Dağlar susur dekabrın ilk qarına... - Təvəkgül Boysunar - şeirlər

 

Əksəriyyəti üç il öncə əsgərlikdə yazılan bu şeirləri, bir müddət əvvəl heç vaxt çap etdirməməyə qərar versəm də, indi bu qərarımdan vaz keçmiş durumdayam və bunun əsas səbəbi o mətləbi anlamağımdır ki, hər hansı şairin öz yaradıcılığı boyunca yazdığı bütün şeirlər istər-istəməz onun ilham xronologiyasını və ya poetik bioqrafiyasını təşkil eləyən nəsnəyə çevrilir. Bu nəsnələrin gizlədilməsi, təkcə həmin bioqrafiyanın aydın şəkildə görünməsinə mane olmur, həm də şairin daha sonra yazacağı şeirlərini doğru duyulmaqdan məhrum edir. Məsələn, mənə elə gəlir ki, Vaqif Bayatlının 1986-ci ildə çapdan çıxmış "Unudulacaq bütün sevdalar" adlı kitabındakı bəzi sadə və sıradan şeirlər olmasaydı, elə həmin kitabda yer alan və müasir Azərbaycan poeziyasının ən gözəl nümunələri arasında anılmağa layiq olan şeirlər və misralar oxucu tərəfindən asanlıqla hiss edilməzdi. Yəni o sadə və sıradan şeirlər şairin ruhuyla tanış olmaqda oxucuya yardım göstərir, şairin düşdüyü ab-havaya girmək üçün oxucunu yavaş-yavaş buna hazırlayır və sən yavaş-yavaş yüksəlməkdə olan dalğanı hiss edə-edə, məsələn,

"...Çaylar axtardığı dənizə axmır,

Buludlar üzdüyü torpağa yağmır,

Küləklər gəzdiyi yarpağa əsmir."

- misralarına gəlib çıxdığın zaman artıq bütün duyğularınla o çayları, o buludları, o küləkləri də hiss edirsən; şairin bu misraları yazarkən bulunduğu o sehirli dünyaya sən də daxil ola bilirsən. Amma bu şeiri ondan əvvəlki bəzi sadə və sıradan şeirlərin müşayiəti olmadan təkcənə oxuyan oxucunun aldığı effekt, mənim fikrimcə, eyni olmur. (Bu sadə və sıradan şeirlərin daşıdığı funksiya kimi bir şeirin daxilindəki ilkin misralar da bəzən daha sonra gələcək misralara zəmin hazırlayır. Bu ilkin misraların sayəsində isə, həmin kitabda yer alan "Qış sevdası" adlı başqa bir şeirin kulminasiyasını daha dərindən duya bilirsən:

"...O üzdə, bu üzdə qonşu oğlanlar

Qartopu çırpırlar qızın belinə,

Yupyumru, çılçılpaq ayaqlarına.

Çırpırlar dünyanın bu get-gəlinə,

Çırpırlar taleyin saydıqlarına.")

Orxan Vəlinin bəzi sadə və sıradan şeirlərini oxumayan oxucu birdən-birə:

"Bekliyorum,

Öyle bir havada gel ki,

Vazgeçmek mümkün olmasın."

və ya

"İmkansız şey şiir yazmak,

aşıksan eğer,

ve yazmamak

aylardan Nisansa"

şeirlərinə rast gəldikdə, heç vaxt nə birinci şeirdəki "bəkləyişi", nə də ikinci şeirdəki "aprel təsvirini" hiss edə bilməz.

Füzulinin "Leyli və Məcnun"unda Məcnunun atasının ölümünü təsvir edən fəsli oxumayan oxucu, sonra birdən-birə, sanki milyon insanın taleyini bir şərab qədəhinə sığışdırırmış kimi, milyon ömrün qəmini ikicə misraya sığışdıran şairin məharətini çətin ki, duymuş olsun:

"Saqi, meyi-laləfam yoxmu?

Dözmən bu xumarə, cam yoxmu?"

Yaxud ən azı bir neçə qəzəlini oxumadan, Füzulinin, deyək ki:

"Güllər açıldı, Füzuli, yaxalar çak edibən,

Gəl tutalım meyi-məhbub ilə səhra ətəyin"

kimi çox da dərin obrazlar işlənməmiş, amma yenə də möhtəşəm olan misralarından və ya,

"Ey Füzuli, qəddimiz qıldı fələk xəm, yəni,

Vəqtdir çıxmağa dünya qapısından, əyilin."

beytindən zövq almaq olmaz. Və bu səbəbdəndir ki, indi bu yazını oxuyan oxucu, məqalənin lap əvvəlindən bəri qeyd etdiyim şeir misraları qarşısında mənimlə eyni heyrəti paylaşmır.

Seyid Əzimin qəzəllərini bütövlükdə oxumadıqda onu, Füzulinin, məsələn:

"Ey olub sultan, deyən dünyadə

                        məndən qeyri yox,

Sən səni bir cüğd (bayquş) bil,

                        dünyanı bir viranə tut"

misralarındakı bayquş və viranə bənzətməsindən yararlanıb, bu bənzətməni öz

"Zahidü məscid təmənnasın çox etmə, ey könül,

Zahidi bir cüğd bil, həm məscidi viranə tut."

misralarına köçürən bir şair kimi tanıya bilərik. Bütövlükdə oxuduqda isə yarının qara saçlarını öz sinəsinə töküb, bu mənzərəni qara parçaya bürünmüş Kəbəyə bənzədən Seyid Əzimin bu kimi çox özünəməxsusluqlarını görərik:

"Siyəh zülfü töküb üstümə yatan dəmlər,

Bəsani-Kəbə siyəhpuş olduğum gecələr."

Bütün bunları nəzərə alaraq, bir vaxtlar çap etdirməyəcəyimə qərar verdiyim bu şeirləri indi çap etdirməkdən o qədər də çəkinmirəm. Çünki əks halda, bu şeirləri, bəlkə, gələcəkdə yazılacaq daha yaxşı şeirlərdən qoparmış ola bilərəm. Yuxarıdakı şeir nümunələrindən sonra aşağıda yer alan şeirlərin "aşağılığının" daha da nəzərəçarpan görünəcəyini isə o nümunələri yazmazdan öncə də bilirdim.

Yazıq ağac, nə tez yandın bu ocaqda,

Budaqların köz oldu, toza döndü.

Bir zamanlar, bir baharlar

                        çiçək vardı üstündə,

Payızlarda sarı-sarı yarpaqların olardı,

Ağarardın, üşüyərdin qış qarları yağanda,

İslanardı budaqların ildırımlar çaxanda.

Bir zamanlar, bir zamanlar, bir zamanlar...

İndi bu yay günündəsə alov-alov yanırsan,

Küləklər ağlayıb keçir

            yanındakı yaşıl-yaşıl ağaclardan.

Bir zamanlar, bir baharlar

                        sən də belə yaşıl idin

Bir zamanlar, bir baharlar,

            bir zamanlar, bir zamanlar...

***

O qızın əllərini gecə heç kimə vermədim,

O əlləri görən olsa, görən nə deyərdilər?

Zülmət getdi, səhər oldu,

O qızın ürəyinə gecə rəngli qəhər doldu.

Yenə də qorudum onu.

Amma gəlib çatanda, hər şeyin qəfil sonu,

Şərq öz günəşin doğdu,

Bütün arzularımı "qalxın, düzülün" boğdu.

***

Biz gedirik, boş qalırsan, əsgər yataqxanası,

Sönür işıqları otaqlarının

Hamı gedir, tək qalırsan, səssiz qalırsan.

Pəncərəni açıq saxla, külək girsin içəri,

Dəhlizində dediyimiz vidalar gəzsin.

Pəncərəni açıq saxla,

Günəş girsin içəri,

Bulud girsin,

Payız girsin,

Xəzan girsin içəri.

Açıq saxla pəncərəni, sentyabr çıxıb getsin,

Getsin xatirələri o ilk günlərimizin.

Biz gedirik boş qalırsan, əsgər yataqxanası.

***

Əlimdə qan ləkəsi,

Üfüqdə dan ləkəsi.

...İtlər hürür quşların qanadına,

Dağlar susur dekabrın ilk qarına.

...Göydə bulud ləkəsi,

Qəlbdə ümid ləkəsi.

...Fərqi yoxdu ölümün çox da, yaşamaq ilə,

Bu qaranlıq daşları hər gün daşımaq ilə.

...Quşlar uçur o yana, quşlar uçur bu yana,

Keçir Ermənistana, keçir Azərbaycana.

Qar örtdü 2015-i,

Qaldı qarın altında

Bir yaz, bir payız, bir qış,

Və bir yay - yarımçıq qalmış.

Qaldı qarın altında yaşadığım bu son il,

Ötən fəsillərin imtahanları,

Sevdaları, arzuları və xəyalları.

İndi ayaqlarım keçir, qarda izlər açaraq

Ötən günlər üstündən.

 

Qar örtdü 2015-i,

Qaldı qarın altında bir yaz, bir payız, bir qış.

Və bir yay - yarımçıq qalmış.

***

Bu gecə yenə də keşikçiyəm mən

Bu dağa, bu qara,

Bu işıqlara.

Bu gün köhnə ilin son gecəsidi,

Bu gün təzə ilin gələn günüdü.

Mən görəcəm yeni ili hamıdan əvvəl

Keşiyində durarkən bu ağappaq ağacların,

Bu qar dolmuş səngərlərin,

Buludlara bürünmüş Ayın.

Mən görəcəm təzə ilin bu yerlərə gəlişini,

Bu dağlardan aşmağını,

sərhədləri keçməyini.

Və bu soyuq havada

Tutarkən silahımı donmuş barmaqlarımla

Uzaqlardan görəcəm ki,

Yeni ilin yeni taleyi

İşarır qarşıda işıqlara qarışmış

Düşmən şəhərinin qara alnından.

...Bu gecə yenə də keşikçiyəm mən,

Şəhid düşmüşlərin uca adından.

Ay gətirdi dənizlərin ilk dalğaları,

Amma sular çıxarmadı sahilə Ayı.

Onlar apardılar Ayı dənizə.

Daha qayıtmadı o yarımçıq Ay,

Üzdü dəniz üstə bütün gecəni.

Sonra bulud gəldi, örtdü üzünü,

Gedən gəmi, arxasında Ayı görmədi,

Yalquzaq ürəklər daha hürmədi...

Ay gətirdi dənizlərin ilk dalğaları.

Ay apardı dənizlərin son dalğaları.

***

Söndürülmüş nömrələrə mesajlar yazdım,

Bir cavab gəlmədi səhərə qədər.

Yazdım günlərimi, gecələrimi,

Fevral sonundakı yaz istilərin.

Yolun azıb gəlmiş yad maşınları

Geri qaytarmağı əlimdə silah.

Yazdım səngərlərə düşmüş yarpağın

Küləklər içində çırpınmağını.

Söndürülmüş nömrələrə mesajlar yazdım

Bir cavab gəlmədi səhərə qədər.

***

Novruz gəlsə, neyləyəssən,

Sərhəddə tənha məzarlıq?

Heç kəs gəlməyəcək ziyarətinə,

Gəlsələr də arabir,

Bizlər gələcəyik səngər qazmağa,

Güllələr gələcək baş daşlarına,

Mərmilər gələcək tarix yazmağa.

Qucaqla qəbirləri, tənha məzarlıq,

Yenə tək qal bu bayramda.

Axı neyləyirsən ziyarətçini?

Novruzlar gələcək hələ nə qədər,

Bayramlar olacaq dünya durduqca,

Buğdalar səməni yetirəcəklər,

Əsgərlər külüngü sənə vurduqca.

Unut səmənini, unut Novruzu,

Qucaqla qəbrini sərhəd ağzında,

Güllələr gəlməsin təki başına

Dünyanın yasəmən iyli yazında.

Çıxıb gedəcək bu maşın

                        burdan tamam uzaqlara,

Tüstüsü ardınca sürünəcək,

Qaldırdığı toz-torpaq səpiləcək yerlərə.

Hər şey, hamı onun dalınca baxacaq.

O gedəcək buralardan birdəfəlik.

Arxasında buraxaraq

Ağacları, yamacları, məni, səngərləri.

Xoşbəxt, azad bir dünyaya gedəcək.

***

Harda üz tutaram bir də səcdəyə,

Gəlsəm bu gün sənə, gəlsəm bu gecə.

...Əqrəblər saatı çalıb öldürdü,

Qalxmadım ayağa,

qalxa bilmədim,

Divardan meyiti səhərə qədər

Asılan saata baxa bilmədim.

 

Əqrəblər saatı çalıb öldürdü,

Qalxmadım ayağa,

Qalxa bilmədim,

Qapılar bağlandı, çıxa bilmədim,

Bu gecə üzünə baxa bilmədim.

***

Əllərini bu axşam mənə borc ver,

Onlara toxunum, onları tutum,

Görüm içindəki tale yolların,

Baxım o yolların döngələrinə,

Özümü axtarım o küçələrdə,

O uzaq yollarda varammı görüm.

Əllərini borc ver mənə bu axşam,

Payızdı, yağışdı, mən tək qalmışam.

Mən yaxşı bilirəm,

Yollar,

Bu yollar,

Hansı uzaqlara aparır məni,

Amma özgə yol yox çıxıb getməyə,

Özgə bir çarə yox sənə yetməyə.

***

İndi payız gələr, sonra qış gələr,

Ağaclar hər axşam bir az soyunub,

Axırda bir qarlı qış gecəsində

Ağappaq yorğanın altına girər.

Biz susarıq baxa-baxa pəncərələrdən,

Kimsə yada düşər andıqca hərdən,

Çəkilməz sevdanın havası sərdən

Biz baxarıq susa-susa pəncərələrdən.

 

19-20 yaşın şeirlərindən

***

...Ağaclardan asılan payız rəngli kəndirlər,

                        Mənimi gözləyirlər?

Məzarlıqda qazılan 20 yaşlı qəbirlər,

                        Mənimi gözləyirlər?

***

...Sizə yazmaq istədim,

amma yaza bilmədim,

Gah yazdım, pozdum,

            amma 

gah da poza bilmədim.

Sizə olan hissimi heç cür yoza bilmədim.

***

Bu gecə qar yağsın, qar yağsın yenə,

Örtsün ağacların budaqlarını,

Örtsün dənizlərin dalğalarını.

Pianonun qara dillərin örtsün,

Ömrümün sevgisiz illərin örtsün,

Yağsın, qoy bu saxta qafiyələrə,

Arzular, ümidlər, xatirələrə.

Yağsın cəhənnəmin tonqallarına,

Cənnətin kədərsiz bağçalarına.

Bu gecə qar yağsın bütün dünyaya,

Qar yağsın Günəşə, qar yağsın Aya.

***

Yaz çıxıb getmək istəmir,

Çiçəklər düşmək istəmir,

Küləklər əsmək istəmir,

Yağışlar kəsmək istəmir.                          

***

...Sən yadıma düşdün yenə

Keçən yaz yadıma düşdü.                

...İndi hər şey mənasız,

Hər şey bomboş görünür.

Kitablar tabuta oxşayır,

Nəğmələr nalələrə.

O çıxan bahar günəşi

Cəhənnəm hədəsinə.

Ağacların çiçəyində

Kəfənlərin ağlığı.

 

Sevdalar canımdan qaçır,

Səcdələr alnımdan qaçır.

 

Ümidim yox heç nəyə,

Ümidim yox heç nəyə.

İndi zəng vursam sənə,

Eşidə bilsəm səsini,

Mənə nə deyərdin, nə?

Yadıma düşdün yenə,

Amma dözürəm birtəhər.

Bu bahar da gəlib keçər,

Bu kədər də keçib gedər.

***

Yağır qışın qarları

Payız xəzəllərinə.

Üşüməyə adamlar yox, qarlı yollar üstündə.

Əsməyə yarpaqlar yox, ağacların büstündə.

Susur yorulmuş torpaq rəngsiz buludlar altda.

Susur qəmgin bağçalar küləklərin içində.

Susur, susur, susurlar

Yazda göyərçin qonan,

Qışda tüstülər donan

Hündür, ağ damlı evlər.

Çovğunlar içrə yanan,

Yollar üstdə dayanan,

Küləklər söndürməyən,

Maşınlar dindirməyən

İşıq saçan dirəklər.

Danışan bircə Allah,

Onun ağ buludları,

Onun son ümidləri,

Onun kövrələn gözü

Və qar tökən göy üzü,

Və qar tökən göy üzü.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!