Tanrı təbəssümü asılıb, ömrüm.
Sevgimin üzünə ağ olub saçım,
Könül bəyazlığın "çəkir altını".
Duyğular endirir öz bayrağını,
Ürək imzalamır "təslim aktını".
Unuda bilmədim, məni bağışla,
O çiçək ətirli nurlu baxışlar,
Ağlımı başımdan elə aldı ki…
II
Ağlımı başımdan elə aldı ki,
Sən demə, ağlımın yox imiş ağlı.
İndi bu ömrümün hər qarışına
Sənsizlik qoxulu adın dağılıb.
Könlümdə üşüyən tənha çiçəksən,
Bir üzün Leylidir, biri Əslidir.
Ağrılar qəlbimə yağır qar kimi,
Sinəmdə dağların çiçək fəslidir.
Söndürüb içimdə ümid közünü,
Çırpıb ürəyindən "insaf" sözünü,
Ömrümü-günümü yıxıb gedirsən.
III
Ömrümü-günümü yıxıb gedirsən,
Axır arzu-arzu gözümdən sular.
Üzümə baxmadan utanır daha,
Təsəlli köynəyi geymiş mövzular.
Arxanca yüyürür bir ayaq səsi,
Yığıb ətəyinə göz yaşlarımı.
Ta həsrət üşütməz ləpirlərini,
Sərmişəm yoluna baxışlarımı.
Arzular gözümdən yıxıldı getdi,
Ümidlər dözümdən yıxıldı getdi,
Daha yıxılmamış nəyim qaldı ki?!
IV
Daha yıxılmamış nəyim qaldı ki?!
Sonuncu arzu da bu səhər öldü.
Həsrət yerə çırpıb "eşq" kəlməsini,
Gözümün önündə hecaya böldü.
Bir az da qadındı sevginin adı,
Yaradan özü də qadındı bir az
Hər gün gözlərinin seyrinə çıxır,
Bu etdiyim dua, qıldığım namaz.
Qurumuş bulağın sözü kimiyəm,
Qaralmış ocağın közü kimiyəm,
Adımı üstündən toz kimi çırp, get.
V
Adımı üstündən toz kimi çırp, get,
Qoy adım qarışsın tozun ömrünə.
Sönən bir ocağın son qəh-qəhəsi,
Nə verər qaralmış közün ömrünə.
Gözlərim yıxıldı baxışlarından,
Boş qaldı gözündə gözümün yeri.
Bu eşqin yolları qəzaya düşdü,
Ta sənə gərək yox, dözümüm, yeri.
Dərdin dağlarını yüz yol aşmışam,
Çoxdan öz bəxtimlə vidalaşmışam,
Ta vida nəğməsi nəyə gərəkdi.
VI
Ta vida nəğməsi nəyə gərəkdi,
Gəl, "vida" sözüylə vidalaş, gedək.
Bu sevda yolları bitmir ki, ömrüm,
Ya göstər mehrini, ya dalaş, gedək.
Boğaza yığmışam "ümid" sözünü,
Daha ümidim də kəmdi ağıldan.
Tanrı bir misra da uzaq salmasın,
Bu sənli sitəmdən, sənli ağrıdan.
Nə sənə bənzəyər, nə sənə oxşar,
Hər gün qucaqlayıb boyumu oxşar,
Səndən vəfalıdır sənin həsrətin.
VII
Səndən vəfalıdır sənin həsrətin,
Baş qoyub dizinə ağlamaq olur.
Səbrim bu dünyanın qara daşıydı,
Ta qara daşın da gözləri dolur.
Səsin gülümsəyir yaz çiçəyi tək,
Ahım yelpikləyir xatirələri.
Yenə gözlərini oxumaq üçün,
Sevgi kitabı tək açdım səhəri.
Adladım ömrümü son addım kimi,
Həsrətin ən doğma bir adam kimi,
Qəlbimlə xatirə şəkili çəkdi.
VIII
Qəlbimlə xatirə şəkili çəkdi,
Qəlbimin qəlbini yıxan həsrətin.
Bu necə köynəkdi geymisən, ömrüm,
Əllərin mənimdi, yaxan - həsrətin.
Sən gedən yolların sözünü kəsdim,
Qələm doluxsundu varaqlar üstə.
Adını hər misra diksindirirəm,
Həsrətdən quruyan dodaqlar üstə.
Qələm yaxasına bir misra sancıb,
Yollar ləpir-ləpir gözünü açıb,
Arzular çatlayıb gülöyşə kimi.
IX
Arzular çatlayıb gülöyşə kimi,
Bir misra qanımın dadına gəl, bax.
Sənsizlik içində göz-gözü görmür,
Gətir əllərini gözlərimə tax.
Yaddaş ağacıdır gözümün yaşı,
Küləklər bir yarpaq çıxmaz yadından.
Hər gün misra-misra qoxlayır ürək,
Tanrı ətri gəlir sənin adından.
Könlündən könlümə eylə tamaşa,
Yaxın gəl, ruhumu bir misra oxşa,
Hərdən boynubükük bənövşə kimi...
X
Hərdən boynubükük bənövşə kimi,
Misranın üzündə varaq ağlayır.
Dili tutulubdu barmaqlarımın,
Xatirə-xatirə daraq ağlayır.
Qar yağır alnımdan keçən cığıra,
Qəlbimə vurduğun bu od üşüyür.
Barı intizarın buz bağlamasın,
Misra tək gözümdən, ömrüm, düş, yüyür...
Sevən könüllərin üşüməz xətri,
Uçmaz bu dünyadan sözümün ətri,
Misralar içində adımı qoxla.
XI
Misralar içində adımı qoxla,
Ürəyi kövrələr bəlkə əcəlin.
Təkcə mən duyuram pıçıltısını,
Həsrətin saçında titrəyən əlin.
Gözləri bomboşdu sən gedən günün,
Daha unutmağa kimsə qalmadı.
Köksümdə döyünən bu ürək deyil,
Nağılın sonunda düşən almadı...
Sökülüb sinəmdə səbrin, Allahım,
Bir misra bəri bax, bəri, Allahım,
Candan ağrı-ağrı mən sökülmüşəm.
XII
Candan ağrı-ağrı mən sökülmüşəm,
Əcəlin ovcunda qəribsər ömrüm.
Sənsizlik qoxuyan göz yaşlarıma,
Bir misra təbəssüm gəlib sər, ömrüm.
Yollar unudulmuş poçt qutusudu,
Ünvansız məktubdu ayaq izlərin.
Dinir sual-sual səssiz baxışlar,
Gəl, ver cavabını bu dənizlərin.
Uçur xatirələr göz yaşlarımda,
Əcəl xalça sərib baxışlarımda,
Bax bir, salamatam, yoxsa ölmüşəm.
XIII
Bax bir, salamatam, yoxsa ölmüşəm,
Hərdən əhvalımı əcəldən soruş.
Gəl bu ayrılığın ağrılarını,
Köksümə vurduğun xəncərdən soruş.
Adına bir rəhmət kölgəsi düşməz,
Ürəyi sevgidən xəbərsizlərin.
Gözlərim su səpir sən gedən yola,
Bəlkə gözün açdı ayaq izlərin.
Astaca alnından öp sətirlərin,
Gör halı necədir xatirələrin,
Götür öz ovcuna qəlbini yoxla.
XIV
Götür öz ovcuna qəlbini yoxla,
Gör necə döyünür daşın ürəyi.
Nə vaxtdı boylanır misralarımdan,
Bir ovuc payızın, qışın ürəyi.
Vaxtın bazarında xərclədim bu gün,
Bu sənsiz ömrümü son manat kimi.
Barı misra-misra baxışlarımı,
Saxla ürəyində amanat kimi.
Hər naxış ömürdü, hər ömür - naxış,
Bir sözsüz cümlədi hər kövrək baxış, -
Sevgi məktubudu sənin gözlərin.
XV
Sevgi məktubudu sənin gözlərin,
Ağlımı başımdan elə aldı ki...
Ömrümü-günümü yıxıb gedirsən,
Daha yıxılmamış nəyim qaldı ki?!
Adımı üstündən toz kimi çırp, get,
Ta vida nəğməsi nəyə gərəkdi.
Səndən vəfalıdır sənin həsrətin,
Qəlbimlə xatirə şəkili çəkdi.
Arzular çatlayıb gülöyşə kimi,
Hərdən boynubükük bənövşə kimi,
Misralar içində adımı qoxla.
Candan ağrı-ağrı mən sökülmüşəm,
Bax bir, salamatam, yoxsa ölmüşəm,
Götür öz ovcuna qəlbini yoxla.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!